Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qaydasız döyüşlər qadağan ediləcək

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev yanvarın 2-nə keçən gecə ölkədə qaydasız döyüşlərin qadağan edilməsi təşəbbüsü ilə çıxış edib.

O, bu barədə Facebook səhifəsində canlı yayımda məlumat verib.

Taşiyevin sözlərinə görə, MMA gənclərə və cəmiyyətə mənfi təsir göstərən “döyüş növü” olduğundan idman sayıla bilməz.

“Gücünüz varsa, Olimpiadada iştirak edin. Bu döyüşlər gənclərdə uğurun güc və aqressiya ilə əldə oluna biləcəyi barədə yanlış təsəvvür yaradır. Amma bu doğru deyil. Biz təhsilə, elmə arxalanmalıyıq”, - deyə o qeyd edib.

Taşiyev döyüş sənəti ilə məşğul olan idmançıların olimpiya idman növlərinə keçməsini də təklif edib. O vurğulayıb ki, hətta dini nöqteyi-nəzərdən belə hərəkətlər yolverilməzdir, çünki “bir-birini döymək və şikəst etmək düzgün deyil”.

Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri idman təşkilatlarını Qırğızıstanda milli dəyərlərə əsaslanaraq qaydasız döyüşlərin keçirilməsini məhdudlaşdırmaq üçün tədbirlər görməyə çağırıb.

“Biz sağlam cəmiyyət formalaşdırmalıyıq ki, burada aqressiya deyil, elm və mədəniyyətin inkişafına önəm verilir”.