Beşdən üçü AÇ-nin yarımfinalında
Bu gün Bratislavada (Slovakiya) idman güləşi üzrə kişi və qadınlar arasında Avropa çempionatına start verilib. Sərbəst güləşçilərin mübarizəsi ilə başlayan çempionatın ilk günü çəkisi 57, 65, 70, 79 və 97 kq olan pəhləvanlar döşək üzərinə çıxıblar. Bu çəkilərdə olan Azərbaycan güləşçiləri də mübarizəyə qatılıb. Təmsilçilərimizdən üçü artıq yarımfinala yüksəlib. İkisi isə mübarizəni erkən dayandırıb.
Qeyd edək ki, təmsilçilərimizdən İslam Bazarqanov (57 kq) 1/4-də Türkiyə təmsilçisini 8:1 hesabla üstələyərək yarımfinala yüksəlib. Burada isə o, UWW təmsilçisi Naçın Monquşla üzləşəcək.
65 kq-da çıxış edən Əli Rəhimzadə əvvəlcə belçikalı rəqibini 7:2, ardından almaniyalı Niko Meqerleni 10:0 hesabla üstələyərək 1/2-ə yüksəlib. Bu mərhələdə isə o, fransalı Xamzat Arsamerzuoevlə üzləşəcək.
70 kq çəki dərəcəsində döşək üzərinə çıxan Kənan Heybətov da iki görüşünü dalbadal udaraq yarımfinala yüksəlib. Kənan burada David Bayevlə (UWW) qarşılaşacaq.
Təəssüflər olsun ki, bedliyimizdə yer alan Orqan Abbasov (79 kq) ikinci, Abubəkr Abakarov (97 kq) isə ilk görüşdəcə büdrəyərək mübarizəni erkən dayandırıb.
Yarış davam edir.
İNTİQAM Məmmədov