Kamera və Orqan Musiqisi Zalında “Üç gözəlin bir arzusu”
30 dekabr tarixində saat 19:00-da Kamera və Orqan Musiqisi Zalında “Üç gözəlin bir arzusu” adlı klassik musiqi və poeziya ilə zəngin sehrli bir gecə keçirildi. Musiqili gecədə Respublika və beynəlxalq müsabiqələr laureatları Gülsüm Xəlilova (soprano, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu) və Nazxanım Dadaşova (piano, P.Çaykovski adına Moskva Konservatoriyasının məzunu, Prezident təqaüdçüsü) dinləyicilər qarşısında çıxış etdilər. Ədəbi hissəni şairə, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir çox incəsənət layihələrinin müəllifi Ülviyyə Axundova təqdim etdi. Proqrama Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının əsərləri daxil idi. Gecənin kulminasiya anı isə Fərhad Bədəlbəylinin “Ave Maria” əsərinin ifası oldu. Kompozisiya 2024-cü il dekabrın 25-də baş verən təyyarə qəzasında həyatını itirənlərin xatirəsinə həsr olunaraq, bir dəqiqəlik sükutla tamamlandı. Layihənin yaradıcıları prodüser və rejissor Əjdar Ulduz, PR və marketinq meneceri Kamilə Rəhimlidir.
AZpress.AZ,Minə Türksoy.