Güləşçimiz erməni rəqibinə qalib gələrək Avropa çempionatının finalına yüksəlib
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Bratislavada (Slovakiya) keçirilən Avropa çempionatında finala yüksəlib.
Əzizli yarımfinalda Ermənistan təmsilçisi Manvel Xaçatryanı 5:1 hesabı ilə məğlub edib.
Murad Məmmədov (63 kq) yarımfinalda türkiyəli güləşçi Kərəm Kamala, İslam Abbasov (87 kq) isə bolqarıstanlı Semyon Novikova uduzub.
Sənan Süleymanov (77 kq) 1/8 finalda türkiyəli güləşçi Əhməd Yılmaza, 1/4 finalda isə Beka Kandelaki (130 kq) digər türkiyəli güləşçi Həmzə Bakirə məğlub olub.
Qeyd edək ki, bundan əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanmışdılar. Sərbəst güləş üzrə Azərbaycan yığması komanda hesabında Avropa çempionu olub.
Güləş üzrə qitə birinciliyinə aprelin 13-də yekun vurulacaq.