Jalə Əliyeva Avropa çempionatında üçüncü olub
Slovakiyanın paytaxtı Bratislavada kişi və qadın güləşçilər arasında keçirilən idman güləşi üzrə Avropa çempionatı davam edir. Çempionatın 11 aprel gününə təsadüf edən 5-ci günü Azərbaycan komandasının aktivinə daha bir bürünc medal yazılıb. Medalın sahibi isə qadın millimizin üzvü Jalə Əliyeva (57 kq) olub. O, üçüncü yer uğrunda görüşdə fransali Cenna Xemieni üstələyib - 10:3. Bununla da qadın millimiz qitə çempionatını cəmi bir bürünc medalla başa vurub.
AÇ-nin beşinci günü klassiklərin yarışına start verilib. İlk gündə 5 təmsilçimiz mübarizəyə qatılıb ki, onlardan da biri - 55 kq-da güləşən ikiqat Avropa çempionu Eldəniz Əzizli finala yüksəlib.
İkisi yarımfinalda mübarizəni dayandırıb ki, onlar da aprelin 12-də bürünc medal uğrunda görüşə çıxacaq. Söhbət Avropa çempionu Murad Məmmədov (63 kq) və İslam Abbasovdan (87 kq) gedir.
Daha ikisi - sabiq Avropa çempionu Sənan Süleymanov (77 kq) və ən ağırimiz olan Bela Kandelaki (130 kq) isə mübarizəni erkən dayandırıb.
Xatırladaq ki, çempionatın ilk üç günündə sərbəst güləşçilər mübarizə aparıblar. Bu növdə Azərbaycan millisi 6(1-1-4) medalla komanda hesabında Avropanın birincisi olub.
İNTİQAM Məmmədov