Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Çingiz Sultansoy: 

TANIŞ OLUN - AzadlıqRadiosunun rəhbəri İLKİN MƏMMƏDOV

Şəkildə gördüyünüz AR Azərbaycan Xidmətinin rəhbəri İlkin Məmmədovdur - son zamanlar mediada, sosial şəbəkələrdə ara-sıra adı hallanan, üzügülər bir jurnalist, nüfuzlu media rəhbəri, ziyalı.

Məmmədov ABŞ Konqresinin maliyyələşdirdiyi, illik büdcəsi 1,5-1,8 milyon dollara çatan, - məsələ pulda deyil, - həqiqətən nüfuzlu bir qurumunun rəhbəridir. Amma adamın xoş təbəssümünə, ziyalı görkəminə aldanmağa dəyməz. O Azadlıq Radiosunu qərb menecmenti qanun-qaydalarıyla yox, yaxşı tanıdığımız yerli məmur üsullarıyla idarə edir, tabeçiliyindəkilərlə bəzən əyalət bazarkomu, əsl bazaroğlu kimi nəinki sayğısız, hətta söyüşlə, hədəylə də danışır. Amma adamın əsas bacarığı, istedadı söyüş deyil, təhqir, aşağılamaq, kinayəli, iynəli sözlərdir. Adam tabeçiliyində olanları iynələməkdən, qanını qaraltmaqdan sanki sadist kimi zövq alır...

Bu səbəbdən Azadlıq Radiosunun Praqada və Bakıdakı əməkdaşları işdən çıxıb gedir, qalanlar daimi əsəb, gərginlik, stress işində yaşayır, qadınlar ağlayır, kişilər içkiyə ya siqaretə güc verir, xəstəlik tapır, amma dözürlər. Neyləsinlər? Getməyə yer olsaydı, gedərdilər. Azərbaycandakı işsizlik məlum, dözməyib etiraz edənlər isə işini və Azərbaycan üçün nəhəng maaşını itirir.

Problem yalnız əməkdaşlarla rəftar məsələsi deyil, yaxşı ört-basdır edilmiş maliyyə pozuntuları da var. İşdən çıxarılan əməkdaşların müəmmalı ehtiyatla dilə gətirdiyi tənqidlər, mənim də imzaladığım bəyanata Azadlıq Radiosunun verdiyi cavab bizim DİN-in cavablarını xatırlatdı – “Yoxladıq, hər şey qaydasında, şikayətçi özü başını divara vurub və b.”, - önəm verməyə dəyməz. Belə cavablarla Məmmədov məsələni bağlaya bilməyəcək. Radioda durumun niyə belə olduğunu, nədən, necə, hansı yollarla indiki yerə gəldiyini xüsusi komissiya ya müstəqil araşdırma üzə çıxaracaq. Durum o dərəcədə dəhşətli, o dərəcədə eybəcər və iyrəncdir ki, hətta işdən çıxarılan ya öz ərizəsiylə gedənlərın çoxu susur, ya da olayları tam açıq danışmağa xəcalət çəkir. Zorlanmış qadınlar susduğu, azərbaycan polisinə şikayət etmədiyi kimi. Əlbəttə, susmağın başqa müxtəlif səbəbləri də var.

Hələlik məlum olanı budur ki, 15-20 il öncə tanıdığım, adi, normal, sakit, sıradan bir jurnalist olan İlkin Məmmədov hakimiyyət əldə edəndən sonra tabeçiliyində olanları aşağılamaq, əzab verməklə özünü təsdiqləməyin, daxilində yatan kompleksləri ovundurmağın yolunu tapıb və monsterə dönüb. İçində kompleks, qarnında qurd olmayan normal adam işçilərini niyə aşağılasın, zülm eləsin ki?

HAŞİYƏ çıxım. İlkinin bu sayaq idarəçiliyi işlədiyim AzTV-yə 1996-nın avqustunda sədr təyin olunan Nizami Xudiyevi xatırlatdı. Dilçi olan, nəinki televiziyanı, heç jurnalistikanı fərli bilməyən Nizami müəllim peşəkarlar qarşısında zəifliyini anlayaraq adamları işdən çıxarmaq, töhmətləmək, qorxutmaq, aşağılamaqla özünü lider, güclü rəhbər kimi təsdiq etmək istəyirdi. Etiraf etmək lazımdır ki, qətiyyən söyüş işlətməyən N.Xudiyev bu səmərəli və şərəfli yolda xeyli uğur da qazanmışdı, amma daş qayaya rast gəldiyi məqam da oldu. Təvazödən kənar çıxmasın, televiziyanın “letuçka” – ümumi iclasında o məni başqa əməkdaşları kimi küncə sıxıb pərt emək, aşağılamaq istəyəndə fağır bəndəniz AzTV-nin sədrini 70-80 yerlik zalda oturan bütün şirkət rəhbərliyi qarşısnda pərt elədi - müavinləri, texniki direktor, baş rejissor, baş operator, bədii rəhbər, şöbə baş reaktorları və baş rejissorları, aparıcı, aparıcı jurnalistlər və b. gözünün qarşısında. Danlanan, aşağılanan işçilərinin susmasına, mütiliyinə 3-4 ay ərzində öyrəşmiş, səhnədə, prezidiumda oturan Nizami Xudiyev yaxşı tanımadığı Sultansoyun gözlənilməz, amma nəzakətli cavabından özünü itirdi, bir söz belə deyə bilməyib susdu. Mən isə qalib kimi zaldakı yermə qayıtdım. AzTV-nin əməkdaşları bu məlum toqquşmanı və sədrin pərtliyini xatırlayar. Üzürlü bilin, bu çox maraqlı bir olaydır, amma başqa söhbətin mövzusudur, ayrı vaxt danışaram.

Qayıdıram möhtərəm İlkin Məmmədova. Əyər İlkinin davranışı, idarəçiliyi komplekslərdən yox, tamam ayrı nədəndən və məqsəddən – Azadlıq Radiosu Azərbaycan Xidmətində işləyənləri işdən çıxarmaq ya bezdirib qaçırmaqla təcrübəli, peşəkar kadrları pərən salmaq, yaradıcı heyəti tam dəyişmək və AR-nın fəaliyyətini zəiflədərək yumşaltmaq və “neytrallaşdırmaq”dan irəli gəlirsə, daha pis. Bu dəfələrlə alçaq və təhlükəli məqsəd və səbəbdir.

Çünki hakimiyyətin istədiyi elə bu deyilmi?

Mən hakimyyətin yerində olsaydım, İlkin Məmmədov kimi istedadlı, bacarıqlı, maraqlarıma oynayan adama 5-10 milyon dollarlıq ənam əsirgəməzdim. Halaldı! İlkinin gördüyü işin - AzadlıRadiosunu zəiflədib iflic etməyin müqabilində bu pul nədir ki?

SÖZARDI. Dəyərli dostlar! Postu oxuyub əsəbiləşsəz, qəzəblənsəniz də, hirs, qəzəb işarələri qoymayın, pls. Qəzəbiniz mənə deyil ki? Qəzəbiniz zülm edənlərə, dəstək olanlara, cinayət törədənlərə, bizi susdurmaq istəyənlərə, yalan danışanlaradırsa, posta dəstək verin. Qəzəb işarələri yazılanın ziyanınadır.