Mədət Babayan Xocalı soyqırımında iştirak etdiyini etiraf edib
Ermənistan vətəndaşı Mədət Babayan müttəhimlər kürsüsündə Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirak etdiyini etiraf edib.
Keçmiş separatçı rejimin nümayəndələrinin işi üzrə bu gün keçirilən məhkəmə iclasında Babayan 1992-ci il fevralın 25 və 26-da Xocalıda olduğunu və dinc silahsız azərbaycanlıları qətlə yetirdiyini təsdiqləyib.
“Qrup komandiri Henrik Tamrazyan bizi ora gətirdi: Məqsəd azərbaycanlıları Xocalıdan qovmaq idi".
Onun sözlərinə görə, Xocalıdakı aksiyalara əsasən “bakalavr” ləqəbi ilə tanınan Arkadi Şirinyan rəhbərlik edib. "Vanik Petrosyan bizə əmr verdi. Silahsız insanlara atəş açmağı əmr edən o idi. "Vanik və Arkadi dirilərin barmaqlarını, ölülərin isə qulaqlarını kəsdilər", - Mədət Babayan bildirib.
O, Ermənistan silahlı qüvvələrinin Xocalıya silah və zirehli texnika ilə gəldiyini də təsdiqləyib. Babayan dinc əhalinin öldürülməsində iştirak etdiyini açıq şəkildə etiraf edib və əlavə edib: “Biz səhv etmişik”.
Babayan Xocalıda uşaq, qadın və qoca da daxil olmaqla 150-yə yaxın meyiti şəxsən gördüyünü vurğulayıb. Onun sözlərinə görə, erməni əsgərləri meyitləri yığaraq maşınlara mindiriblər.