"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir - MASALLIDA
Boradigah qəsəbə 2 saylı tam orta məktəbində elmi-praktik konfrans
Masallı rayonu üzrə təhsil sektorunun və rayon icra hakimiyətinin birgə təşkilatçılığı ilə Boradigah qəsəbə İnqilab Nağıyev adına 2 nömrəli tam orta məktəbində "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış olub.
Rayonun ümumtəhsil məktəblərinin və məktəbəqədər müəssisələrinin rəhbər və müəllim kollektivinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfrans Ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin yad edilməsi, dövlət himnimizin səslənməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev iştirakçıları salamlayaraq tədbirin mövzusu və əhəmiyyəti barədə danışıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı RİHB-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir vəzifəsini müvəqqəti icra edən Zamin Məmmədov, Boradigah qəsəbə İ.Nağıyev adına 2 nömrəli tam orta məktəbin direktoru Məhbubə Şahbazova çıxışlarında "Konstitusiya və Suverenlik İli" çərçivəsində görülən işlər və bu istiqamətdə maarifləndirmənin vacibliyi barədə bəhs ediblər.
Sonra E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin tarix müəllimi Afət Əhmədovanın, Ərkivan qəsəbəsi 3 nömrəli tam orta məktəbinin direktoru Famil İsmayılovun, Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbinin hərbi rəhbəri Nazim Cəfərzadənin, İntiqam Əsgərli adına 3 nömrəli Masallı şəhər tam orta məktəbinin tarix müəllimi Ülvi Məmmədovun mövzu ilə təqdimatları dinlənilib.
Konfransın bədii hissəsində Boradigah qəsəbə 2 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin ifasında səhnəciklər, tamaşalar, ədəbi-bədii kompozisiyalar nümayiş olunub, şeir söylənilib, rəqslər ifa edilib.
Akif AĞAYEV








