Şəhid övladları ilə görüş – MASALLIDA (FOTO=8)
Şəhid övladları ilə görüş – MASALLIDA
Masallıda Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın övladları ilə görüş keçirilib.
Masallı rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan şəhid övladları ilə görüşdə şəhid ailələrinin üzvləri, rayon təhsil sektorunun müdiri Elman Rzayev, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Rasim Nurullayev və sektorun əməkdaşları iştirak ediblər.
Tədbir zamanı şəhidlərimizin ailə üzvlərinə, eləcə də onların övladlarının təhsilinə dövlətin diqqət və qayğısından bəhs edilib.
Çıxışlarda fədakar eloğullarımızın şərəfli ömür yollarının yeniyetmə və gənclərimiz, o cümlədən şagirdlər üçün hər zaman örnək olacağına, övladlarının da ataları kimi Vətənə layiqli vətəndaş kimi xidmət edəcəklərinə əminlik ifadə olunub.
Görüşdə şəhid övladlarının təhsili ilə bağlı onları narahat edən məsələlər müzakirə edilib.
Dövlət qayğısını hər zaman hiss etdiklərini diqqətə çatdıran şəhid ailələrinin üzvləri ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də görüşün təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Şəhid övladlarına Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının hədyyələri təqdim edilib.
Qeyd edək ki, görüşün keçirilməsində məqsəd şəhid övladlarının təhsilinə, gələcək karyeralarının inkişafına maddi-mənəvi dəstək olmaqdır.
Akif AĞAYEV