Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bəybala Mirzəyev: 

İsti başla yox, soyuq ağılla verilən qərarların nəticəsi həmişə yaxşı olur

Günlər öncə yazmışdım ki, Türküstanın (Mərkəzi Asiya) türk dövlətlərinin Avropa İttifaqından alacaqları 12 milyardın qarşılığında yunan Kiprində səfirlik açmasını Türkiyəyə xəyanət kimi və Turanın parçalanması kimi dəyərləndirməyə tələsməməli, xəyal qırıqlığı yaşamamalıyıq.

Və onu da söyləmişdim ki, rəsmi Ankara hələlik bu məsələyə heç bir reaksiya vermir, münasibət bildirmir, ancaq bunun da bəlli səbəbləri var, zamanı gələndə Türkiyə bu barədə öz sözünü deyəcək.

Budur, həmin məqam yetişdi və Türkiyənin xarici işlər naziri Hakan Fidan ötən gün norveçli həmkarı Espen Barth Eide ilə birgə keçirdiyi mətbuat konfransında Mərkəzi Asiyanın Türk dövlətlərinin Kiprlə bağlı qərarına münasibət bildirdi və qeyd etdi ki, aramızı vurmağa çalışmaq istəyənlərin manipulyasiyaları nəticə verməyəcək.

H.Fidan olduqca maraqlı bir ifadə işlədərək bu məsələnin ailə məsələsi (Türk dünyasının daxili işi) olduğunu və ailə məsələlərinin ictimaiyyət önündə danışılmasının düzgün olmadığını vurğuladı.

"Prinsip olaraq biz ailə məsələlərini ictimaiyyətdə müzakirə etməməyə üstünlük veririk", - Fidan qeyd edib.

Türkiyənin baş diplomatı bunu da əminliklə söylədi ki, Türk dünyası idealı hər zaman yaşayacaq və Türk dünyası bütövlükdə Kipr türklərinin yanında olmağa davam edəcək.

H.Fidandan sitat:

"Türk dünyası bütövlükdə Kipr türklərinin yanında olmağa davam edəcək. Bu istiqamətdə siyasətlərimizi səbr və əzmlə davam etdirəcəyik. Türk dünyası ideyası yalnız bu günə deyil, keçmişə və gələcəyə də aiddir. Türkiyənin Sovetlər Birliyi dövründə də Türk dünyası ilə bağlı idealları mövcud idi. Bu gün müstəqil Türk respublikaları varkən də bu ideal yaşayır və gələcəkdə də yaşamaya davam edəcək".

(sitat bitdi)

Hakan Fidan Türk dünyasının parçalanması, Turan birliyi ideyasının gündəmdən çıxdığı barədə söz-söhbətlərə münasibət bildirərək deyib ki, olmayan bir problemi süni şəkildə gündəmə gətirmək bəzi dairələrin nə qədər çıxılmaz və ümidsiz vəziyyətdə olduqlarını nümayiş etdirir.

Türkiyəli nazirin bu açıqlamasını "Turan getdi", "Turan söhbəti bağlandı" deyənlərin hamısına qapaq hesab etmək olar.

Bəli, H.Fidan bütün söz-söhbətlərə nöqtə qoydu və yolumuza davam etdiyimizi bildirdi.

"Biz prinsip olaraq ailəvi xarakterli məsələlərin ictimaiyyət qarşısında müzakirə edilməsini doğru hesab etmirik" mesajının açması da budur ki, TDT-nın üzv ölkələri qarşıya çıxan istənilən məsələni öz aralarında gənəşib, anlaşıb yoluna qoyurlar.

TDT-nın Ağsaqqallar Şurasının növbəti iclasının məhz Quzey Kıbrıs Türk Cümhuriyyətində (QKTC) keçirilməsinin qərara alınması da heç də təsadüfi deyil. Birlik və bərabərliyimizin davam etdirilməsi üçün ortaq iradənin varlığı göz önündədir.

Bakının və Ankaranın bu məsələdə səbrli, təmkinli davranması öz müsbət nəticəsini verdi. İsti başla yox, soyuq ağılla verilən qərarların, atılan addımların nəticəsi həmişə yaxşı olur.

* * *

Vidadi Mamedrzayev

Uzun müddətdi Sizin yazılarınızı izləyirəm,bu yazılarla artıq Sizi demək olar yaxşı tanıyıram.Siz tez özündən çıxan deyilsiniz,yersiz,lazım olmayan,reklam naminə olan məlumatları paylaşmırsınız,həmişə obyektiv və real olmağa çalışırsınız.Bu Kipr məsələsində də əvvəldən tələsiməməyə,hadisələri qabaqlamamağı məsləhət bildiniz.Doğru qeyd edirsiniz ki,Türkiyə heç bir münasibət bildirmədən bizim ekspertlər üç respublikanı ,,yıxıb sürüdülər,,.

Sağ olun,işinizdə uğurlar

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.