Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Pedaqoji Universitetdə Xüsusi Təhsil İşçilərinin I Beynəlxalq Forumu keçirilib

Mayın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil
Nazirliyi, ADPU və universitetin Məktəbəqədər təhsil fakültəsinin birgə
təşkilatçılığı ilə Xüsusi Təhsil İşçilərinin I Beynəlxalq Forumu keçirilib. Forumda
dövlət rəsmiləri, ADPU rəhbərliyi, təhsil ictimaiyyətinin nümayəndələri, təhsil
ekspertləri, müxtəlif ölkələrdən olan xüsusi təhsil sahəsində fəaliyyət göstərən
mütəxəssislər, müəllimlər və tədqiqatçılar iştirak ediblər.
Forumdan əvvəl universitetdə Ümumilli Lider Heydər Əliyevin abidəsi və Zəfər
guşəsi ziyarət edilib. Daha sonra qonaqlar Koxlear İmplantlı Şəxslərə Sosial
Yardım İctimai Birliyinin təşkilatçlığı ilə hazırlanmış əl işləri və rəsm sərgi-
yarmarkası və ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin Xüsusi təhsil
kafedrasının professor-müəllim heyətinin son illərdəki elmi nailiyyətlərini əks
etdirən əsərlərin sərgisi ilə tanış olublar.
Forumda açılış nitqi ilə çıxış edən ADPU rektoru professor Cəfər Cəfərov tədbirin
xüsusi təhsil sahəsi üçün əhəmiyyətini vurğulayaraq, bu forumun həm elmi, həm
də sosial baxımdan mühüm bir hadisə olduğunu qeyd edib. C.Cəfərov bildirib ki,
cəmiyyətin hər bir üzvünün keyfiyyətli təhsilə bərabər çıxış hüququ var və bu
istiqamətdə çalışan mütəxəssislər böyük sosial məsuliyyət daşıyırlar. Rektor,
ADPU-nun bu sahədə beynəlxalq əməkdaşlıqları və elmi-praktik təşəbbüsləri
dəstəklədiyini vurğulayaraq, forumun bu istiqamətdə yeni imkanlar yaradacağına
əminliyini ifadə edib.
Çıxış edənlərdən Azərbaycan Respublikası Milli Məclisinin deputatları Mehriban
Vəliyeva və Ceyhun Məmmədov, təhsil nazirin müşaviri Nigar Bağırlı, Bakı
Slavyan Universitetinin rektoru Anar Nağıyev və Məktəbəqədər və Ümumi Təhsil
Üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun müdiri Anar Xələfov sağlamlıq
imkanları məhdud uşaqların inkişafı üçün yeni metod və yanaşmaların tətbiqinin
vacibliyi, bu sahədə görülən işlər və gələcək hədəflər, beynəlxalq əməkdaşlığın bu
istiqamətdə açdığı imkanlar barədə danışıblar.
ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova bu
kimi tədbirlərlə universitet və fakültənin xüsusi təhsil sahəsindəki ən müasir
tendensiyaları müqayisə edərək bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsini
hədəflədiyini diqqətə çatdırıb.

Əsas məqsədi xüsusi təhsil sahəsində çalışan peşəkarların bacarıqlarını daha da
inkişaf etdirmək, beynəlxalq əməkdaşlıq əlaqələrini möhkəmləndirmək və müxtəlif
problemlərə innovativ həllər tapmaq olan forum işini panel müzakirələrlə davam
etdirib. “Xüsusi təhsil sistemində rəqəmsal resurslardan istifadə və distant təhsil” ,
“Xüsusi təhsil sistemində tədqiqatlar və innovasiyalar” və “Xüsusi təhsil
sistemində sağlamlıq imkanları məhdud uşaqların diaqnostik qiymətləndirməsi”
panelləri üzrə keçirilən müzakirələrdə müxtəlif ölkələrdən olan təhsil
mütəxəssisləri, müəllimlər və tədqiqatçıların sağlamlıq imkanları məhdud
uşaqların inkişafı üçün müxtəlif metodlar, proqramlar və təcrübələr haqqındakı
təqdimatları dinlənilib, geniş müzakirələr aparılıb.