1988-ci ilin noyabrı... İllərdən bəri ürəyimizdə gəzdirdiyimiz üç rəngli bayrağı, nəhayət, üzə çıxarıb, başımızın üstünə qaldırdıq. 15-20 min nəfərlik bir insan axını ilə, sovet imperiyasına qarşı şüarlar səsləndirə-səsləndirə meydana gəlmişdik. Bura toplaşanların – tələbə və müəllimlər, yazıçı və şairlər, meydan liderlərinin bir qismi Vətən üçün ölməyə, bir qismi isə sadəcə nitq söyləməyə hazır idi. “Mənəm”lik ümumi, müqəddəs işdən yuxarıda dayananda, çoxusu “birinci” olmağa, daha çox alqışlanmağa can atırdı.
Hələ bilmirdik ki, dekabrın 5-də bu meydanda göy çadırlar dağıdılacaq, si-lahsız oğullar yad əsgərlərin çəkmələri altında tapdanacaq, bizə qarşı dəyənəklər işə düşəcək. Hələ ruhu qırılmamış millət dağıdılmış meydandan çıxıb özünə qayıdırdı. Xoşbəxtliyi axtara-axtara böyük bir faciəyə doğru yol gəlirdik – dekabrın 5-dən 1990-cı ilin 20 yanvarına...
Yadımda güllə səsi, tank gurultusu, qara rəng kimi qalıb o tarix. Lenin (indiki Azadlıq) prospektindəki kirayədə qaldığım mənzilin pəncərəsi küçəyə baxırdı – hərbi qərargahla üzbəüz idi. Rövşən Mikayılovla semestr imtahanlarına hazırlaşırdıq. Gecə yarısı prospektlə üzü yuxarı, hərəkətin əks istiqamətində şütüyən maşınların aramsız siqnalları, qonşuların hay-küyü bizi çölə çıxmağa vadar etdi. “Dostluq” kinoteatrının qabağına xeyli adam toplaşmışdı. Bakının işıqlı güllələrlə sayrışan səması, şəhəri başına alan vahiməli, gurultulu səslər hamını çaş-baş salmışdı. Əliyalın cavanların üstünə ölüm çıləyən, xalqimiza matəm gətirən “şanlı sovet ordusu”nun vəhşiliyinə adamın inanmağı gəlmirdi.
Sarı “Volqa”dan (qabaq şüşədə “AXC” yazılmışdı) düşən dolu bədənli bəstə-boy adamın dediyi də yadımdadır: “Postları möhkəmlədin, gəlirlər!” – Sual və təəccüb dolu baxışlar bir-birinə zilləndi. Hansı postu, necə və nə ilə möhkəmlədək... Qəribə səslənirdi. Başımız “müzakirə”yə qarışmışdı. “Muğan” mehmanxanasından bizə tərəf sürünən “qara kölgə”dən xəbərsiz idik.
– Nə durmusan, gəl gedək. Hamı dağılışıb. – Yuxudaymış kimi birdən ayıl-dım. Rövşəndən bu sözləri eşidəndə artıq gec idi, qaçmaq da olmazdı. Bizi vura bilərdilər. Çünki bu arada silahlı piyada dəstəsi yanımızdan keçirdi. Yaşlı rus zabitinin “Qorxmayın, sizə toxunmarıq” deməsi bizə toxtaqlıq gətirdi. Onlardan arxada qalmağa çalışırdıq ki, yaşadığımız binaya yaxınlaşaq. Çatar-çatmaz yuxarı eyvandan silahlılara ünvanlanan sözlər “mujik”lərin ürəyincə olmadı: eyvan güllə-baran edildi. Elə zənn edirdik ki, əsgərlər rezin güllə və boş gilizlərdən istifadə edir. Lakin dəlik-deşik divarları görəndə yanıldığımızı hiss etdik.
Bir az irəlidə – Amerika səfirliyinin yanındakı 9 mərtəbəli bina da bu hala salındı. Biz isə öz binamızın giriş qapısında daldalanıb hadisələri izləyirdik. Hiddətimiz, qəzəbimiz tarıma çəkilsə də əlacsız idik. Prospektin yuxarı hissə-sindən üzü aşağı yüksək sürətlə şütüyən, özünü ölümün altına atan “Jiquli”nin sürücüsü isə silahlı dəstəni əzib keçmək niyyətində idi. Lakin 60-70 nəfər 35-40 yaşlı bığlı-saqqallı, gözləri qızarmış əsgərdən ibarət “qutu” geri fırlanaraq həmin maşını güllə yağışına tutdu. Gecənin zülmətində (işıqlar saat 11-dən sönmüşdü) ətrafa ölüm səpən zirehli texnikanın səsi isə bütün səsləri üstələyib eşidilməz edirdi...
Səhəri necə açdığımızı bilmədik. İnstituta getməli idim: imtahan günü idi. Xəstəxanalarda, ölüxanalarda itkin düşənləri axtarırdılar. Hələ Solntsevo və R.Behbudov küçələrindəki “mənzərə”ləri demirəm. Bu itkilər bir evin deyil, elin itkisi idi.
Evdə, küçədə, maşında qəfil gülləyə tuş gəlmiş uşaq, məktəbli, qadın və qocaların günahı nə idi? Politexnik institutunacan – yol boyu 145 nömrəli avtobusdan gördüyüm “ölüm səhnə”ləri ömrümün sonuna qədər yadımdan çıxmaz. Tankların dəmir yığınına çevirdiyi əzik-üzük maşınlar, al qana boyan-mış asfalt, yaralı-ölənlərdən qalmış qanlı paltarlar... Bakının matəmli hüsnünə, insanların simasına baxmaq olmurdu: solğun üzlər, kədərli baxışlar...
İmtahan təxirə salınmışdı. Öyrəndim ki, tələbə yoldaşlarım Dağüstü parkdadır. Mən də şəhid oğul və qızların torpağa tapşırılacağı məkana yollandım. Ax-şamacan qəbirqazma və hörgü işlərində çalışanlara kömək etdim. Evə dönəndə narahat idim. Sanki qaldığımız mənzil də yükləndiyi qəmdənnarahat idi. Sanki çəkdiyimiz iztirabların ağrısı otağın daşına, divarına da hopmuşdu. Üzbəüz hərbi qərargahda və pəncərə önündə “asayişi qoruyan” faşistlərin va-himəsindən otaqda bərkdən danışa bilmir, radionun səsini alırdıq. Komendant saatının başlanmasına hələ xeyli qalmasına baxmayaraq, hava qaralandan sonra evdən çıxmaq təhlükəli idi. Necə ki, yanvarın 20-də axşam binamızın giriş qapısında lənkəranlı (Liman şəhərindən) polis Telman Bağırovu qətlə yetirdilər.
Yanvarın 22-də Bakı öz şəhidlərini bir qanlı bayraq kimi başı üzərinə qaldırdı...
Akif AĞAYEV
.jpg)