O, öz ana dilinə nifrət edirdi...
Rusiya imperiyasının uzun illik əsarəti qanına, iliklərinə qədər işləmişdi. Onun xalqı zəngin mədəniyyətə, qədim dövlətçilik ənənələrinə sahib olsa da, keçmişi, tarixi, milli-mənəvi dəyərləri imperiyanın əlilə unutdurulmuş, özü də mankurta çevrilmişdi.
Yurdunu param-parça eləyən, xalqına işgəncə verən, torpaqlarını xaraba qoyan, sərvətlərini yağmalayan, milli qürurunu çökdürən imperiya cəlladlarına qarşı içində dərin sevgi bəsləyirdi.
Rus-sovet imperiyasının çöküşündən sonra otuz beş illik müstəqil dövlətçiliyə sahib olsa da, içindəki əsarət ruhu sönmək, səngimək bilmir, köləliyi ilə fəxr edirdi.
Özü bir yana qalsın, övladlarını kölə kimi böyütmək üçün dəridən-qabıqdan çıxırdı. Öz tarixinə, mədəniyyətinə, soykökünə, dilinə nifrət edirdi.
O qədər kor qoyulmuşdu ki, övladlarını dilindən, tarixindən, mədəniyyətindən xəbərsiz böyütmək, özgə dildə oxutmaq üçün öz ölkəsinin Təhsil Nazirliyini məhkəməyə vermişdi.
(Professor Vaqif Sultanlının qeydləri)