Dünən, Beynəlxalq Muğan Mərkəzində təşkil olunmuş bu tədbirdə mən də iştirak etdim. Dəvət edənlər sağ olsunlar.
Filologiya üzrə fəlsəfə doktoru, muğam tədqiqatçısı, yazıçı, şair Gülhüseyn Kazımlı yaşasaydı onun dünən 75 yaşı tamam olardı. Tədbir barədə təkcə xülasə bir neçə səhifə tutar. Dostlar yəqin ki, uğurlu və maraqlı gecə barədə geniş yazarlar.
Mən də bu insanla münasibətdə, ünsiyyətdə olmuşam və onun haqda kiçicik bir qeyd yazmağı özümə borc bilirəm.
Əvvəl giriş: Məşhur sərkərdə Çingiz Xan o biri dünyada Baş mələkdən soruşur: Dünyanı hansı sərkərdə tam fəth edə bilərdi? Bildiyimiz kimi heç bir sərkərdə yer kürəsini bütöv istila edə bilməyib. Yadınıza salıram ki, bu o Çingiz Xandır ki, hələ at üstündə olanda demişdi: Bu dünya çox kiçikdir, onu bir adam idarə etməlidir.
Baş mələk Cingiz Xanın sualına belə cavab verir: Yadındadır, sizin kənddə bir çəkməçi vardı? Çingiz Xan cavab verir ki, əlbəttə, yadımdadır, o mənim bütün çəkmələrimi tikmişdi.
Baş mələk deyir: Bax, o çəkməçi sərkərdə olsaydı, bütün dünyanı məhz o fəth edəcəkdi. Amma o sərkərdəliyi deyil, çəkməçiliyi seçdi…
Biz insanlar hərəmiz bir tərəfdə öz çəkməçiliyimizi edirik. İçimizi arayıb, bəlkə də, dünyanı fəth edə biləcək qabiliyyətimizi heç axtarmırıq. Çox vaxt həyatımız, elə adı ilə desək, başımızı girləməyə sərf olunur.
Gülhüseyn müəllim öz həyatında çox sahələrə baş vurub, bir- birindən fərqli çox işlərdə işləyib və nəhayət dünyanı da olmasa, Türk dünyasını fəth edən muğam araşdırmaçısı ola bilib. Özünü tapa bilmiş nadir insanlardandır Gülhüseyn müəllim.
Muğam irsimizin gözəl araşdırmaçısı Gülhüseyn müəllimə Allah rəhmət eləsin. Ruhu şad olsun!
Tariximizdə muğam araşdırmaçısı kimi həmişə olacaq. Bu onun haqq etdiyi yerdir.
Tədbirin təşkilatçısı, onun ömür yoldaşı əziz Validə xanıma, Mərkəzin əməkdaşlarına, tədbirin təkrarolunmaz aparıcısı Əsəd Cahangirə, Gülhüseyn müəllimin xatirəsinə kitab həsr etmiş dəyərli Turan İbrahimova və əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Var olsunlar!
* * *
Rafiq Mehdiyev
Çox gözəl bir tədbir oldu.
Əziz Hümbət həkimlə bu tədbirdə iştirak etməkdən böyük zövq aldım.
Gülhüseyn müəllimi yenidən özüm üçün kəşf etdim .
Allah rəhmət eləsin.
Tahirə Bədəlova
Allah rəhmət eləsin dəyərli insani!
Gülhüseyn müəllim haqqında çox təqdirəlayiq , maraqlı bir məqalə oxudum. Qələminiz yazar, ruhunuz daima gözəl olsun, doktor!
Arif Ərşad
Hümbət doktor, əgər yadınıza gəlirsə məni rəhmətlik Gülhüseyn müəllimlə siz tanış eləmişdiniz. Onun çay süfrəsi ətrafında etdiyi maraqlı söhbətlərini indi də xatırlayıram. Tədqiqatçı-yazıçı Turan Ibrahimovun və yazıçı dostum Kanan Hacının da iştirak etdiyi həmin məclisin bundan sonra da hələ uzun müddət hafizəmizdən silinməyəcəyinə inanıram.
Allah hər üçünüzə can sağlığı nəsib eləsin DOSTlar!
Mərhum ziyalımız, rəhmətlik Gülhüseyn müəllimin ruhu şad, məqamı da uca olsun!
Adalat Quliyev
Hörmətli Humbat Quliyev var olun! Beynəlxalq Muğam Mərkəzində görkəmli muğam tədqiqatçısı Gülhüseyn Kazımlının 75 illik yubileyi münasibətilə keçirilmiş xatirə gecəsində iştirakınız və sağlığında mərhumun
Sizinlə olmuş sıx əlaqəsi haqqında yazdığınız maraqlı məqaləni oxudum.
Yazıçı Gülhüseyn Kazımlının ruhu şad olsun.
Allah Sizə də can sağlığı versin, maraqlı təəssüratlarınızı bizlərlə bölüşdünüz!
İradə Quliyeva
Elə insanlar var ki,bu dünyaya nə üçün,hansı missiya ilə gəldiklərini bilirlər.Ona görə də mənalı bir omür yaşaya bilir,bu dünyanı tərk edəndən sonra da unudulmur,xatirələrdə ruhən yaşama haqqını qazanırlar.Gülhüseyn müəllim kimi...Mənim sevimli universitet müəllimlərim Əli Fəhmi,Abbas Zamanov,professor-tarixi romanlar müəllifi Əzizə xanım Cəfərzadə kimi....
Yazınıza görə təşəkkür edirəm,Hümbət müəllim.
Allah sizə sağlıqlı ömür versin! Unudulmayan insanların isə ruhu həmişə şad olsun! Amin!
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.