İlahi, sən səsdə məlahətə bax,
Goylərtək dərindi göydən enən səs...
Ağzı qova dəyir, od çaxır çaxmaq
Bu qaynar hikmətin sirri nədir bəs? –
Azan yada salır müsəlmanlığı!
Otluqda mil durur qurbanlıq dana…
Dan üzü, günorta, axşam-şər çağı
cəllad baltasını atır bir yana,
daxılda gizlədir qəssab bıçağı -
Azan yada salır müsəlmanlığı!
Qalxır qızılquştək yerindən mitil,
Səmanı bəzəyir qanadın izi.
Alnına dirəyib silahı qatil
özü öz başına sıxır gilizi –
Azan yada salır müsəlmanlığı!
Çin olur bir ifallı gəlin diləyi -
Quruyur dəsmalda gözündəki yaş;
Daha içməyəcək... Tövbə eləyib
divarda sındırır badəni əyyaş -
Azan yada salır müsəlmanlığı.
Keçidlər genəlir, su gəlir arxa,
örtür quru yerin çat-çatlağını.
Kələkbaz kələyə çevirir arxa,
satqınlar tərgidir satqınlığını –
Azan yada salır müsəlmanlığı!
Rişəsi çürüyür həyazsızlığın,
Göylər abır səpir, pərdə göndərir.
Qaytarır yoluna yolsuz azğını,
Əbləhi, namərdi mərdə döndərir –
Azan yada salır müsəlmanlığı!
Dolur pürkamala dünənki dəli,
Qatı yalançının dili quruyur.
Yaltaq adamların qırılır beli,
Rüşvət alanların əli quruyur;
Azan yada salır müsəlmanlığı.
Yer tapmır əlinə cibəgirənlər,
Sola meyl edənlər sağda dayaır.
Halaj ağaclardan haram dərənlər
axırda beş arşın ağda dayanır;
Azan yada salır müsəlmanlığı!
Azan… ətir verir tər nanə kimi,
Ən duru nəfəsdi, müqəddəsdi o!
Uçur çevrəmizdə pərvanə kimi,
Tanrı varlığından qopan səsdi o!
Haçan azan səsi yüksəlsə, bilin,
Allah yada salır müsəlmanlığı.