Kişi və qadın şahmatçılar arasında keçirilən Azərbaycan çempionatı davam edir. Bu gün həm kişilərin, həm də qadınların yarışında 1/4 final mərhələnin ilk oyunları keçirilib. Bu turda da ən çox diqqət çəkən qarşılaşmalar ölkə şahmatinin liderləri sayılan Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun iştirakı ilə keçirilən oyunlar olub. Məmmədyarov bu mərhələyə Məhəmməd Muradlı üzərində qələbə ilə başladıqi halda, Teymur Rəcəbov Vüqar Əsədli ilə sülh bağlayıb.
Digər oyunlara gəlincə aşağıdakı nəticələr qeydə alınıb:
Misrəddin İsgəndərov - Aydın Süleymanlı - 0,5:0,5;
Rauf Məmmədov - Əhməd Əhmədzadə - 0,5:0,5;
Günay Məmmədzadə - Səbinə İbrahimova - 0,5:0,5;
Gülnar Məmmədova - Xanım Balacayeva - 0,5:0,5;
Ülviyyə Fətəliyeva - Zeynəb Məmmədyarova - 1:0;
Türkan Məmmədyarova - Gövhər Beydullayeva - 1:0.
Reqlamentə görə cütlər hər mərhələdə iki dəfə qarşılaşır. Ümumi nəticədə qalib olan növbəti mərhələyə yüksəlir. Əgər iki oyunda qalib aşkar edilməzsə, onda cütlər arasında mübarizə tay-brekdə davam edir.
Qeyd: Mükafat fondu 60 min manat təşkil edən kişilərin yarışında qalibə 20, mükafat fondu 30 min manat olan qadınların yarışında isə çempion adını qazanan şahmatçıya isə 10 min manat pul hədiyyə ediləcək.
İNTİQAM Məmmədov