Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Asif ASİMAN – 70

Tanınmış şair, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, bir-birindən gözəl, anlamlı, mənalı və dəyərli şeirləri ilə oxucuların qəlbini ovsunlayan, yaradıcılığı tale işi, alın yazısı sayan Asif Asiman yarım əsrdən çoxdur ki, qələm əlində sözümüzün, dilimizin qəhrini çəkir. Sözü urvatdan salmır, sözə ucalıq bəxş edir, sənət köhləninə mindirir. Şairin bu vaxta kimi "Ürəkdə od varsa", "Bu da bir taledi", "Ömrümə-günümə açılan yollar", "Bitməyəcək ölənəcən bu sevdam", "Unutsaq unudularıq", "Mənim dəniz sevgim", "Bu dünyaya qərib gəldim", "Biz niyə vaxtında görüşməmişik", "Ayrılıqdan o yana", "Yollar könül sirdaşımdı" və "Ömür vəfa etsə..." kitabları işıq üzü görüb. İmzası ədəbi mühitdə yetərincə tanınır.

Dəyərli qələm dostumuzun 70 yaşı tamam olur. Asif Asiman 70 illik ömrünün 50 ilini Sumqayıt şəhəri ilə bağlayıb. Sumqayıtı özünün tale şəhəri sayır. Doğulub boya-başa çatdığı Ordubad qədər də Sumqayıtı sevir. Ulu öndər, Ümummilli lider Heydər Əliyev deyirdi ki, Ordubad Azərbaycanın incisidir. Ordubad həm də yüzilliklər boyu yağılara göz dağı olub. Sinəsi oxlansa da, çalın-çarpaz dağlansa da sınmayıb, əyilməyib:

Vərəqləsək ötüb keçən çağını,

Görəcəyik neçə çarpaz dağını.

Bir zamanlar qoşun-qoşun yağını,

Ağuşuna çəkib uddu bu torpaq,

Ordubaddı, Ordubaddı bu torpaq.

Asif Asimanın gözündə elə Sumqayıt da Ordubad kimi Azərbaycanın bir incisidir, dünyanın ən gözəl şəhəridir, zəhmətkeşlər, halal, son tikəsini belə ətrafındakılarla bölməyə hazır olan adamlar şəhəridir, sülhün carçısı, haqqın, ülviyyətin beşiyidir. Gələn qonağını üzağlığı, alın açıqlığı ilə qarşılaya bilən şəhərdir:

Haqqa doğru şaxələnmiş qolu var,

Ağ günlərə körpü salan yolu var.

Hər insanın taleyində rolu var,

Dəyanətdir kamalında bu şəhər.

Sındırammaz cəsarətin hər qərar,

Azadlığı, hürriyyəti o arar.

Hər anında sülhü edər bərqərar,

Ağ göyərçin timsalında bu şəhər.

Asif Asiman xeyir-duasını bu şəhərdən alıb, bu şəhərdə özünə iş tapıb, çəkdiyi zəhmət, əzmkarlıq, zəhmətkeşlik, qətiyyət, əməksevərlik onun halal süfrəsində halal duza, halal çörəyə çevrilib. Başının ucalığı, alnının açıqlığı, gözünün toxluğu, sözünün kəsəri, dosta sədaqəti, sevgidə dəyanəti, şəxsiyyətdə ləyaqəti, el-obaya, yurda, Vətənə məhəbbəti ona həmişə hörmət qazandırıb.

Asif Asiman haqq aşiqidir, nahaqqı heç vaxt yaxına buraxmaz, özü də haqsızla bir cərgədə dayanmaz. Yalan danışmaz, yalan danışanları da sevməz. Sözü bütövdür, yalandan, riyadan uzaqdır, dostcanlıdır, imkanı çatdığı qədər hamının işinə yarayandır, təmənnasızdır, istiqanlıdır, bir sözlə, əsl insana xas bütün gözəl xüsusiyyətləri özündə cəmləşdirib. Bu da o deməkdir ki, şair elə-belə yaşamayıb bu ömrü:

Sınaqlarda keçə-keçə ötüb yaş,

Çox vaxt gəlib haqsızlığa tuş adım.

Bəzən də ki, öz səbrimə basıb daş,

Neçə dərdi çəkə-çəkə yaşadım, -

Elə-belə yaşamadım bu ömrü.

Olmasam da bilirəm ki, anılır,

Məclislərdə xoş söhbətim, xoş adım.

Bostanıma daş atanlar yanılır,

Mən ömrümü halallıqla yaşadım, -

Elə-belə yaşamadım bu ömrü.

Asif Asiman vətəndaş şairdir, vətənini, torpağını, obasını, oymağını canı, qanı qədər sevir. Dövlətinə, dövlətçiliyinə, xalqına, millətinə bağlı insandır. Azərbaycan adı çəkiləndə sinəsi iftixar hissi ilə döyünür, belə bir məmləkətin vətəndaşı olması ilə qürur duyur. Hara baxsa, gözlərinə böyük, ulu, müqəddəs Azərbaycan görünür, qulaqlarında Azərbaycan adlı əzəmətli simfoniya səslənir.

Ulu öndərimizin layiqli davamçısı İlham Əliyev Prezident seçiləndə hamı kimi vətəndaş şair Asif Asimanın da işğal altında olan torpaqlarımızın geri qaytarılacağına inamı artdı. Bu inam bir gün də olsun onu tərk etmədi, bu inamı bir anlığına da olsa özündən kənar tutmadı:

Yüz illərdi yağı düşmən bu yerlərdə tökməkdə qan,

Yer üzündə bu günədək görünməmiş belə talan,

Belə haqsız zülmə qarşı susur dünya, susur cahan,

Gəlişilə car eylədi yer üzünə bu haqq səsi,

Əsrin şanlı tarix yazan sərkərdəsi!

Asif Asimanın şeirləri axıcıdı, rəvandı, diləyatımdı, oxunaqlıdı, düşündürücü və yaddaqalandı. Dilimizin gözəlliyinə və incəliyinə dərindən bələd olduğuna görədir ki, şeirləri oxucular tərəfindən sevilir, kitabları gənclərin axtardığı, çapını səbirsizliklə gözlədiyi məhsula çevrilir, ədəbi hadisəyə dönür. Bu, təbii ki, qələm dostlarını da hədsiz sevindirir.

Yuxarıda da qeyd etdiyim kimi, istedadlı şair, ömrünün 35 ilini pedaqoji fəaliyyətə həsr edən, müəllim kimi gül balaların maariflənməsi yolunda ömrünü şam kimi əridən, Vətən üçün layiqli vətəndaşlar yetirən Asif Asimanın bu gün 70 yaşı tamam olur. Mən həm öz adımdan, həm də Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının qeydiyyatında olan bütün üzvləri adından qələm dostumuz, həmkarımız, urvatlı söz adamı Asif Asimanı 70 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, sağlam can, bundan sonra da gənclik eşqi ilə yazıb-yaratmağı arzu edirik.

Rafiq ODAY,

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri,

respublikanın Əməkdar jurnalisti, şair-publisist