O uca Allahım heç çox görməsin,
Kürək söykədiyin dayaq dostları,
Əsl Dost çəpərdir düşmən önündə
Qadasın alasan oyaq dostların.
Gərək tanıyasan dostun yadını,
Dost olub biləsən,dostun dadını,
Pis gündə unudar,sənin adını,
Sağlığı bol olan,araq dostların.
Həyat keşməkeşli,həyat çətindir,
Yaxşı dost sadiqdir,hər an mətindir,
Əgər yaxşı dostsan sən də çəkindir,
Bəd yerə qoymasın ayaq dostların.
Mahnı bəstələyib,dastanlar yozaq,
Əsərlər yaradaq,şerlər yazaq,
Mərd dostun adını dağlara qazaq,
Şöhrətin cahana yayaq dostların.
Şamil Aziz.
Çeboksar şəhəri,Çuvaşstan respublikası,Rusiya federasiyası.
01.12.2023.
* * *
Müəllifin digər şeiri:
BU DÜNYADA YAXŞILIQLAR QALACAQ!
Ölüm bizə ilahidən verilib,
O dünyaya varlı gedən görülüb?
İki arşın ağ kəfənə bürünüb,
Bir məzarın,bir baş daşın olacaq,
Bu dünyada yaxşılıqlar qalacaq.
İnsanlıqdan pulu üstün tutsan da,
İnsanlığı bir qızıla satsan da,
İnsan oğlu nə qədər çox yığsan da,
Əcəl qəfil,hamısını alacaq,
Bu dünyada yaxşılıqlar qalacaq.
Bu dünyanı özününkü bilən kəs,
Qol,boynuna ləl-cəvahir düzən kəs,
Hər gün-hər gün zər-zibalar geyən kəs,
Dünya səni çılpaq yola salacaq,
Bu dünyada yaxşılıqlar qalacaq.
Doğulmuşuq bir bağçada əzəldən,
Qulluq eylə,salma onu nəzərdən,
Yarpaq olmaz,yerə düşən xəzəldən,
Hər bir ömür saralacaq,solacaq,
Bu dünyada yaxşılıqlar qalacaq.
Yaddaşlarda bir zalım tək qalsan da,
Bilə-bilə məzlum ahı alsan da,
Nə qədər tünd,qatı acı olsan da,
İnkir səni soğan təkin soyacaq,
Bu dünyada yaxşılıqlar qalacaq.
Aqilsənsə bu dünyanın dərdin çöz,
Ruh duruldar yaxşı kəlam,yaxşı söz,
Gec deyilsə eşit məni ay acgöz,
İki gözün,torpaq ilə doyacaq,
Bu dünyada yaxşılıqlar qalacaq.
Şamil Aziz.
Çeboksar şəhəri,Çuvaşıstan respublikası,Rusiya federasiyası.
12.10.2023.