Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Fevralın 4-ü tanınmış ictimai xadim, şair-publisist, muğam irsimizin fədakar tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının doğum günüdür.

Xatırlayaq.

Ruhu şad olsun.

Gülhüseyn Mərdan oğlu Kazımov (Gülhüseyn Kazımlı) 1950-ci ilin bu günü Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub.

1966-cı ildə Cəbrayıl qəsəbəsindəki M.Qorki adına orta məktəbi bitirərmişdir. 1967-ci ilə kimi rayondakı "1 May" kolxozunda əmək fəaliyyətinə kolxozçu kimi başlayıb.

O, Azərbaycan Dövlət Pedaqoji İnstitunun filologiya fakültəsini, Bakı Ali Partiya Məktəbini, Moskvadakı İctimai Elmlər Akademiyasının Mədəniyyət tarixi və mədəniyət nəzəriyyəsi kafedrasını bitirib.

1971-1972-ci illərdə Azərbaycan Dövlət Elmi Ateizm Muzeyində çalışmış, 1972-1973-cü illərdə isə ordu sıralarında xidmət etmişdir. 1973-cü ildən 1981-ci ilə kimi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin redaktoru işləmişdir.

1983-1987-ci illərdə Azərbaycan KP Kirov Rayon Partiya Komitəsinin şöbə müdiri vəzifəsində çalışmışdır.

Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasında namizədlik dissertasiyasını müdafiə edərək 1990-cı ildə təyinatla Bakıya qayıtmış, 1991-ci ilə kimi Azərbaycan KP MK-nın sərəncamında saxlanılmışdır. 1991-1992-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının Xaçmaz-Dəvəçi rayonları üzrə zona inspektoru vəzifəsinə təyin edilmişdir. 1992-ci ildə bu idarə ləğv ediləndən sonra 1995-ci ilə kimi elmi-publisistik fəaliyyətlə məşğul olmuşdur.

1995-ci ildən 2005-ci ilədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin Ümumi şöbəsində protokol sektorunun redaktə qrupunun rəhbəri (sektorun baş məsləhətçisi) vəzifəsində çalışmışdır. 2005-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Mərkəzi Aparatının rəhbəri vəzifəsinə təyin edilmiş və xidmət ləğv olunan müddətə kimi (2009-cu il) burada çalışmışdır.

Sonrakı illərdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin orqanı olan "Torpaq" qəzetinin baş redaktoru kimi fəaliyyətini davam etdirmişdir.

Dövlət qulluğunun baş müşaviri olmuş Gülhüseyn Kazımlı Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, eyni zamanda Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Komissiyasının işçi qrupunun üzvü kimi tanınmışfır.

Yaradıcılığı:

Gülhüseyn Kazımlı 50 ildən çox yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşdur. Buraya publisistik əsərlər, şeirlər, ssenarilər daxildir. O, həm də 15-dən çox kitaba müəlliflik etmişdir.

Gülhüseyn Kazımlı "Vətən sevgisi" (1978), "Yollarda ömür" (1981), "Mənə inan" (1983), "İnsanın dərki" (1995), "Ümid yeri" (2003), "Heydər Əliyevin yadigarları" (2004) və "Seçilmiş əsərləri" (2010) kitablarının müəllifidir.

Şeirlərinə Azərbaycanın məşhur bəstəkarlarından Şəfiqə Axundova, Azər Rzayev, Oqtay Rəcəbov, Tofiq Babayev, Əfsər Cavanşirov, Nəriman Məmmədov və digərləri tərəfindən 30-dan çox mahnılar bəstələnmişdir. "Vətən sevgisi", "Qadın əlləri", "Məhəbbət", "Əsgər yuxuları" kimi mahnılar bu qəbildəndir. Mahnıları Baba Mirzəyev, Zaur Rzayev, Flora Kərimova, Eldar Axundov, Oqtay Ağayev, Eyvaz Həsənov, Səkinə İsmayılova kimi müğənnilər ifa etmişlər.

Tədqiqatçı-alim Gülhüseyn Kazımlı həm də görkəmli xanəndələr, ifaçılar haqqında oçerk, məqalə və kitabların müəllifidir.

Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Bülbülcan, unudulmaz qarmon ifaçısı Kor Əhəd haqqında kitablara imza atıb. Gülhüseyn Kazımlı görkəmli muğam ifaçıları haqqında radiooçerklərin müəllifi kimi də tanınır.

Gülhüseyn Kazımlı ömrünün sonunadək Beynəlxalq Muğam Mərkəzində muğam sənətinin təbliği ilə əlaqədar müxtəlif tədbirlər və layihələr həyata keçirmişdir.

Gülhüseyn Kazımlının söylədiklərindən:

“Mən son illər Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” və “Dəyirmi masa” kimi layihələrin koordinatoruyam.

“Unudulmayanlar” layihəsinin ideya müəllifi Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynovdur. Koordinasiya və təşkilat işlərinə isə mən aparıcılıq edirəm.

“Unudulumayanlar” layihəsi çərçivəsində Azərbaycan muğamının 10-dan çox korifeyinin həyat və yaradıcılığı mənim tərəfimdən yenidən tətqiq olunub, onların həyatı haqqında indiyə qədər məlum olmayan faktlar və sənədlər üzə çıxarılıb. Bu tədqiqatlar əsasında Beynəlxalq Muğam Mərkəzində onların xatirə gecələri keçirilib. Hər dəfə 400-dən çox muğamsevər bu gecədə iştirak edib və həmin gecələr Mədəniyyət kanalı vasitəsi ilə nümayiş etdirilərək, geniş dinləyici auditoriyası qazanıb.

Təkcə bir faktı qeyd edək ki, 1929-cu ildə Azərbaycandan Türkiyəyə getmiş və sonralar geriyə dönməmiş, bizim məşhur muğam ifaçısı, büstü Beynəlxalq Muğam Mərkəzində ucaldılmış Məşədiməmməd Fərzəliyevin həyat və fəaliyyəti haqqında çox geniş məlumatlar əldə edilib. Məlum olub ki, Məşədiməmməd Fərzəliyev Türkiyədə böyük musiqi təşkilatçılığı fəaliyyəti həyata keçirmiş, orada “Azəri musiqisi” adlı musiqi təşkilatı yaratmış və ona rəhbərlik etmişdir.

Təsəvvür edin ki, 1949-cu ildə Türkiyədə Məşədiməmməd Fərzəliyevin xanəndəlik fəaliyyətinin 50 illik yubileyinə həsr olunmuş təntənəli yubiley keçirilmişdir.

Məşədiməmməd Fərzəliyevin bu günə qədər musiqi aləminə məlum olmayan dörd lent yazısı aşkar olunub. Bütün bunlar Məşədiməmməd Fərzəliyev 1962-ci ildə İstanbulda vəfat edəndən sonra məlum olan yeni faktlardır. Belə faktlar çoxdur.

Bizim musiqinin beşiyi başında duran Muğam Mərkəzinə daxil olarkən sağ tərəfdə büstü birinci ucaldılmış Əbdülbaqi Zülalovun, Bülbülcanın da həyat və fəaliyyəti mənim tərəfimdən tətqiq olunub. Bunun üçün Bakı və Tiflis arxivlərində axtarışlar aparmış, musiqi aləminə məlum olmayan fakt aşkar etmişəm. Bu faktlar əsasında həm “Bülbülcan” kitabı yazılıb, həm də onlardan Muğam Mərkəzi tərəfindən çəkilmiş “Bülbülcan” adlı filmin ssenarisində istifadə olunub. Qeyd etmək istəyirəm ki, ssenarinin müəllifləri mən və Hafiz İmamməzərlidir. Bu film üzərində iş hələlik davam edir”.

Azərbaycan Muğam tarixinin öyrənilməsi istiqamətində önəmli araşdırmalar və əsərlərin müəllifi olan Gülhüseyn Kazımlı iyirmi kitabın, bir monoqrafiyanın müəllifidir. Son illər Gülhüseyn Kazımlı Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" və "Dəyirmi masa" layihələrinin koordinatoru kimi görkəmli muğam korifeylərinin həyatı va fəaliyyəti haqqında elmi- tədqiqat işləri aparır.

Onun tədqiqatları əsasında XIX əsr Azarbaycan muğam ifaçılığının ən parlaq nümayəndəsi, böyük muğam ustadı, ömrünün 35 ilini Tiflisdə Azərbaycan muğamının, xalq mahnılarını təbliğinə həsr etmiş Əbdülbaqi Zülalov (Bülbülcan) haqqında elmi-publisistik "Bülbülcan" kitabı ərsəyə gəlib.

Onun tadqiqatları asasında Xalq artistləri Şövkət Ələkbərovanın, Həqiqət Rzayevanın, Yaqub Məmmadovun, tarzən Əliağa Quliyevin, Allahyar Cavanşirovun, əfsanəvi qarmonçalan Əhəd Əliyevin (Kor Əhəd) Teyyub Dəmirovun yaradıcılıqlarına həsr edilmiş yubiley gecələri də Beynəlxalq Muğam Mərkəzində keçirilmişdir. "Bülbülcan" kitabı Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə gürcü dilinə tərcümə edilərək çap olunmuşdur.

2022-ci ildə böyük Azərbaycan xanəndəsi Məşədi Məmməd Fərzəliyevin 150 illik yubileyi münasibətilə "Salam, Məşədi" kitabı çap edilmişdir.

Gülhüseyn Kazımlı:

“Azərbaycan mədəniyyəti qarşısında müəyyən xidmətlərim var. Düzdür, həmin xidmətlərin hamınınkından çox olduğunu demərəm, amma bunlar heç də az deyil. Gürcüstan və Azərbaycan musiqi mədəniyyətlərinin inkişafında müəyyən xidmətlər göstərmişəm.

Bir neçə il öncə Gürcüstanda Mirzə Fətəli Axundov adına mədəniyyət evində və Gürcüstan Dövlət Folklor İnstitunda onlarla birgə Azərbaycan-Gürcü mədəniyyətləri tarixi keçmiş, bugünki əlaqələr və elmi, nəzəri və musiqili konfrans keçrilmişdi. Həmin konfransda da tətqiqatçılarla birgə bizim

Xalq artistimiz, “Şərəf” ordenli Mənsum İbrahimov və “Qarabağ” qrupunun üzvləri Elçin Həşimovla Elnur Əhmədov da iştirak etmişdir. Bu tədbir, həm Azərbaycan, həm də Gürcüstan mətbuatında çox böyük rezonansa səbəb olmuşdu.

Bir məsələ da qeyd etmək istəyirəm ki, mən cəbrayıllıyam. Bütün cəbrayıllılar və Azərbaycan xalqı kimi Qarabağın ən gözəl güşələrindən biri olan Cəbrayılın düşmən tapdağından azad edilməsini özüm üçün ən ali mükafat sayıram. Buna görə də, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə bir ziyalı kimi öz adımdan təşəkkür edirəm".

Şair-publisist, muğam irsimizin fədakar tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı fevralda dünyaya gəldi.

Elə fevral ayında da (24 fevral 2924-cü il tarixində) dünyasını dəyişdi.

Məkanınız cənnət olsun, Gülhüseyn müəllim!

Gülhüseyn müəllimin zəhməti unudulmayacaq, gələcək nəsillərə ərməğan etdiyi yaradıcılıq nümunələri, xoş xatirələri daim xatlrlanacaqdır.