Azərbaycan Respublikası Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorizm, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyana qarşı cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
İclasda Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi şöbəsinin müdiri Nəsir Bayramov təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamları açıqlayıb.
İttihama görə, Ruben Vardanyan 2022-ci ilin sentyabrında Ermənistan ərazisindən Laçın rayonu istiqamətində buraxılış məntəqələrindən kənarda Azərbaycanın dövlət sərhədini qanunsuz keçərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində məskunlaşıb.