Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycanın Milli Qəhrəmanı şəhid Namiq Abdullayevin xatirəsi igid döyüşçünün adını daşıyan Ağcabədi rayonunun Avşar kənd tam orta məktəbində anılıb.

"AZpress.AZ" İnformasiya Agentliyinin bölgə müxbiri xəbər verir ki, şəhidin ailə üzvlərinin, Qarabağ müharibəsi veteranlarının, rayon ictimaiyyətinin nümayəndələrinin və kənd sakinlərinin iştirak etdiyi tədbir respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin yad edilməsi ilə başlayıb. Tədbir iştirakçıları Milli Qəhrəmanın büstü önünə tər qərənfillər düzüblər. 

Anma mərasimində çıxış edənlər Namiq Abdullayevin mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, şəhidliyi ilə ölümsüzlüyə qovuşan Milli Qəhrəman Abdullayev Namiq Vahid oğlu 10 may 1974-cü ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olub. 1992-ci ilin dekabrında cəbhəyə yollanaraq, Vətənimizin müdafiəsində iştirak edib. 1993-cü il fevralın 9-da Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə ermənilərin hərbi texnikasını və xeyli canlı qüvvəsini məhv edərək, qəhrəmancasına həlak olub. Prezidentin 1994-cü il 16 sentyabr tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Vaxtilə təhsil aldığı Avşar kənd orta məktəbi hazırda qəhrəmanın adını daşıyır.

Çıxışlarda Namiq Abdullayevin və digər şəhidlərimizin keçdiyi həyat və döyüş yolunun gənclər üçün örnək olduğu bildirilib, gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsində tədbirin əhəmiyyəti yüksək qiymətləndirilib. 

Sonda məktəblilər ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Mais İbrahimov