Kişi və qadınlar arasında şahmat üzrə keçirilən seçmə xarakterli Azərbaycan çempionatına bu gün (15 fevral) həlledici final və üçüncü yer uğrunda görüşlərlə yekun vurulub. Mükafat fondu 60 min manat təşkil edən kişilərin yarışında 26, mükafat fondu 30 min manat olan qadınların yarışında isə 16 şahmatçı İsveçrə sistemi üzrə mübarizə aparıb. Kişilərin yarışında qalib adını Rauf Məmmədov, qadınların arasında isə qadın yiqmamizin lideri Günay Məmmədzadə çempion adını qazanıb. Bu Məmmədovun altıncı, Məmmədzadəninsə üçüncü çempionluğu olub. Digər yerlərə gəlincə, kişilər arasında ikinci yeri Azərbaycanın ən titullu və reytinqli şahmatçısı, reytinq göstəricisinə görə çempionatın favoriti sayılan Şəhriyar Məmmədyarov, üçüncü yeri Misrətdin İsgəndərov tutub. Yarışda dördüncü yerin sahibi isə yarımfinal görüşündən imtina edən Teymur Rəcəbov olub.
Qadınlar arasında isə 2-4-cü yerləri Gövhər Beydullayeva, Gülnar Məmmədova və Avropa çempionu adını daşıyan Ülviyyə Fətəliyeva tutub.
Reqlamentə görə, həm kişilər, həm də qadınlar arasında ilk 4 yeri tutan şahmatçılar ölkəmizi Avropa çempionatında təmsil etmək hüququ əldə edib. Bununla yanaşı, ilk dördlükdə yer alan şahmatçılar həm də pul mükafatı qazanıblar. Kişilər arasında ilk 4 yeri tutan şahmatçılar müvafiq olaraq, 20, 10, 6 və 3 min manata, qadınlarda isə 12, 7, 4 və 2 min manat pula sahib olublar.
İNTİQAM Məmmədov