Mehparə BƏKİROVA:
Abidin atası və əmisi Qarabağ qazisi, özü isə Vətən şəhidi oldu
Vətənin sipərləri
Vətən - sadəcə coğrafi sərhədləri olan bir məkan deyildir. Vətən - xüsusi sevgi ilə əzizlənən, süslənən, sinəsində övladların daim rahatlıq tapdığı, xoşbəxt yaşadığı ulu, gözəl bir məkandır! Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir. Vətən bizim üçün ona görə müqəddəsdir ki, əsrlərdən bəri bu yurd uğrunda minlərlə igid oğul şəhid olub, bu torpağa onların qanı tökülüb, torpağın canına hopub. Şəhid qanı ilə suvarılan torpaq bizim üçün müqəddəsdir, hər zaman qeyrət, şərəf ünvanımızdır.
Əsl vətənpərvər o kəslərə demək olar ki, onlar vətəni bütün qəlbi, canı və qanı ilə sevir. Onun azadlığı və istiqlaliyyəti uğrunda hər an döyüşə atılmağa, lazım gəldikdə canını belə qurban verməyə hazırdır. Vətən dəyişmir, satılmır, köhnəlmir, qocalmır. Bu müqəddəs məkanda keçmişimizlə gələcəyimiz qovuşur. O əbədi və əzəlidir. Onun göylərində əcdadlarımızın ruhları dolaşır. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, ulularımızın ruhundan gəlir. Vətən sevgisi insana ana südü, ata nəfəsi ilə verilir. Vətən sevgisi ana sevgisi qədər müqəddəsdir. Hər kəs öz sevgisi, məhəbbəti, varlığıyla Vətənini öz qəlbində, milli mənliyində daim yaşatmalıdır. Yaşatmalıdır ki, Vətən yaşasın. Döyüşçü üçün isə Vətən sevgisinin ən ali məqamı şəhidlikdir. Şəhidliyin məqamı və zamanı isə əvvəlcədən bəlli olmur. Şəhidlik uca Allahın bir insana verdiyi ömür payını könüllü olaraq, qəlbən inanaraq, müqəddəs amal uğrunda gözlənilmədən fəda etməsidir, məqamı gələndə qəhrəman oğulların öz ömürlərini Vətənə bağışlamalarıdır.
Qəhrəmanlıq təsadüfi olmur. Qəhrəmanlıq - insanın qanına ana südü , ana laylası ilə, atanın mərdlik, kişilik ruhu ilə ötürülür. Məqamı gələndə isə bir işıq kimi parlayaraq, sabahın yollarını aydınladır. 44 günlük Vətən müharibəsində məhz bu cür igidlər vətənpərvərlik nümunəsi göstərdilər. 30 ilə yaxın düşmən tapdağı altında qalan Qarabağ torpaqları işğaldan azad olundu. Şəhidlərimiz, ölümün bir addımlığında təsadüfən sağ qalmış qazilərimiz bu zəfər salnaməsinə öz igidlikləri, hünərləri ilə şanlı səhifələr yazdılar.
Qarabağın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən bütün igid əsgərlərimiz əsl vətənpərvər olduqlarını sübut etdilər. Ölümün gözünə dimdik baxaraq, ölümsüzlük qazandılar. Belə mərd igid, cəsarətli, qeyrətli, şəhidlik zirvəsinə ucalmaqla əbədiyyətə qovuşan oğullarımızdan biri də Oğuz rayon Dəymədərə kəndindən olan şəhid Abid Məmmədovdur. Doğulduğu gündən Vətənin müqəddəsliyini hər an daha dərindən dərk etməyi doğma evində öyrəndi. Abid hələ dünyaya gəlməmişdən erməni qəsbkarları Qarabağ torpaqlarına göz dikib, min fitnə-feillə doğma yurd yerlərimizi zəbt etmək xülyasına düşmüşdülər. Erməni vəhşilərinin murdar əlləri doğma Qarabağ torpaqlarına doğru uzananda minlərlə vətənpərvər gənc Vətənin müdafiəsinə qalxmış, silaha sarılaraq, cəbhə bölgəsinə üz tutmuşdu. Həmin illərdə könüllülərin içərisində Abidin atası Asif və əsgərlik xidmətində olan əmisi Araz da vardı. Birinci Qarabağ müharibəsində Asif 1992-ci ildə Ağdərə və Füzuli uğrunda gedən döyüşlərdə igidlik göstərmişdi. Lakin döyüşlər zamanı səhhətində yaranan problemlərə görə üç aydan sonra müalicə almaq üçün Füzulinin Qaraxanbəyli kəndindəki qospitala göndərilmiş, sonra isə aldığı ağır yaralara görə ordudan tərxis olunmuşdu.
Abidin əmisi Araz isə cəbhə bölgəsində - Ağdərədə əsgərlik xidmətini davam etdirmiş, sonra isə Füzulinin yuxarı Abdurahmanlı kəndində düşmənlə üzbəüz mövqelərdəki döyüşlər zamanı igidlik, şücaət göstərmişdi. Həmin ağır döyüşlərdə şəhidlərimiz, yaralılarımız az olmamışdı. 1994-cü ili yanvar ayının 26-da Aşağı Abdurahmanlı kəndi uğrunda gedən döyüşlərdə ayağından yaralanan Araz da digər yaralılarla birgə sanitar postuna aparılıb ilkin yardım göstərildikdən sonra Beyləqana, daha sonra Saatlı qospitalına müalicəyə göndərilmişdi.
Şəhidliyə gedən yol...
Atasının və əmisinin hələ 1-ci Qarabağ müharibəsində göstərdikləri şücaətlər barədə hələ uşaqlıqdan eşitdiyi söhbətlər Abidin vətənpərvərlik ruhunda böyüməsində ilk təkan olmuşdu. Yəni ki, onun vətənpərvərlik duyğuları, vətəni sevmək, qorumaq hissləri hələ uşaq yaşlarından, böyüdüyü evdən boy verməyə başlamışdı. O böyüdükcə düşmənə olan nifrəti də böyümüş, atasının və əmisinin düşmənlə apardığı mübarizənin yarımçıq qalması həmişə onu narahat etmişdi. Orta məktəbi bitirib hərbi xidmətə getdiyi zaman ürəyində pöhrələnən Qələbə arzusunu reallaşdırmaq üçün nümunəvi xidmət etmiş, komandanlığın “təşəkkürnamə”sini qazanmışdı. Ağdamın orta Qərvənd kəndi yaxınlığında əsgərlikdə olduğu zaman tibbi sanitar kimi xidmət edən Abid, komandirin dediyinə görə daim səngərlərə baş çəkir, yaralılara yerindəcə ilkin yardımlar göstərirdi. İlyarımlıq əsgəri xidmətini şərəflə yerinə yetirdikdən sonra ordudan tərxis olunaraq doğma kəndə qayıdır.
Abid kəndin gəncləri arasında öz ağır təbiəti, ağayanalığı, dürüstlüyü, eyni zamanda mehribanlığı, səmimiyyəti və yaraşıqlılığı ilə seçilirdi. İstər ailədə, istərsə də evdən kənarda, işlədiyi kollektivdə böyük-kiçik yerini bilməsi, işgüzarlığı və bacarığı ilə hamının sevimlisi olmuşdu. O, hərbi xidmətdən sonra Oğuz şəhərində yerləşən Qarğıdalı emalı zavodunda operator köməkçisi işləməyə başlayır. İşə məsuliyyətlə yanaşması, işgüzarlığı və səmimiyyəti onu kollektivdə hamının sevimlisinə çevirir.
Abid bütün gənclər kimi həyat eşqi ilə yaşayır, sevir və sevilir. Bu sevgi uğurlu izdivacla nəticələnir. O, ailə quraraq, ömür boyu ona vəfadarlıq edəcək xanımı ilə gözəl, məsud günlərini yaşayır. Aylar sonra onun valideynləri ilə bir ocaqda həyatının ən gözəl, xoşbəxt günlərinə daha bir sevinc əlavə olunur. O, 2020-ci ildə yeni ilin ilk saatlarında ata olmağın xoşbəxtliyini, bəxtəvərliyini yaşayır. Hər zaman məsuliyyətli olan Abidin ata kimi məsuliyyəti daha da artır. Onun ailəsi xoşbəxt, bəxtəvərlik dolu günlərini yaşayırdı. Balaca Əlinin hər bir hərəkəti evdə sevinclə, fərəhlə izlənilirdi.
2020-ci ildə bütün dünyada pandemiya elan edildikdən sonra hər kəs karantin qaydalarına uyğun olaraq yaşamağa çalışırdı. İl ağır gəlsə də, Abidin anası Rübabə ana yeni ilin ilk saatlarında ona balaca Əli kimi gözəl bir nəvəni bəxş edən həmin ildən, Allahdan çox razı idi.
...Həmin il iyul ayının 12-də baş verən Tovuz hadisələri hamı kimi Abidi və onun yaşıdlarını, ailəsini də sarsıdır. Minlərlə könüllü Ali Baş Komandanın əmrini gözləyir ki, silaha sarılaraq, illərlə ermənilərə qarşı ürəklərinə dolmuş qəzəb və nifrətlərini qalxan edərək, düşmənin başına endirsinlər. Digər yaşıdları kimi Abid də könüllülər sırasına yazılır. Və çox keçmir ki, vətənini sevən bütün qəhrəman oğullar təlim-məşqlər üçün hərbi komissarlıq tərəfindən hərbi xidmətə çağırılır. Abid 2016-ci ildə Ermənistanla Azərbaycan arasında baş verən Tovuz hadisələri - dörd günlük müharibə zamanı da təlim-məşqlərə cəlb edilmiş, sonra isə evə buraxılmışdı. Sentyabrın 21-də yenidən təlim-məşqlərə qatılan Abidin ailəsi yenə də onun təlimlər bitdikdən sonra evə qayıdacağını düşünürdülər.
2020-ci ilin sentyabrın 27-də düşmənin silahlı qüvvələrinin cəbhə boyu geniş miqyaslı təxribat törətməsinə cavab olaraq, Azərbaycan Ordusu sonradan ”Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. Həmin gün səhərdən ermənilər ordumuzun cəbhəboyu zonada yerləşən mövqelərinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı hücumlar etdi. Buna cavab olaraq ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin qəbul etdiyi qətiyyətli qərarla Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı.
Həmin gün Abidin də olduğu topçu taqımı Murov istiqamətində gedən döyüşlərdə igidliklə iştirak edir. Böyük ruh yüsəkliyi ilə başlayan, illər idi ki üəklərdə qövr edən yaralarımızın intiqamı üçün torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlər bütün cəbhə boyu olduğu kimi bu istiqamətdə də düşmən ordusunun məğlub olaraq torpaqlarımızdan qovulması ilə nəticələnir. Murovdağ istiqamətində bir neçə gün ərzində neçə yüksəkliklər düşməndən təmizlənir. Həmin döyüşlərdə Abid də cəbhə yoldaşları ilə birgə mərdliklə vuruşur. Toptuşlayıcı briqadada köməkçi kimi xidmət edən Abid hələ sentyabrın 21-dən başlanan təlim-məşqlər zamanı fürsət düşdükcə ailəsi ilə əlaqə saxlamağa imkan taparaq, tezliklə görüşəcəklərini söyləyir. Müharibənin ilk günlərindən düşmənə qan udduran yenilməz ordumuz hər gün qələbə xəbərləri ilə xalqı sevindirir, daha əzmlə döyüşlərə atılırdı. Muharibənin dördüncü günü hər kəs yorğun halda olduğundan ana torpağın qoynunda azacıq da olsa dincəlmək istəyirlər. Lakin gecə ikən məkrli düşmən həmin taqımın yerini dəqiqləşdirir. Oktyabr ayının 1-də səhər saatlarında düşmən Abidgilin mövqeyini minaatanlardan və başqa atıcı qurğulardan atəşə tutur.
Abid yuxulu olduğundan əvvəlcə nə baş verdiyini anlamır. Düşmən tərəfin atdığı minamyot qəlpələri dolu kimi onların üzərlərinə yağır, zərbənin gücü Abidi Murov dağının Şişqaya deyilən yerində qayaya çırpır. Yanındakı döyüş yoldaşına ancaq “mənə nə oldu?” deyə bilir. Həmin vaxt xeyli şəhidlərimiz, yaralılarımız olur. Çox keçmədən komandanlıq yaralıları və şəhidləri “KamAZ”la döyüş bölgəsindən uzaqlaşdırır. Yaralılar Gəncədəki qospitala aparılır. Abid hələ yolda, maşında ikən, xəstəxanaya çatmadan dünyasını dəyişiir.
Təəssüf ki, evdə ana-atanı, övladını, əzizlərini qoyub Vətən torpaqlarının azadlığı, bütövlüyü uğrunda döyüşlərə atılan qəhrəman oğullar düşmən hiyləsi nəticəsində həlak olurlar. Əlbəttə, onlar müharibənin nə olduğunu bilirdilər. Bilirdilər ki, döyüşə gedib, geri dönməmək də var. Və o Murov igidləri xalqımıza işıqlı sabah, övladları üçün azad, bütöv bir yurd miras qoymaq üçün uf belə demədən Vətən, torpaq uğrunda şirin canlarından keçdilər.
Deyirlər, müharibədə atılan ilk güllə anaların ürəyinə dəyir. Vətən müharibəsində də minlərlə ananın ürəyi tikə-tikə, parça-parça oldu. Güllələr təkcə döyüşən oğulların ömrünü deyil, anaların, neçə-neçə ailənin də xoşbəxtliyini dəlib keçdi.
Abidin anası necə gün övladından xəbər ala bilmir. Rübabə ana həyəcanla televizordan qələbə xəbərlərini izləyir, şəhid xəbərlərini də ürək acısı ilə qarşılayır.Abidin əmisioğlu onun yaralı ola biləcəyini bildirir. Abidin atası, əmisi və digər qohumlar bütün qospitalları və xəstəxanalarda onu aramaq üçün döyüş zonasına yollanırlar. Hərbi komissarlıqdan xəbər alırlar. Yalnız axtarışın ikinci günü Araz əmi Abidin cəsədinin Gəncədəki qospitalın yanındakı morqda olduğunu öyrənir. Asif ata bu xəbəri eşidəndə sanki onurğa sütunu qırılır.
...Abid oktyabrın 4-də doğma kəndində - Oğuz rayonunun Dəymədərə kənd qəbristanlığında dəfn olunur. Abid Məmmədov böyük izdihamla, kədər və qürur hisslərinin qarışığı ilə əbədi mənzilinə köçür.
Abid kimi minlərlə gənc geriyə baxmadan, torpaqlarımızın müdafiəsi və bütövləşməsi üçün, həyatlarının gənc çağında, qönçə vaxtında Vətən üçün canlarını, ömürlərini fəda etdilər. Onlar şəhid oldu ki, xalqımız vətən torpağında şərəflə, qürurla yaşasın.
Abidin anası Rübabə ana ilə görüşümüz zamanı Abid haqqında bunları söylədi: “Abid çox təmiz ürəkli, tərbiyəli, ədalətli oğlan olub. O, mənim ilk övladım idi. Mən analıq sevincini ilk dəfə Abidin sayəsində, o, dünyaya gələndə duymuşam. Ondan başqa yalnız bir qızım var. Vaxtilə çox mehriban ailəmiz olub - danışan, deyən, gülən... Heç vaxt nə ailə daxilində, nə də kiminləsə problemimiz olmayıb. Abid də elə oğlan idi ki, heç kəslə işi olmazdı. Hər adamla da ünsiyyət qurmazdı. Çox ağıllı, tərbiyəli, mərd, işgüzar oğul idi.
Döyüş yoldaşları Abid barədə yalnız xoş xatirələr danışırlar. Çox az müddət birlikdə olsalar da, o, özünə böyük hörmət qazanmağı bacarmışdı.
Abid gülüşü ilə seçilərdi. Tanışları ona “gülən oğlan” deyə müraciət edirdilər. İndi nə gülüşü gəlir, nə səsi eşidilir...
Maşın həvəskarı idi. Avqust ayında sürücülük vəsiqəsi almışdı, maşın almaq istəyirdi, qismət olmadı, sentyabrda müharibəyə getdi. 2 ilə yaxın idi ki, ailə qurmuşdu. Bir övladı var. Abid oğluna həddən çox bağlı idi. Döyüş yoldaşlarından biri danışırdı ki, şəhid olduğu gün hamı yemək yesə də, nədənsə Abid yeməyibmiş. Ondan niyə yemədiyini soruşanda, “Əli yadıma düşüb, yaman darıxmışam” deyib. Hər dəfə telefonla danışanda yoldaşına deyərdi ki, mən yaxşıyam, əsas oğlum üçün narahatam.
“İndi mən də, atası da yalnız onun bircə balası üçün yaşayırıq. Bundan sonra nə qədər ömrümüz var, ona həsr edəcəyik, - deyir Rübabə ana. - Mən oğlumla sağ ikən də fəxr edirdim, indi də fəxr edirəm. Gec, ya tez, oğluma qovuşacam. Bəlkə də, təsəllim yalnız budur".
Rübabə ana! Abidlə təkcə siz yox, bütün Oğuz eli, Azərbaycan fəxr edir, qürur duyur. Əlbəttə, Qələbələr qansız-qadasız, itkisiz qazanılmır. Hər yeni döyüşdə yeni qəhrəmanlar üzə çıxır. Sizin kimi anaların əllərindən öpürük, qəhrəman övladlar yetişdirdiyiniz üçün. Nə qədər ki sizin kimi mərd analar Abid kimi cəsur, qorxubilməz qəhrəman oğullar böyüdür, bizim doğma Vətənimiz heç vaxt düşmənə boyun əyməyəcək, güclü dövlətimiz sarsılmayacaq. Şəhidlərimizin isə əbədi yeri ürəklər olacaq. Abidin arzusu Qarabağı düşmən tapdağından təmizləyib, qürurla evinə, elinə dönmək idi. Bu arzusuna çatmasa da Vətən torpaqlarının işğaldan azad olunmasında, Bayrağımızın qədim yurd yerlərində yenidən dalğalanmasında, böyük Zəfərimizin qazanılmasında Abidin də payı var.
Allah böyük Qələbə sevincini bizə yaşadan bütün şəhidlərimizə rəhmət eləsin!
Dövlətimiz Vətən müharibəsi qəhrəmanlarının hər birini döyüşlərdəki şücaətinə, rəşadətinə görə layiqincə qiymətləndirmiş, onları yüksək orden və medallarla təltif etmişdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlər zamanı göstərdiyi igidliyə görə Abid Məmmədov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülüb.
Abidin ən ali mükafatı, yüksək adı isə, əlbəttə, şəhidlik adıdır. Şəhid - əbədiyyəti qazanan deməkdir.
Mehparə Bəkirova,
Oğuz rayon Mərkəzi kitabxanasının əməkdaşı
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.