BDU və Avropa Şurasının Azərbaycandakı ofisi Beynəlxalq konfrans keçirib
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi və Avropa Şurasının (AŞ) Azərbaycan Respublikasındakı ofisinin təşkilatçılığı ilə Avropa İnsan Hüquqları Konvensiyasının qüvvəyə minməsinin 70 illiyinə həsr olunmuş “Avropa İnsan Hüquqları Konvensiyası və Azərbaycan: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransı açıq elan edən AŞ-nin Azərbaycandakı ofisinin rəhbəri, səfir Petr Zix Hüquq fakültəsi ilə Avropa Şurasının əməkdaşlığını təqdirəlayiq hal kimi qiymətləndirib. Avropa İnsan Hüquqları Məhkəməsinin və Avropa Konvensiyasının hüquqi statusu və mahiyyəti barədə məlumat verib. Konfransın moderatoru, Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova insan hüquq və azadlıqlarının təminatında Avropa Məhkəməsinin rolu və Avropa Konvensiyasının əhəmiyyəti haqqında ətraflı məruzə edib.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev Avropa Konvensiyasının ratifikasiyasının Azərbaycan üçün hüquqi əhəmiyyəti, eləcə də insan hüquq və əsas azadlıqlarının təminatı baxımından xüsusi rolundan bəhs edib. Hüquq fakültəsinin AŞ-nin Bakı ofisi ilə birgə “Avropa İnsan Hüquqları Konvensiyası-70” devizi ilə maarifləndirmə kampaniyası barədə məlumat verən dekan Avropa Şurasının ekspertlərinin, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin, o cümlədən fakültənin professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə silsilə təlimlərin keçirildiyini diqqətə çatdırıb. “Heydər Əliyev İli” çərçivəsində Hüquq fakültəsi tərəfindən “Ulu Öndər Heydər Əliyevin hüquqi islahatları” adlı maarifləndirmə kampaniyasına başlanıldığını bildirən dekan bu məqsədlə tələbələr tərəfindən qısa videoçarxların hazırlandığını qeyd edib.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, dövlət bayrağımızın ölkəmizin hər bir guşəsində, o cümlədən Xankəndidə, Xocalıda dalğalandığını bildirən fakültə dekanı Avropa Konvensiyasının artıq Azərbaycanın bütün ərazisində qüvvədə olduğunu vurğulayıb.
Konfrans öz işini çıxışlar, təqdimatlar və məruzələrlə davam etdirib. Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsində Avropa İnsan Hüquqları Məhkəməsinin rolu”, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov “Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan”, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev “Avropa İnsan Hüquqları Konvensiyasının konstitusiya ədalət mühakiməsinə təsiri”, Milli Məclisin deputatları Bəhruz Məhərrəmov “Azərbaycanın Avropa hüquq məkanına inteqrasiyasında Ulu Öndərin rolu”, AŞPA İnsan Hüquqları Altkomitəsinin sədri Kamal Cəfərov “Avropa Şurası Parlament Assambleyası və Azərbaycan”, Avropa İnsan Hüquqları Məhkəməsi Katibliyinin baş hüquqşünası Xaqani Quliyev “Avropa İnsan Hüquqları Konvensiyasının beynəlxalq hüquqda yeri”, Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov “Avropa İnsan Hüquqları Konvensiyasının təşviqində Vəkillər Kollegiyasının rolu”, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov “Keyfiyyətli hüquq xidmətlərinin təmin edilməsində mediasiyanın unikal yeri və rolu” mövzularında məruzələr ediblər.
Sonra Hüquq fakültəsinin IV kurs tələbəsi Səyad Ələkbərov “Tələbədən tələbəyə” layihəsi çərçivəsində Avropa İnsan Hüquqları Konvensiyasının tədrisi haqqında ətraflı məlumat verib.
Müzakirələr bölməsində çıxış edən Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri Kamil Səlimov Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpası ilə bağlı Avropa Şurası və Avropa Məhkəməsinin yanaşması, keyfiyyətli hüquqi yardımın təşkili barəsində öz mövqelərini bildiriblər.
Konfransın işində hakimlər, vəkillər, vətəndaş cəmiyyəti institutları və media nümayəndələri ilə yanaşı, Hüquq fakültəsinin professor-müəllim heyəti və tələbələri də iştirak ediblər.
Konfransın yekununda Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri, səfir Petr Zix və Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova dekan tərəfindən Hüquq fakültəsinin 95 illiyi münasibətilə fəxri fərmanla təltif ediliblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.