Rafiq Məmmədin şeirləri
“AZpress.AZ” İnformasiya Agentliyi şair Rafiq Məmmədin şeirlərini təqdim edir.
Məmmədov Rafiq Cəbrayıl oğlu (Rafiq Məmməd) 1953-cü ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Neft və Sənaye Universitetini) bitirib.
Uzun illər müxtəlif istehsal və sənaye müəssisələrində rəhbər vəzifələrdə çalışıb. 1969-cu uldən şeirləri mərkəzi və yerli mətbuatda, elektron KİV-də dərc olunur.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Talisman” qəzetinin təsisçisi və baş redaktorudur.
ВАНАR TƏRANƏSİ
Bahar təbəssümü güldü torpağa,
Bağlara bol bəhər- bar bağışladı.
Yalın ətəyinə gül səpib dağın,
İti zirvəsinə qar bağışladı.
Şəlalə kamantək asıldı döşdən,
Qaval gumbultusu qopdu hər daşdan.
Bu yazın ağlımı çıxıbdı başdan,
Susan bulaqlara tar bağışladı.
Qatıbdır ipəyə bezi bu dünya,
Yarıtmaz bölgüdə bizi bu dünya.
Kimə ürək dolu arzu bu dünya,
Kiməsə göz dolu var bağışladı.
Dinsə xatirələr - qəm məni təklər...
Solan arzularmı, yoxsa çiçəklər ?..
Nəğməni dilimə həzin küləklər,
Həsrəti könlümə yar bağışladı.
SONA BÜLBÜLLƏR
(Bənzərsiz müğənnimiz Qədir Rüstəmovun ifasını bir daha dinlədim...)
Bir ürək yanğısı, bir qəlb harayı,
Qızıl teşt, bir də ki, nağıl sarayı...
Bir sirli dünyadır dünyamızda o,
İnlədər həsrəti telli sazda o.
Həsrət tonqalında yanar könüllər-
Sona bülbüllər.
Oyanar bir qəlbin bəlalı eşqi,
Sədalar Tarixə daş atar burda.
Əsrin girdabında batan aşiqi
Bir hicran nəğməsi yaşadar burda.
Kövrək çiçəklərə göz yaşı çilər -
Sona bülbüllər.
"...Dəryada gəmim qaldı,
Biçmədim, zəmim qaldı.
Çox çəkdim yar cəfasın,
Mənə də qəmim qaldı".
Köksümdə fırtına qopacaq, nədir,
Yaralı quş kimi çırpınır ürək.
Bu səsə polad da dözməz, ay Qədir!
Çətindir ürəyi güdaza vermək.
Ana balasından ayrı düşübmü,
Bəs bu nə nalədi, haraydı-haydı ?!.
Anamı ağladan bu fəryadın kaş
Dünyanın sonuncu qəmi olaydı !..
Min Kərəm alışar bu odlu səsdə,
Hardasa bir Əsli axır nəfəsdə...
Bir qəm şəlaləsi, həsrət buludu
Yaralı qəlbini döndərər qana.
Qədir səməndərtək yanıb qarışar
Alovlu-atəşli Azərbaycana !!!
GÖR BİR NƏ SÖYLƏDİ...
Üzürdük qoynunda şirin vüsalın,
Dözə bu sevincə kaş ürək - dedim.
Mən ipək bilirdim səni, a zalım,
Mənə necə qıyıb "daşürək" dedin.
Sevir bu günəşĺi, sənli torpağı,
Sevməkdən yoruldum demir ürəyim.
Dünyanın müqəddəs sevgi bayrağı -
Mənim "daş" ürəyim, "dəmir" ürəyim.
Təzə ad qoyurduq gülə, yarpağa.
Bilmədim kim səni yoldan elədi.
Ürək də dözmədi bu haqsızlığa,
Köksümün altında üsyan elədi.
Bağrımın başında alışan qəmin
Batıbmış oxları ürəyə kimi.
Sənin sərt sandığın "daş" ürəyimə
Gör bir nə söylədi ürək həkimi...
QARTAL ÖLÜMÜ
Bir Qartal vuruldu, düşdü torpağa,
yetim zirvələrə təsəlli neylər ?!.
Qayalar harayla qalxdı ayağa,
qoşunu qırılmış ölkədi göylər...
Dağlar baş əyirdi bir vüqar üstə,
mərdin ölümü də mərdanə olar.
Qartal can verirdi qayalar üstə,
heyrətdən ölürdü qara qarğalar...
Sıxıb caynağında kini - nifrəti
didirdi əzabı, dərdi-qəmi o.
Sönən gözlərində zirvə həsrəti,
ölümə gedirdi Qartal kimi o !..
QAYA
(Qayatək məğrur insanlara həsr etdim)
Qranit gövdəli Çinardı bəlkə,
zirvəsi buludla sirdaş olubdur.
Dərdindən od tutub yanardı bəlkə,
İllər tarix olub, o daş olubdur.
Yaşadıb köksündə dağ mətanəti,
cılız təpələri bərkə salıbdır.
Dağın köıgəsində yatmayıb qəti,
dərənin dibinə kölgə salıbdır.
Uyuyur torpağa dirsəklənərək...
elə bil qəribdir, yol çəkir gözü.
Nəyinə gərəkdir tarixə düşmək,
bərkiyib daşlaşan tarixdir özü !..
KƏNDİMİZ
Qəzəbi şimşəklər, laylası "Cəngi",
çarpışır küləklər, tufanlar ilə.
Qüdrətdə, dözümdə yarışır sanki
qoynunda yurd salan insanlar ilə.
Ömrə rahatlığı günah sayıbdır,
boylanır dünyanın hər bucağına.
Namərd qoltuğuna sığınmayıbdır,
sığınıb dağların gen qucağına.
DƏCƏL PİANO
Nə gözəldir pianomuz,
Parıldayır güzgütək.
Anam deyir, evimizi
nəğməyə bürüyəcək...
Bacım çalır, oxuyur o
şirin-şirin mahnılar.
Təkcə mənə qulaq asmır,
heç belə də dost olar ?!.
Onun belə dəcəlliyi
özümü də çaşdırır.
Barmağımla toxunuram,
görün necə qışqırır !!!
ANA DİLİ
- Atam da anam kimi
danışmırmı, ay Gülər ?..
Bəs niyə dilimizə
Ana dili deyirlər ?..
- Hər körpə dil açanda
"Ana" - söyləyir axı.
Atam da anasından
öyrənib danışmağı.
ÇƏPƏRLƏR
Haçan bu inamsızlıq
ürəklərdə kök atdı...
Şübhənin qan qardaşı
çəpəri kim yaratdı ?..
Bircə qarış torpaqda
yüz igidin qanı var.
Dünyadan torpaq deyil,
ad aparıb babalar...
Bu çəpər - qəfəslərə
sığışmır Ana Torpaq.
Az qalır hiddətindən
alışıb yana torpaq.
Bölünmüş arzuların,
bölünmüş ümidlərin
sədasıdır çəpərlər.
Dünyada narahatlıq
adasıdır çəpərlər...
Parçalanmış torpağın
dərdi ürək yandırır.
Araz iki sahildə
həsrət alovlandırır !
Çəpərlər arxasında
ürək yanar, göz yanar.
Yollarını kəsməsək
üfüqlərə uzanar,
Şər toxumu səpərlər,
bu çəpərlər, çəpərlər...
Etibarı - inamı
bölməyək qram - qram.
Çəpərlərdən boylanan
dostluğa inanmıram !!!