Fevralın 10-u Azərbaycanın görkəmli botanik alimi AMEA –nın müxbir üzvü professor Tofiq Sadiq oğlu Məmmədovun doğum günüdür.
Mənalı və şərəfli ömür yolu keçmiş alim səmərəli fəaliyyəti, uğurlu tədqiqatları, dəyərli əsərləri ilə elm və təhsilimizə böyük töhfələr verib. Botanika elminin tədqiqinə və öyrənilməsinə daim diqqət göstərək, ömrünün son baharını da elm yolunda vəda etərək canını qurban verən Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının III nəşrinin hazırlanması üçün ekspedisiyaya ezam olunan zaman həyatını faciəli şəkildə itirən alimin ömür yolu və fəaliyyətinin ayrı-ayrı məqamlarına bir daha nəzər salaq.
Azərbaycan botanika elminin görkəmli tədqiqatçısı, biologiya elminin inkişafında əvəzsiz rolu olan T.Məmmədov zəngin yaradıcılıq yolu keçib. Onun ömür yolunun əsas hissəsi Dendrologiya İnstitutu ilə bağlı olub. T.Məmmədov artıq 25 il idi ki, Dendrologiya İnstitutuna rəhbərlik edirdi. Bu illər ərzində özünü son dərəcə bacarıqlı təşkilatçı və qayğıkeş rəhbər kimi tanıtmışdı. Böyük elmi, nəcib davranışı, yüksək mədəniyyəti, sadəliyi ilə hamının hörmətini qazanan alim olduqca səmərəli elmi fəaliyyət göstərib.
Bu gün də T.S.Məmmədovun elmi tədqiqatları nəticəsində dünya florasından tropik və subtropik mənşəli yeni növ ağac-kol bitkiləri introduksiya edilir, yerli torpaq-iqlim şəraitinə uyğunlaşdırılması, bioekoloji xüsusiyyətləri elmi əsaslarla öyrənilən bitkilər morfoloji, bioloji, ekoloji və dekorativ əlamətlərinə görə seçilir, qruplaşdırılır, landşaft memarlığı əsasında tətbiqi üçün təklif və tövsiyələr verilir. Məmmədov işğaldan azad edilən ərazilərdə təbiət və meşələrinə dəymiş zərərin monitorinqi aparan ilk alimlərimizdən olub.
Məmmədov Tofiq Sadıq oğlu 10 fevral 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olub. 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İnşaatçı-mühəndis fakültəsini bitirib, 1995-1999-cu illərdə AMEA-nın Botanika İnstitutunun dissertantı olub.
T.Məmmədov 2000-ci ildə “Botanika” ixtisası üzrə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyalarını müdafiə edibş, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib, 2014-cü ildə professor elmi adını alıb.
Azərbaycan SSR EA Botanika İnstitutunun Mərdəkan Dendrarisində baş mühəndis, direktor müavini (1986), direktor vəzifələrində (1996) çalışıb. 2014-cü ildə alimin təşəbbüsü ilə Mərdəkan Dendrarisinin bazasında AMEA-nın Dendrologiya İnstitutu təşkil olunub və T.Məmmədov direktor vəzifəsinə seçilib. 2021-ci ildən həmin institutun baş direktoru olub. O, müxtəlif illərdə Bakı Dövlət Universitetinin Botanika və Odlar Yurdu Universitetinin Tibbi biologiya kafedralarının professoru kimi fəaliyyət göstərib.
T.Məmmədov Azərbaycanın bir çox bölgələrinin, o cümlədən Bakı şəhəri və onun ətraf qəsəbələrinin yaşıllaşdırılması və landşaft arxitekturasının qorunub saxlanılması üçün çox qiymətli tövsiyələr verib. T.Məmmədov 2014-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna ( Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə) kadrların seçilməsi şöbəsinin eksperti oub. Tanınmış alim yerli və xarici mətbuatda dərc edilən 250-yə yaxın əsərin, 11 patent, 30 kitab, Səhiyyə Nazirliyinin 2 gigiyenik sertifikatının müəllifidir. “Ekologiya” (2004), “Gülçülük ensiklopediyası” (2006), “Qazon və bəzək memarlığı” (2006), “Ekoloji oyunlar” (2007), “Bitkilərin anatomiyası və morfologiyası üzrə izahlı terminlər” (2013), “Bitki ekologiyası” (2013), kitabları ali məktəblərdə dərs vəsaiti kimi istifadə edilir. Ardıcıl ekspedisiyaların və Azərbaycan dendroflorasının müasir vəziyyətinin monitorinqinin nəticəsi olaraq, “Azərbaycan dendroflorası” (2011-2019) 5 cildliyində Böyük və Kiçik Qafqaz ərazilərində genefondun qorunması, biomüxtəlifliyin artırılması, ətrаf mühitin mühafizəsi, təbii еhtiyаtlаrdаn səmərəli istifаdə еdilməsi və оnlаrın bərpаsı üzrə mühüm nəticələr öz əksini tapıb. Bu əsər Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının 2022-ci il üçün elan etdiyi müsabiqəyə təqdim edilib.
T.Məmmədov 50-dən çox beynəlxalq qurultay və konfransda iştirak edib. Onun təşəbbüsü və səyləri ilə AMEA-nın Dendrologiya İnstitutunda Beynəlxalq Botanika Bağları konfransları (2006, 2010, 2013, 2015, 2017) keçirilib, institut 2005-ci ildə Dünya Botanika Bağlarının, 2009-cu ildə Amerika Botanika Cəmiyyətinin üzvü seçilib. İşğaldan azad olunmuş torpaqlarımıza bioloq alimlərin “Böyük Qayıdış”ının nümayəndəsi Tofiq Məmmədov olub, 2020-ci ilin dekabrında Zəngilana ilk ekspedisiyada iştirak edib. 2021 və 2022-ci illərdə onun rəhbərliyi altında Dendrologiya İnstitutunda Böyük tarixi Zəfərə və “Şuşa İli”nə həsr olunmuş ümumrespublika sərgiləri uğurla keçirilib. Alim Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının III nəşrinin hazırlanmasında yaxından iştirak edib.
T.Məmmədov Bolqarıstanın “Paleobotanika” və “Hortus Botanicus” jurnallarının redaksiya şurasının, MDB ölkələri üzrə Botanika Bağlarının, Türkiyə İman Universiteti dərgisinin ekspert şurasının, 2014-2015-ci illərdə AMEA Botanika İnstitutunda Dissertasiya müdafiəsi şurasının üzvü olub, 2013-2016-cı illərdə AMEA Biologiya və Tibb Elmləri Bölməsi akademik-katibinin müavini vəzifəsində çalışıb, 2016-2019-cu illərdə büro üzvü, 2019-cu ildən ömrünün sonunadək Bölmənin Elmi şurasının üzvü olub.
2005-ci ilin ekologiya sahəsində “İlin adamı” adı, 2 dəfə AMEA-nın Fəxri fərmanı, 2015-ci ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilib.
Millət ancaq sevdiyi insanları yaddaşında saxlayır ele insanları ki, onlar xeyirxah düşüncə xeyirxah söz və xeyirxah əməl sahibidir. Yüksək əxlaq və fəzilət sahibi olan professor Tofiq Məmmədov məhz belə insanların yanında yer alan ziyalılarımızdan biri idi. Görkəmli alim, cəfakeş elm, təhsil fədaisi, gözəl insan, qayğıkeş, bacarıqlı elm təşkilatçısı Tofiq Məmmədovun əziz xatirəsi ürəklərdə daim yaşayacaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.