İran molla rejiminin son vaxtlar Azərbaycan Respublikasında din pərdəsi altında xüsusi siyasi qruplaşmalar yaratmaq, casus şəbəkəsi formalaşdırmaq və bütün bunları Azərbaycan dövlətçiliyinə qarşı yönəltmək cəhdləri bir çox faktlarla təsdiqini tapır və düşməncəsinə münasibətdən xəbər verir.
Azərbaycan torpaqlarının 20 faizini 30 il işğal altında saxlayan, zəbt etdiyi ərazilərdə tarixi abidələri, məscidləri, pirləri, qəbiristanlıqları dağıdan erməni daşnaklarına hər cür siyasi, hərbi, iqtisadi dəstək verdiyi halda, oturub-durub islam adından danışması, özünü əzilən müsəlmanların himayədarı kimi qələmə verməsi molla rejiminin riyakar mövqeyini bütün çılpaqlığı ilə ortaya qoyur.
Adı beynəlxalq terroru dəstələməkdə hallandırılan, islamı başdan-ayağa qara fonda təqdim edən İran İslam Respublikasından fərqli olaraq, Azərbaycan Respublikası hər zaman müsəlman aləmi ilə Avropa arasında dialoqu, tərəfdaşlığı və əməkdaşlığı gücləndirmək, Qərb ölkələrində bəzi bəlli səbəblərdən islama olan xoşagəlməz münasibəti dəyişmək məqsədi güdən qlobal miqyaslı tədbirlər həyata keçirir. 2011-ci ildən başlayaraq mütəmadi təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının, 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun ölkəmizin paytaxtında keçirilməsi və həmin ilin Azərbaycanda Multikulturalizm ili elan edilməsi, Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2015-ci ildə Avropa Oyunlarının, iki il sonra isə İslam Həmrəyliyi Oyunlarının Bakıda təşkil olunması Azərbaycanın artıq müxtəlif sivilizasiyaların, xalqların və dinlərin qovuşa, anlaşa biləcəyi bir mərkəz halına gəlməsini sübut edir.
Bütün bunlara qısqanclıqla yanaşan İran hakim dairələri, gülməlidir ki, hətta 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin Bakıda keçirilməsinə etiraz əlaməti olaraq, Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini geri çağırmış, Təbrizdəki Azərbaycan konsulluğu qarşısında, Azərbaycanda dini hissiyatın tapdalanması adı altında etiraz aksiyaları təşkil etmişdi. İranın bu və buna bənzər çoxsaylı addımları göstərir ki, İran molla rejimi öz ətrafında inkişaf etmiş, dünyəvi, demokratik, həm də regionda söz sahibi olan sivil bir müsəlman ölkəsi görmək istəmir. İran hakim dairələri hələ də Şimali Azərbaycana, eləcə də bir çox qonşu ölkələrə imperiya xəyallarının “işığında” baxır. Halbuki son min ildə indiki İran ərazisində yaranan imperiyaları (Böyük Səlcuqlu, Hülakülər, Ağqoyunlu, Səfəvilər, Afşarlar, Qacarlar) quranlar və idarə edənlər heç də farslar olmamış və onlar şovinst siyasət yürütməmişlər.
Molla rejimi bu gün, təəssüflər olsun ki, Pəhləvilərin İranda türk varlığını danmaq, türk kimliyini yox etmək siyasətini davam etdirməkdədir. Aydındır ki, 40 milyonluq xalqın varlığını danmaq, onun ana dilində belə ibtidai təhsil almasına imkan verməmək siyasəti gec-tez öz əks-təsirini göstərməli idi və göstərir də. Türk dünyasının gündən-günə güclənməkdə olan siyasi, iqtisadi, mədəni birliyi bu gün İranın şovinist qüvvələrinin qorxunc kabusuna çevrilməkdədir. Müstəqil türk dövlətləri arasında dostluq və qardaşlıq ideyasının yüksəlişi, siyasi müstəvidə həmrəylik və birliyin aşkar nümayişi, sözsüz ki, cənubdakı azərbaycanlı əhalinin öz milli kimliyini daha artıq dərk etməsinə, öz milli hüquqlarının bərpası yönündə fəaliyyətlərini genişləndirməsinə təkan verir. Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun artması, ölkədəki hakimiyyət və xalq birliyi bizə cənublu soydaşlarımızın hüquqlarının qorunması ilə bağlı tələbləri daha yüksək tribunalardan səsləndirmək imkanı yaradır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışı zamanı açıq şəkildə bildirmişdir ki, “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur” (Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə İlham Əliyevin nitqi. 11 noyabr 2022-ci il).
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ordusunun hərbi əməliyyatlarına İranın əngəl törətmək cəhdləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsinə imkan verməmək üçün İranın atdığı addımlar, ötən ilin oktyabr-noyabr aylarında İranın Azərbaycanla sərhəddə gerçəkləşdirdiyi hərbi təlimlər və s. bu ölkənin hakim dairələrinin məkrli siyasətini bir daha açıq-aydın aşkara çıxarır. Bu ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın, səfirlikdə çalışan Azərbaycan vətəndaşlarından birinin öldürülməsi və bir neçəsinin yaralanması ilə nəticələnən terror hadisəsi İran rejiminin Azərbaycana qarşı qərəzli və düşməncəsinə münasibətinin növbəti təzahürü kimi ciddi narahatlıq doğurur. Terrorçunun həbs olunandan az sonra əlini-qolunu sallayaraq İran dövlət televiziyalarına müsahibələr verməsi İran dövləti üçün utancverici hadisə olmaqdan əlavə, hakimiyyətin terror faktını ört-basdır etmək təşəbbüsü güdən təbliğatının eybəcər xarakterini də ortaya qoyur.
Sözsüz ki, Azərbaycan dövləti, Azərbaycan xalqı qonşuları ilə sülh şəraitində yaşamağa, qonşu dövlətlərə münasibətdə qarşılıqlı hörmət və ehtiramı gözləməyə xüsusi önəm verir. Amma qonşulardan hər hansı birinin ölkəmizdə daxili sabitliyi pozmaq üçün atılmış addımları, siyasi müstəqilliyimizə, ərazi bütövlüyümüzə xələl gətirmək cəhdləri heç vaxt cavabsız qalmır və bundan sonra da qalmayacaqdır.
Mən bu yığcam yazını ölkə Prezidentinin bugünkü İran hakimiyyətinin Azərbaycana qarşı yürütdüyü siyasətə qiymət verərkən səsləndirdiyi fikirlərlə yekunlaşdırmaq istəyirəm: “İran rəsmiləri, o cümlədən çox yüksək vəzifəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər. Niyə onların heç biri bizim haqqımızda eyni şeyi demədi? Bizim ərazilərimiz 30 il işğal altında olub. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün qırmızı xətt olduğunu eşidən oldumu? Xeyr. Bunlar Azərbaycan xalqının verdiyi suallardır. Bu sualı təkcə mən vermirəm. Ancaq hər bir azərbaycanlı öz ölkəsi barədə düşünür, bu sualı verir və cavab tapa bilmir. Ona görə də indi İranla Azərbaycan arasında baş verənlər bizim tərəfimizdən yaranmayıb. Biz yalnız cavab veririk və istər sözlə olsun, istərsə də əməllə, hər cür anti-Azərbaycan addımına cavab verəcəyik” (ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda İlham Əliyevin çıxışı. 25 noyabr 2022-ci il). Ölkə başçısının səsləndirdiyi “hər cür anti-Azərbaycan addımına cavab verəcəyik” fikri, heç şübhəsiz, hansı sahədə çalışmasından asılı olmayaraq, ərazi bütövlüyümüzü və siyasi müstəqilliyimizi qorumağa hazır olan hər bir azərbaycanlının iradəsini ifadə edir.
Muxtar İMANOV, AMEA-nın Folklor İnstitutunun baş direktoru, akademik
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.