( NOVELLA)
Reanimasiya şöbəsinin tibb bacısı Vəsilə artıq bir aydan çox idi ki, işdən sonra öz blokuna girməmişdən, qonşu bloka girirdi. Burada onun şöbəsində yatan son Vətən müharibəsində ağır beyin travması almış əsgər Səmədin valideynləri yaşayırdı. Səməd Sənubər xala və Məcid kişinin tək oğulları idi.
Hər dəfə də onların ümid dolu baxışları qarşısında o, eyni cümlələri ürək ağrısı ilə təkrar etməli olurdu:-Səməd hələ özünə gəlməyib,süni komadadır,həkimlər nə lazımdırsa, edirlər. Türkiyədən mütamadi gələn həkimlərin daima nəzarətindədirlər bütün yaralılar. Dövlətimiz də onlar üçün hər şeyi edir.
Qapının açıq olduğunu bilsə də zəngi basdı. Səmədin valideynləri qapını heç gecə də açarla bağlamırdılar, oğullarının bağlı qapı arxasında bir an belə qalmasına razı ola bilmirdilər, onu hər an gözləyirdilər.
Qapını Məcid kişi açdı, Vəsiləni görcək;-bala xoş gəlmisən, elə səni gözləyirdik, növbə günlərini əzbər bilirik.
Otaqda Sənubər xala ilə qucaqlaşıb öpüşdülər. Sənubər xala səssiz gözlərini sildi.
Sual gözləmədən Vəsilə özü dilləndi: - Vəziyyəti sabitdir, pisləşməsi, ağırlaşması yoxdur, ürəyi də yaxşı işləyir. Həkimlər də əllərindən gələni edirlər.
Sənubər xala bir daha gözünü əlindəki dəsmalla silib dedi:-Bala heç olmasa uzaqdan da olsa oğlumuza baxa bilərikmi? Çox ağırdır axı, biləsən ki, oğlun səninlə bir şəhərdədir, amma onu görə bilməyəsən. Səmədin dostları sağ olsunlar, gündə gəlirlər, aparıb Klinikanın binasını, Səmədin olduğu mərtəbəni bizə dəfələrlə göstəriblər. Səməd olan binanı görəndə azacıq da olsa, təskinlik tapırıq.
Sənubər səsini bir az yavaşıdaraq aramla danışmağa başladı:
-Mənə diqqətlə qulaq asın, özünüzü təmkinli aparacağınıza söz versəniz, sizə Səmədi görməyə şərait yaradacağam. Sizə deyəcəklərimi heç kimə deməməli və səssiz qalmalısınız.
Sənubər xala dilləndi: -Bala, səsimiz qalıb ki, səssiz meyitlər kimi bu kişi ilə otaqları sərgərdan gəzirik. Nəyə desən hazırıq. Bu kişini bilmirəm, mən bərk qadınam.
Məcid kişi: - Boy, niyə bilmirsən ki?
Səninlə yumşaq olduğuma baxma arvad, lazım olsa polad kimiyəm.
Oğlumuzun müharibədəki şücaətlərindən qəzetlər yazır, televizorlar danışır. Bəs o kimə oxşayıb? Elə mənə!
Sənubər xanım ərinə dinməz baxandan sonra Vəsiləyə döndü:- qadan canıma gəlsin, nəyə desən, hazırıq.
- Bizim reanimasiya şöbəsində bir həkim çalışır, Leninqradda oxuyub, çox savadlıdır, çoxlarını o dünyadan qaytarıb.
Bu gün Kamil həkim məni kabinetinə çağırıb təklikdə bunları dedi; -Səmədin halı göstərir ki, o, ölümlə diriliyin, o dünya ilə bu dünyanın sərhəddində dayanıb. Üzü o biri dünyaya baxır, çünki onun gözlərinin qarşısında çox gözəl, əsrarəngiz mənzərələr açılıb. Amma o dayandığı nöqtədən nə irəli, nə də geri bir addım belə atmır. Bu dünyaya da onun bağlantısı, nisgili olduğu hiss olunur.
Düşünürəm ki, onu əzizləri çağıra bilər. Səs ona çatsa və o, geri baxsa, mütləq ayılacaq. Səs anasının, atasının, nişanlısının da ola bilər. Biz gecə növbəsində buna cəhd edə bilərik.
Sənubər xanım dilləndi:- qızım, onun nişanlısı yoxdur, axı. Bir- iki dəfə söz atdım, dedi ki, torpaqları düşmən tapdağında olan vətənin oğullarının evlilik haqda düşünmələri düz deyil.
- Yaxşı, birisi gün Kamil həkim də, mən də gecə növbəsindəyik. Sizi müvafiq surətdə geyindirib oğlunuzun yanına buraxarıq.
Amma bunu bilən olsa, məni işdən mütləq çıxardarlar, Kamil həkimin də başı ağrıyar.
Özünüzü sakit aparmağa söz verirsiniz?
Sənubər xala ilə Məcid dayıdan bir söz eyni anda çıxdı:- Hə!
Gecə reanimasiya şöbəsinin geyinib- soyunma otağında üç nəfər ağ paltar və maskalarda olacaq əməliyyata hazır vəziyyətdə dayanmışdılar.
- Sənubər xala, birinci sizinlə gedirik, Məcid dayı burada qoy bizi gözləsin.
Vəsilə Sənubər xanımın qoluna girib ona getməkdə dəstək oldu.
Sənubər xanım baş verənləri axıra qədər anlamasa da artıq ana ürəyi Səmədi hiss etmişdi. Onun ayaqları sözünə pis baxsa da, ruhu artıq Səmədin, yeganə balasının yanında idi.
Sənubər xanım təkçarpayılıq palataya girəndə gördüyü mənzərə onu çaşdırdı və həyacanlandırdı.
O, çarpayıda oğlu olduğunu anlasa da, ona birləşdirilmiş çoxlu naqillərin, nazik boruların içində Səmədi son anda tanıdı və ayaqları onu ayaq üstə saxlamaqdan imtina etdilər. Yaxşı ki, Sənubər onu müvazinətdə saxlamağa kömək oldu. Sənubər onu çarpayının baş tərəfinin yanında əvvəldən hazırladığı kətilə oturtdu və ona pıçıltı ilə dedi;-başınızı əyin, barmağı ilə Səmədin qulağını göstərdi, bura nə istəyirsiniz deyin.
Təmkinli olacağınıza söz vermisiniz.
Sənubər xanım dodaqlarını oğlunun qulağına dayadı.
İlk ağlına gələn fikir o oldu ki, məhz indi, dodaqlarını oğlunun qulağına dayamış halda ölmək istəyir. Bu onun arzulaya bildiyi ən yaxşı ölüm olardı. Məhz oğluna yapışaraq ölməyi Allahın ona ola biləcək ən gözəl lütfü sayardı.
Vəsilənin səsi onu elə bil yuxudan ayıltdı:- Sənubər xala, danışın.
O dodaqlarını oğlunun qulağından azacıq ayıraraq, özü də tanımadığı, birbaşa ciyərlərinin dərinliyindən gələn boğuq səslə dedi:- Canım oğlum, Səmədim, sənsiz yaşaya bilmərəm əziz balam, qayıt! Biçarəyəm, eşit məni, sən mənim həyatımın özüsən, dön geri, dur elə indi, gedək evə!
Dur balam mənim, ömrüm mənim!
Bu sözlərdən sora o balasının çiynini, qollarının naqillərdən açıq yelərini öpməyə başladı.
- Sənubər xanım, gedək. O, Səmədin anasının qoluna girərək hıçkırtı içində olan bu xanımı yarısürüyərək palatadan çıxartdı.
Məcid kişi özünü toxtaq göstərməyə çalışsa da, həyacanını gizlədə bilmirdi. Vəsilə hər ehtimala qarşı onun da qoluna girmişdi.
Gedə- gedə o düşündü ki, Səmədin beyninə birləşdirilmiş aparatın göstəriciləri ananın səsinə heç bir reaksiya vermədi. Ümidi atasına idi.
Məcid kişini kətildə oturdurub, əlini onun kürəyinə qoyub onun başını Səmədin qulağı tərəfə əydi;- Məcid dayı, istədiyinizi deyin.
Məcid kişi bir nitq hazırlamışdı, amma oğlunu bu vəziyyətdə görən kimi hər şey yadından çıxdı. Çox iclaslara etdiyi çıxışların təcrübəsi də karına gəlmədi.
Boğazını təkrar- təkrar arıtdayaraq ağlına ilk gələnləri deməyə başladı: - Oğlum, igidliklərindən xəbərim var. Kişi kimi vuruşmusan, çox sağ ol! Çörəyim sənə halal olsun. Vətəni elə sənin kimi oğullar qorumalıdır.
Sən Daşaltı əməliyyatında yaralanmısan. Deyim, xəbərin olsun, Şuşa bizimdir. Mərd oğullarımız bunu bacardılar. Qarabağ Azərbaycandır!
Amma oğlum, Səməd, sənin bizdən qabaq getməyin haqsızlıq olar. Mənim çiynim sənin heç boş tabutunun ağırlığına dözməz. Sənsiz həyatımızın şamı sönüb, qayıt geri, onu yenidən yandır!
Özümü demirəm, Anana xatir geri dön, oğlum!
Sənubər ensefoloqrafın lal göstəricilərinə baxsa da ata gözlərindən qəfil yağış kimi tökülən göz yaşlarını görməyə bilmədi…
Taksi sürən qardaşı ilə Səmədin valideynlərini ötürəndən sonra Kamil həkimin otağına gedib olanları nəql etdi:- Beyin nə atanın, nə də ananın səsinə reaksiya vermədi.
Uzun sükutdan sonra Kamil həkim dedi: -nə edə bilərik? Bacardığımızı edək, dualarımızı da əsirgəməyək.
Vəsilə bütün sonrakı günləri düşünə- düşünə qalmışdı, ona elə gəlirdi ki, nəsə yenə etməlidir.
Növbəti dəfə Səmədgilə gedəndə soruşdu ki:- Səmədi həmişə bir oğlanla görürdüm, o kimdir ki?
Sənubər xanım ərinə baxıb dedi: -Yəqin Səmədin dostu Zamiqi deyir.
Onlar uşaq bağçasından bir yerdəydilər. Məktəbdə də bir sinifdə oxudular, bir yerdə idmana da getdilər. Gecələri, gündüzləri bir yerdə idilər. Elə cəbhəyə də bir yerdə könüllü getdilər. Döyüş yoldaşları danışırdılar ki, döyüşdə də çiyin- çiyinə, kürək- kürəyə olublar. Qrad mərmisi düşəndə də yanaşı olublar. Səməd yaralanıb, Zamiq isə şəhid olub.
Kədər bizi onların ailələri ilə daha da yaxınlaşdırıb, ya onlar bizə, ya da biz onlara tez- tez gedirik, bir- birimizi ovundururuq.
Vəsilə pis yatırdı, yaralılarımızın vəziyyətini içinə çox salırdı. Belə yuxusuz gecələrin birində, ağlına bir fikir gəldi.
Səmədgildən ünvanı götürüb Səmədin dostu Zamiqgilə getdi, özünü təqdim etdi, başsağlığı verdi.
Çay içə-içə Zamiqin anası Bəsti xanımdan Zamiqin telefonunu soruşdu.
Bəsti xanım bu suala çox təəccüblənsə də oğlunun telefonunun evdə olduğunu dedi.
- Arada cəbhədən qısa da olsa zənglər edirdi, hər dəfə də deyirdi ki, dayanmadan irəliləyirik, erməniləri iti qovan kimi qovuruq.
Mən ona deyəndə ki, bala, özünü qoru, həmişə eyni cavabı verirdi. Deyirdi: - Ana, sən biləsən mən necə oğullarla yanaşı vuruşuram. Qorxunun- ürkünün nə olduğunu bilməyən, ölümün gözünə dik baxan igidlərlə yanaşı vuruşduğuma görə iftixar duyuram.
Hər şeyə də hazır olun, mən heç kimdən artıq deyiləm, evi də həmişə səliqədə saxlayın.
- Bəsti xanım, bir günlük onun telefonunu mənə verə bilərsinizmi?
Bəsti xanım bir az düşünəndən sonra dedi; -nəyəsə gərək ola bilirsə,niyə də yox?!
-Adapteri də icazənizlə götürərəm.
Növbəti gecə növbəsində o, gecə yarısı Səmədin palatasına daxil olub, Zamiqin telefonunun Vatsap yaddaşından seçdiyi bir səsli mesajı Səmədin qulağına yaxınlaşdırdı.
O, Zamiqin Səmədə göndərdiyi səsli mesajların içindən məhz bu mesajı seçmişdi. O, telefonun səsini axıra qədər qaldırdı.
Zamiqin səsi palataya yayıldı: -Qaqaş, sabah tezdən voenkomatın qabağında görüşürük. Nəhayət ki, gedirik Qarabağımızı düşmənlərdən azad etməyə. Sən hazırsan?
Zamiqin bu sözlərindən sonra beyinə nəzarət edən aparatın rəngli işıqları səsli yanıb sönməyə başladı və Səməd qəfil gözlərini açıb dedi: - Əlbəttə, torpaqlarımızı azad etməyə həmişə hazıram!
Vəsilə telefonu götürüb palatadan çıxdı. Kamil həkimin otağına tərəf qaçaraq və çatacağına səbr etməyib elə dəhlizdə ucadan
qışqırdı:- Kamil həkim, o, qayıtdı, Səməd qayıtdı!
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.