AMEA Rəyasət Heyətinin fevralın 14-də keçirilən iclasında müzakirəyə çıxarılan növbəti məsələlər Akademiyanın elmi müəssisələrində aparılan struktur islahatları haqqında olub.
Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-da idarəetmənin təkmilləşdirilməsi, paralel qurumların aradan qaldırılması, elmi istiqamətlər üzrə mütəxəssislərin vahid mərkəzdə cəmləşdirilməsi məqsədilə struktur islahatları aparılır.
Daha sonra iclasda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin ləğv edilməsi, Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin bazasında Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin yaradılması haqqında qərar qəbul olunub.
Həmçinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya və Biblioqrafiyaşünaslıq şöbələrinin bazasında Kitabxana və biblioqrafiyaşünaslıq şöbəsi yaradılıb, Şərq ölkələri türkdilli əlyazmaların tədqiqi şöbəsi isə Türkdilli əlyazmaların tədqiqi şöbəsi adlandırılıb.
Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin 16 yanvar 2023-cü il tarixli qərarına əsasən Folklor İnstitutunun Musiqi folkloru şöbəsi ləğv edildiyi üçün institutun Elmi şurasının qərarı ilə “Qorqud” ansamblının da fəaliyyətinə xitam verilib.
Eyni zamanda müvafiq elmi-tədqiqat institutlarının təqdimatları nəzərə alınaraq AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun Atropatena-Albaniya (Qafqaz) tarixi şöbəsinin Azərbaycanın e.ə. IV – e. VII əsrinin ortaları tarixi şöbəsi, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda isə Son Neolit və Xalkolit (Eneolit) dövrü arxeologiyası şöbəsinin isə Neolit-Eneolit dövrü arxeologiyası adlandırılması barədə qərar qəbul olunub.
X X X
Fevralın 14-də AMEA Rəyasət Heyətinin iclasında Akademiyanın Ümumi yığıncağına hazırlıq barədə məsələ müzakirə edilib.
Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın tarixində ilk dəfə olaraq keçmiş SSRİ Elmlər Akademiyasından qalan Ümumi yığıncaqların aprel ayında keçirilməsi ənənəsi ləğv olunub və Rəyasət Heyətinin qərarı ilə Akademiyanın bu il Ümumi yığıncağının mart ayının 16-da keçirilməsinə qərar verilib.
AMEA prezidenti bildirib ki, Azərbaycan elminin və alimlərinin nailiyyətlərini cəmiyyətə daha dolğun çatdırmaq üçün Akademiyanın cari Ümumi yığıncağının formatında dəyişiklik edilib və bir çox yeniliklər nəzərdə tutulub. Ümumi yığıncaqda “AMEA-nın 2022-ci ildə əsas elmi yekunları və qarşıda duran vəzifələr” mövzusunda əsas məruzədən başqa ilk dəfə olaraq müasir texnologiyaların imkanları ilə dəstəklənən “AMEA-da elmi kadrların hazırlanması: mövcud vəziyyət və vəzifələr”, “AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış”, “AMEA-nın beynəlxalq elmi əməkdaşlıq sahəsində fəaliyyəti”, “AMEA-nın nəşriyyat fəaliyyəti və nəşrləri” mövzularında məruzəyə əlavələrin də müzakirəyə çıxarılacağı nəzərə çatdırılıb. Həmçinin ilk dəfə olaraq AMEA-nın elmi-tədqiqat institutlarının reytinq göstəriciləri ictimaiyyətə çatdırılacaq.
Daha sonra geniş müzakirələr aparılıb və AMEA-nın 16 mart 2023-cü il tarixində keçiriləcək Ümumi yığıncağının gündəliyi təsdiqlənib.
X X X
Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında qardaş Türkiyədə baş vermiş zəlzələyə həsr olunmuş məruzə dinlənilib.
Əvvəlcə iclasda qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Türkiyədə baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verdiyini deyən akademik İsa Həbibbəyli ölkə başçısının göstərişi ilə dövlət qurumlarının operativ iş rejiminə keçdiyini, qardaş ölkəyə xilasedici dəstələr, tibb personalı və yardım üçün lazım olan tibbi ləvazimatların, humanitar yardımların göndərildiyini söyləyib. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə zəruri olan dərman və tibbi ləvazimatların göndərildiyini, yardım kampaniyasına sadə vətəndaşlar, dövlət qurumları və ayrı-ayrı təşkilatlarla yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələrinin əməkdaşlarının da dəstək verdiklərini deyib.
Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Akademiyada operativ müşavirənin keçirildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli AMEA əməkdaşlarının zəlzələ və onun səbəbləri, dağıdıcı zəlzələlərin yaratdığı fəsadlar, Azərbaycandakı hazırki seysmik vəziyyətlə bağlı ölkə mediasında davamlı olaraq açıqlamalarla çıxışlar etdiklərini və əhalinin maarifləndirilməsi istiqamətində təbliğat işi apardıqlarını söyləyib.
Sonra AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin “Türkiyədə baş vermiş zəlzələlərin ilkin nəticələri və seysmologiya elminin vəzifələri” mövzusunda məruzəsi dinlənilib. O, Türkiyədəki zəlzələlərin dağıntılarının miqyasının böyük olmasının ilk növbədə yeraltı təkanların ardıcıl iki dəfə təkrar olması və uzun müddətli olması ilə əlaqədar olduğunu bildirib.
Eyni zamanda Qurban Yetirmişli rəhbərlik etdiyi mərkəzin ölkə ərazisində fəaliyyət göstərən seysmik stansiyaları, kompleks seysmoloji, geofiziki və geodinamik tədqiqatlar zamanı istifadə olunan elmi metodikalar barədə məlumat verib.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
Seysmik aktiv bölgələrdə yerləşən dövlətlərdə zəlzələyə dayanıqlılıq məsələsinin başlıca problemlərdən biri olduğunu deyən akademik İsa Həbibbəyli bu istiqamətdə aparılacaq elmi tədqiqatların problemin həllinə öz töhfəsini verə biləcəyini söyləyib. Həmçinin qeyd edib ki, ölkəmizdə “Seysmologiya” ixtisası üzrə yüksəkixtisaslı kadr hazırlığı işinə diqqət daha da gücləndirilməlidir və bu istiqamətdə doktorantura təhsilinin yaradılmasına da ehtiyac vardır.
Müzakirələrdən sonra Rəyasət Heyəti tərəfindən kompleks seysmoloji-geofiziki-geodinamik tədqiqatların daha da genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə respublika ərazisinin seysmik rayonlaşdırma xəritəsinin hazırlanması, mərkəzin maddi-texniki bazasının və proqram təminatının yenilənməsi və s. haqqında qərarlar qəbul edilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.