Bu gün Azərbaycanın tanınmış ziyalısı və filosofu, Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri(2004-2019), Beynəlxalq əlaqələr üzrə prorektoru (1999-2004), Azərbaycan Respublikası Baş nazirinin müavini (1994-1999), Milli Qəhrəman Məzahir Rüstəmovun atası, “Şöhrət” ordenli professor İzzət Əşrəf oğlu Rüstəmovun ad günüdür.
İzzət Əşrəf oğlu Rüstəmov 1932-ci il fevral ayının 15-də Gədəbəy rayonunun Şınıx mahalının Düz-Rəsullu kəndində anadan olmuşdur. 1961-ci ildə "Həsən bəy Zərdabinin ictimai-siyasi və fəlsəfi görüşləri" mövzusunda namizədlik, 1972-ci ildə "Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri (XIX və XX əsrin əvvəli)" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmiş, 1965-ci ildə dosent və 1977-ci ildə professor elmi adını almışdır. 1984-1994-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyası Fəlsəfə kafedrasının müdiri, 1987-1988-ci illərdə Azərbaycan KP yanında Partiya tarixi institutu direktorunun elmi işlər üzrə müavini, 1994-1999-cu illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, 1999-2004-cü illərdə Baki Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, 2004-cü ildən 2019-cu ilədək Bakı Dövlət Universitetinin "Sosiologiya" kafedrasının müdiri vəzifələrində çalışmışdıır.
30 elmlər namizədi və 6 elmlər doktoru yetişdirmiş,200-dək elmi məqalənin, 4 monoqrafiyanın, 10 kitabın müəllifidir.
1991-ci ildə Akademik S.İ.Vavilov adına medalla, 2007-ci ildə Azərbaycan Respublikasının "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə, 30 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Milli Qəhrəman Məzahir Rüstəmovun atasıdır.
Hörmətli professor İzzət Rüstəmovu ad günü münasibətilə təbrik edirik!!!
Onun haqqında vaxtilə yazdığım məqaləni əlavə edirəm.
Hərə bir taleylə gəlir dünyaya...
(professor İzzət Rüstəmovun 80 illiyinə)
1976-cı ildə 2-ci kursda oxuyarkən Qubalı bir tələbə yoldaşım mənə dedi ki, Akademiyada bir qohumumuz işləyir, çox böyük alimdir- Şəmsəddin Sədiyev, onun bağında nəsə köməklik lazımdır, gəl bu bazar ora gedək. 18-19 yaşlı gənc üçün professoru yaxından görmək, onunla məişət şəraitində ünsiyyətdə olmaq necə maraqlı idisə, bazar günü bağda işləməyə qaça-qaça getdim. Orda ikinci nəhəng insanla tanış olanda uçmağa qanadım yox idi. Şəmsəddin müəllim bizi bağ qonşusu ilə tanış etdi: bu, Universitetin partkomu( o vaxtlar Partiya Komitəsinin katibi belə adlanırdı), professor İzzət Rüstəmovdur. Onunla da qayıdan baş- güclü külək qumu sovura-sovura buna imkan verməsə də, xeyli söhbət etdik. Çox maraqlı fikirləri olan müdrik adam idi. Ancaq məni təəccübləndirən bir başqa məsələ idi və bu təəccüb İzzət müəllimi tanıdığım bu 40 il ərzində daim davam edib: Universitetin “partkomu” deyilən bu adamın bağı niyə hasarsız, bağ evi kiçik bir taxta “koma” idi? Niyə bu adamın maşını yoxdur və belə küləkdə avtobus dayanacağına kimi uzaq yolu piyada gedir? Sonralar o, Baş Nazirin müavini, Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olanda da işə metro ilə gəlib-gedərkən, Əhmədlidə “Leninqrad layihəsi” ilə tikilmiş “panel binada” yaşayarkan da bu sualı düşünürdüm. Düşünürdüm ki, Azərbaycanın hər yerində tanınan, Azərbaycanı dünyaya tanıdan, Həsən bəy Zərdabini, Abbasqulu ağa Bakıxanovu, Mirzə Fətəli Axundovu, daha kimləri yenidən kəşf etməyimizə şərait yaradan, BMT Baş Assambleyasında çıxış edən nadir həmvətənlərimizdən biri, Baş Nazirin müavini, Dövlət Qaçqın komitəsinin sədri qədər vəzifələrə yüksəlmiş Milli qəhrəman atası niyə görəsən öz imtiyazlarından istifadə edib villalar, maşınlar sahibi olmayıb? Sonralar başa düşdüm ki, bu müdrik adam villaları ürəklərdə tikib, maşın əvəzinə insanların dərin rəğbətini qazana bilib. Bir dəfə Zabrat yolunda Gədəbəy məhsulları yazılmış dükanın yanında saxlayıb maşından düşdüm. Içəridə əyləşən 3-4 yaşlı adamla salamlaşıb təmiz Gədəbəy kartofu soruşdum. Yaşlılardan biri kənd sadəlövhlüyü ilə soruşdu ki, a bala, bura Gədəbəy dükanıdır da, başqa kartof nağayrır? Dedim ki, ağsaqqal, o qədər Gədəbəy adıyla aldadıblar ki, ona görə belə soruşdum. Bir də ki, mən İzzət müəllimin qohumuyam, istərdim mənə dəqiq Gədəbəy kartofu verəsiniz. Kişinin gözləri işıqlaşdı:”A bala, bizim İzzətimi deyirsən?”. Cavab verdim ki, “bəli, professor İzzət Rüstəmovu deyirəm”. Kişilər hamısı ayağa qalxdı, səs-səsə verib məni bağırlarına basdılar:”Belə sənin də qadanı alaq, adını çəkdiyin o kişinin də. İzzət müəllim bizim elin-obanın ağsaqqalıdır, hamımızın əzizidir, başımızın ağasıdır. Onun adı olan yerdə canımız da qurbandır”. Gördüm 3-4 kilo kartofa görə yaman qəlizə salmışam özümü. Məni evə dəvət edən kim, qurban kəsməyə yaxşı qoyunlar gətirdiyini deyən kim. Dedim ki, qardaşlar, mənə 3-4 kilo kartof verin, mən gedim, buraxmadılar. Sən o kişinin adını çəkmisən, bizim qonağımızsan, o əlimizə düşmür, sənə nə hörmət lazımdır eləyəcəyik və s... Sonradan öyrəndim ki, bu adamlar heç İzzət müəllimin qohumu, qonşusu deyilmişlər, sadəcə Şınıx mahalında yaşayırlar və ürəklərində bu kişiyə o qədər rəğbət varmış ki, mən əllərindən güclə qurtuldum. Kartofu da alası olmadım, çünki onlardan biri dedi ki, sən allah, Gədəbəydən bir “Kamaz” kartof gətirmişik, pul-zad da lazım deyil, yerini de,hara lazımdır, sürək aparaq. Dedim mənə bir az kartof lazım idi, “Yox, bunu o kişinin adına vermək istəyirik, qohumuna, oğul-uşağına versin. Bilək ki, biz də o şəxsiyyət üçün nə isə elədik”, dedilər. Bəlkə də mahiyyəti bir şey deyil, ancaq yanaşma məni çox duyğulandırdı. Gərək nə qədər xalq məhəbbəti qazanasan ki, sənə belə təbii rəğbət olsun! Bu gün İzzət müəllim Baş nazirin müavini deyil, xüsusi bir imtiyaz sahibi də deyil, ancaq böyük bir xalq məhəbbətinin sahibidir. Mən Gədəbəyli kənd adamlarını elə-belə xatırlamadım, həmin insanların İzzət müəllimin adı çəkiləndə keçirdiyi fərəhi, həmyerliləri ilə bağlı yaşadıqları qürur hisslərini gözümlə gördüyümü çatdırmaq istədim. Çox adam vəzifədə olur, çox adamın elmi rütbəsi var, çox adam tanınmışdır, ancaq çox adammı belə bir məhəbbət qazana bilir?! Bundan ötrü bir ömür lazımdır! Şərəfli, ləyaqətli bir ömür! Gərək vəzifədə olanda da, ən çətin məqamda da, ən xoş gündə də sabit, birsimalı olmağı bacarasan!
Hərə bir taleylə gəlir dünyaya,
Kimi tamahına güc gələ bilmir-
Cənnətdən qovulur!
Kimi paxıllıqdan dincələ bimir-
İçindən ovulur!
Kimi od olur, alov olur,
Kimi buz kimi qırov olur!
Kimi bilməyərəkdən başqalarına ov olur!
Kimi bilə-bilə ona-buna atılan tilov olur!
Kimi də əsən küləklərə, qopan tufanlara baxmayır,
Vicdanını ovuclara sağmayır,
Kişi adı, ziyalı adı, ata adı saxlayır-
İzzət Rüstəmov olur!!!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.