Zəmanə hikmətdi, mənası dərin,
Arxayın olma ki, istidi yerin.
Əlində bir qoşun, ortada Şirin,
Xosrovun Fərhada ehtiyacı var...
Bu gün Azərbaycan ədəbiyyatının, poeziyasının görkəmli simalarından biri, xalq şairi Nəriman Həsənzadənin doğum günüdür. Təbrik edir, can sağlığı arzulayıram.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, Azərbaycanın Əməkdar İncəsənət xadimi, Azərbaycanın Xalq şairi, Heydər Əliyev mükafatı laureatı, "Şərəf" ordenli Nəriman Həsənzadə.
Nəriman Həsənzadə "Nəriman", "Kimin sualı var?", "Zümrüd quşu", "Poylu - beşiyim mənim", "Nizami", "Nuru Paşa" və s. poemaları, yüzlərlə dərin məzmunlu şeirləri, "Nabat xalanln çörəyi", "Pompeyin Qafqaza yürüşü", "Atabəylər"... kimi çoxsaylı əsərləri ilə Azərbaycan ədəbi irsinə öz töhfələrini verib. O, 1931-ci il fevralın 18-də Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olub. 1953-cü ildə həmin Universiteti bitirib. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olub. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyatı tarixi" kafedrasının aspirantı olub və 1965-ci ildə "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar "Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı"nda redaktor, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləyib. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunub. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olub. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz edib. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub.
Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının "Humanitar fənlər kafedrası"nın müdiri vəzifəsində çalışır, dosentdir. O, Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür.
Azərbaycanın görkəmli yazıçısı və ədəbiyyatşünası Mir Cəlal Paşayev onun haqqında deyib: "Nəriman olduqca həssas bir şairdir. O, bir qartalın uçuşunda, bir lalənin duruşunda, bir körpənin baxışında bütün kainatı, ictimai aləmi və məna dolu həyatımızı görmək istəyir. Nərimanın şeirləri danışıq dilinə yaxın, sadə, səlis üslubu ilə də seçilir. Adama elə gəlir ki, bunlar yazılmır, söylənir. Kitabdan, rəsmiyyətdən uzaq, ürəkdən gələn şirin, maraqlı bir söhbətdir. Əlbət ki, bu yalnız şeirlərin şəkli xüsusiyyəti ilə yox, həm də məzmunu ilə bağlıdır. Nəriman oxucusunu çoxdanın dostu, tanışı və ürək sirdaşı kimi dindirir".
Nəriman müəllim Azərbaycan Respublikasının "Şərəf" ordeni (2011) ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür.
Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülmüşdür. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
Nəriman Həsənzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10.05.2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Heydər Əliyev mükafatı, 17 fevral 2021-ci il tarixli sərəncamı ilə "Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə" “İstiqlal” ordeni ilə təltif edilmişdir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.