Kərimov Məcnun Təbriz oğlu 01.09.1945-ci il Şəki kəndi 02.10.2013-cü il Bakı şəhəri
01.09.1945-ci ildə Zəngəzur mahalının, Qarakilsə rayonunun Şəki kəndində anadan olub.
İbtidai təhsilini Şəki kənd orta məktəbində alıb.
1959-63-cü illərdə Ağdam şəhər orta ixtisas musiqini məktəbini bitirdikdən sonra 1967-ci ilə kimi Zəmgilan rayonu yeddiillik musiqi məktəbinin direktoru vəzifəsində işləyib. 1963-1972-ci illərdə Ü. Hacıbəyov ad. Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri şöbəsində təhsil alıb. Buranı tar müəllimi ixtisası üzrə bitirib.
Həmin ildən etibarən orta əsrlərdə Azərbaycanda istifadə edilmiş, lakin dövrümüzə gəlib çatmamış, unudulmuş qədim musiqi alətlərinin bərpası ilə məşğul olub. 1991-ci ilə kimi bir neçə qədim musiqi alətlərini bərpa edib, həyata qaytarıb.
1991-ci ildən ömrünün sonuna kimi Bakı Musiqi Akademiyasının " Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi elmi labiratoriyası"nın müdiri vəzifəsində çalışıb.
1995-ci ildə "Azərbaycan qədim simli çalğı alətləri" (tarixi nəzəri, bərpa və təkmilləşdirmə məsələləri) mövzusu üzrə dissertasiya müdafiə edib, sənətşünaslıq namizədi adına layiq görülüb.
1998-ci ildən Bakı Musiqi Akademiyasının dossenti olub.
Və nəhayət 1996-cı ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində uzun illərinin gərgin zəhmətinin bəhrəsi olan öz rəhbərliyi ilə bərpa edilmiş qədim musiqi alətlərindən ibarət QEYRİ ADİ bir Ansambl yaratmışdı.
Həmin ildə Respublika Prezidenti Heydər Əliyev
tərəfindən bu iş yüksək dəyərləndirilmiş, onun sərəncamına əsasən kollektivə dövlət statusu verilmişdir.
1997-ci ildə Şotlandiyanın Edinburq, 1998-ci ildə Avstriyanın Melbrun şəhərində keçirilən Beynəlxalq elmi simpoziumlarda iştirak etmiş və məruzə ilə çıxış etmişdir. Bərpa edilmiş qədim musiqi alətləri bir çox xarici ölkələrdə Fransa, Şotlandiya, Rusiya, İraq, İran, Türkiyə, Pakistan, Rusiyada nümayiş etdirilmiş və çox yüksək rəy qazanmışdır.
Amsambl Mədəniyyət Nazirliyinin xətti ilə 2002-ci ilin sentyabr ayında Fransada " Roman yolu və səsi" adı ilə keçirilən Beynəlxalq festivalda iştirak etmiş və YUNESKO-nun iqamətgahında geniş konsert proqramı ilə çıxış etmişdir. 2003-cü ildə Alma-Atada, 2005-ci ildə Tacikistanda, Türkiyədə və 2006-cı ildə Küveytdə keçirilmiş beynəlxalq festivallarda iştirak etmiş, ən yüksək mükafata və diploma layiq görülmüşdür.
Ansambl eyni zamanda ölkəmizdə işgüzar səfərdə olmuş Pakistan, Bolqariya, Polşa, Rumıniya, Türkiyə, Əfqanıstan, İran dövlət başçılarının qarşısında çıxış etmiş və onların yüksək rəylərini qazanmışdır.
1999, 2000, 2001-ci illərdə Bakıda keçirilən "Respublika sənətkarlarının əl işləri" sərgisinin birinci dərəcəli diplomuna layiq görülmüşdür.
Qeydlərimdəki bu anlar Azərbaycan musiqi mədəniyyətinin tarixində xüsusi yer tutan işıqlı bir simanın portret cizgilərini ifadə edən rəngarəng tablosundandır.
Altı qırmızı xəttlə çızılmış bu qeydlər, hörmətli Məcnun müəllimin özünün yazdığı tərcümeyi halının əlyazmasından oxuduqlarımdır. Məcnun müəllimi tanıyan hər kəsin onunla bağlı zəngin, işıqlı xatirələri çoxdur.
Hədsiz vətənpərvər, əməksevər, xeyirxah, təmkinli, uzağı görən olub. Dünyanın faniliyində var olmaq, əbədiləşmək var imiş alın yazısında. Ailəsi, övladları, doğmaları sağlığında Məcnun müəllimin böyük insan olduğunun o qədərdə fərqində olmadıqlarının təəssüfünü yaşayırlar. Yoxluğu oyur, göynədir ürəklərini. Həyat yoldaşı Şəki kənd orta məktəbini qızıl medalla bitirmiş, uzun illər Bakı şəhərində, 49 saylı məktəbdə fizika fənnini tədris edən Hüsniyyə xanımın xatirələrini çözələdikcə gözümü dolduran söhbətlərindən bəzilərini sizinlədə bölüşürəm. Məcnun yer adamı deyildi. Heyif ki, bunu çox gec dərk etdim. Onun səsini bir dəfədə yüksəkdən eşitmədik. Çox səbirli, təmkinli, gen düşünən idi. Adar-madar qardaşım Litvin (şəhid Litvin Babayev) torpaqlarımız uğrunda şəhid olanda gözümün yaşını Məcnun silirdi. O məni toxdadırdı. Deyirdi ki, Litvin əbədi ölümsüzlük qazanıb. Niyə fərqində deyilsən?...
Məcnun müəllim əsl vətəndaş idi. Övladlarına, nəvələrinə, qohum-əqrabaya işinin çox olmasına baxmayaraq xüsusi qayğı ilə yanaşırdı. Nə edək ki, keşən gün geri dönmür... Təsəllimiz Məcnunun geridə qoyub getdiyi işıqlı xatirələri və yaratdığı Azərbaycan Musiqi Mədəniyyəti tarixində qalan qeyri adi Ansamblının uğurları, yeni-yeni nailiyyətləridir.
Məcnun Şəkini heç yaddından çıxartmadı. 1987-ci ilə kimi hər il Şəkiyə gedirdik. Kənd həyatını çox xoşlayırdı.Bağ-bağatda işləmək onun istirahəti idi. Təbiət vurğunu idi. Şəkinin o gözəl yerlərini qarış-qarış gəzirdi. Şəkil çəkmək hobbisidə var idi. Həvəskar fotoqraf idi. Şəkidə çəkdirdiyi çoxlu şəkilləri var. Şəki çayında, Şır-şırda, Gözədə, Örəncədə, Bazarçayda və s. füsunkar gözəlliyi olan Şəki(Zəngəzur) təbiətinin qoynunda.
Məcnun müəllimin ailə arxivini gözdən keçirəndə BAKI qəzetinin,10 dekabr, 1988-ci il tarixli Azərinformun müxbiri P. Davıdovun "Xeyirxahlıq və insanpərvərlik dərsi" başlıqlı yazısı diqqətimi çəkdi.
1988-ci il Qərbi Azərbaycanlıların öz yurdlarından sonuncu deportasiya zamanı Bakıya üz tutmuş, qaçqın düşmüş, evsiz-eşiksiz qalmış İcevan rayonunun Polad kəndinin sakinləri - heç tanımadığı 8 nəfərlik Budaqovlar ailəsini iki otaqlı mənzilinin bir otağında yerləşdirmiş, ailənin bu çətin vəziyyətində bütün qayğılarını Kərimovlar ailəsi olaraq, öz üzərlərinə götürmüşlər. 93 yaşlı nənə, körpə uşaqlar uzun müddət Məcnun müəllimin ailəsinin qayğısı ilə əhatə olunub. Övladları Könül və Gülşən xanım o günləri üzlərində yaranan xoş təbəssümlə xatırlayırlar.
Məqalənin son abzasından oxuyuram....
"Timoçenko küçəsindəki 50 nömrəli evin 4-cü mənzilində gecələr uzun müddət işıq yanır. Bu qonaqpərvər evdə müəllim Kərimovlar bizim hamımıza xeyirxahlıq və insanpərvərlik dərsi verirlər."
Kəndimizin bu işıqlı ziyalısı Məcnun Kərimov öz vəsiyyəti ilə Bibiheybətdə nənəsi- Tamam Kərimovanın və valideynləri: atası- Təbriz Kərimovun (Şəki kənd orta məktəbinim kimya müəllimi), anası Gülçöhrə (Zabuta) Kərimovanın yanında dəfn olunub.
Ruhunuz şad olsun, Məcnun müəllim. Sizi həyat yoldaşınız Hüsniyyə xanımın, qızlarınız Könül və Gülşən xanımın, nəvəniz - ata nənənizin adını yaşadan Tamamın, qudanız Sima xanımın, qardaşınız professor Kərəm Kərimovun həyat yoldaşı Amaliya xanımın, qardaşınız qızı Nərminin xoş xatirələri ilə yad etdik.
Kövrəldik, təəssüfləndik, qürurlandıq...
Şəkidən arzuladığınız bulaq suyunun həsrəti ilə xəyalən neçə yol Şəkiyə getdik-gəldik sayı itirdim...
Azadə Novruzova
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.