RAFAEL HÜSEYN:
DOSTLARIN ƏN SADİQİ
Görəsən böyük Heydər Əliyevin həyatı boyu neçə dostu olub?
Söhbət belə nəhəng miqyaslı, ömrü boyu siyasətin və dövlət işlərinin qaynar axarında və mərkəzində qərar tutan bu qəbil müstəsna şəxsiyyətlərdən gedəndə nəinki miqdar göstərmək mümkündür, hətta bu suala müsbət cavab verməyin özü də tərəddüd doğurur. Axı keçilmiş yol açıqca söyləyir ki, bunca mürəkkəb simaların və nadir adamların onillərlə dövlət idarəçiliyinin üst qatında, "at belində" qala bilməsinin ümdə səbəblərindən biri bu olub ki, həmişə son dərəcə tədbirli hərəkət ediblər, ən yaxın sayılan insanları belə sona qədər özlərinə yaxın buraxmayıblar.
Hər halda onlarla başqaları arasında, hətta ən simsar bilinənlərlə belə ortada pərdə, məsafə daim saxlanıb.
Dünya siyasətçilərinin, tarixdə qalmış üstün liderlərin tərcümeyi-hallarını izləyin, əksərində bu baxımdan oxşar mənzərəyə şahid kəsiləcəksiniz.
O mənada qəti əminəm ki, böyük Heydər Əliyevin bütün ömrü boyu hamıdan yaxın, ən doğma, ən məhrəm dostu Zərifə xanım Əliyeva olub.
Bəlkə də sonacan sadiq, ən etibarlı, ən vəfalı, ən təmənnasız tək dostu!
Zərifə xanımla vida gününün kinoxronikası qalıb.
O hüznlü anların qəmli təəssüratlarını həmin mərasimdə iştirak edənlər də mənimlə bölüşüb.
Güclüdən güclü, iradəli, dəmir kimi möhkəm Heydər Əliyev o anlarda sarsıntı içərisindədir -- hönkür-hönkür ağlayır.
Zənnimcə, bu yalnız sevimli həyat yoldaşının itkisindən doğan acının, kədərin ifadəsi deyildi.
Həm də (və bəlkə də ilk növbədə) taleyin ona nəsib etdiyi ən əziz, ən əvəzolunmaz dostdan əbədi ayrılığın doğurduğu göynəyin, yanğının göz yaşları idi.
Zərifə xanım şərəfli bir nəslin övladı, müasir Azərbaycan tarixində silinməz izləri olan qiymətli bir ictimai xadimin -- Əziz Əliyevin qızı idi.
Nəslinə. soyadına, ata-babalarına layiq ömür yaşadı, təbabətdə sözünü deməyi bacardı, elmdə akademikliyə qədər ucaldı.
Lakin onu bütün başqa Azərbaycan qadınlarından seçdirən bir xüsusiyyət də var.
Azərbaycan dövlət müstəqilliyi enişli-yoxuşlu yollardan adlayaraq 1991-ci ildə yenidən bərpa olunandan sonra artıq 32-ci ildir ki, istiqlal içərisində yaşayırıq.
İstiqlal bir xalq olaraq varlığımız boyu qazandığımız sərvətlərin ən alisidir.
Dövlət müstəqilliyimizin son 32 ilinin 30 ili iki böyük dövlət rəhbərinin adı və fəaliyyəti ilə bağlıdır: Heydər Əliyev, İlham Əliyev.
Zərifə xanım bu iki prezidentin birinin həyat yoldaşı, digərinin anası olub.
Və aprelin 28-i Zərifə xanımın doğum günüdür.
Və bu il, bu gün 100 yaşı tamam olur.
Xatirəsinə ən dərin ehtiramlar bəslədiyim bu unudulmaz insanla bağlı ötən illərdə bəstəkarlar Faiq Sücəddinov və Oqtay Rəcəbovla bir neçə nəğmə yazmışıq.
Zərifə xanımın bu yuvarlaq ildönümündə, doğum günüdə ruhuna salamlar göndərərk həmin nəğmələrin üçünü də təqdim edirəm
Zərifdən zərif.
Sözləri: Rafael Hüseynov
Musiqisi: Oqtay Rəcəbov.
İfa: Nurlan Növrəsli
ZƏRİFDƏN ZƏRİF
Qəlbin zərif, ruhun zərifdən zərif,
Sən adına, adın sənə bənzədi.
Sözün lətif, səsin xəfifdən xəfif,
Nəcibliyin gültək səni bəzədi.
Yollarında duman oldu, qar oldu,
Dönmədin, ümidlə baxdın səhərə.
Sən bahara, bahar sənə yar oldu,
Nur payladın, nuru itən gözlərə.
Getdin, xəyal kimi, şəfqətin qaldı,
Mehrinlə hər zaman qayıdırsan sən.
Getdin, ovunmayan həsrətin qaldı,
Yenə hər gün sevgi oyadırsan sən.
Yurdun əziz qızı, səndən bu xalqa,
Sevgin kimi parlaq ilhamın qaldı.
Gülləri sevirdin , hər açan güldə,
Xatirən, sabaha inamın qaldı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.