ƏLVİDA, BUBA!
Bu fotonun yaşı 40 ildən bir az çoxdur.
Və ləyaqətli insan, böyük sənətkar Vaxtanq Kikabidzenin Azərbaycanla dostluğunun, Azərbaycana sədaqətinin yaşı da elə bu qədərdir - 40 ildən çox.
Həmin məclisi dostlardan birinin geniş mənzilində jurnalist Fazil Rəhmanzadə təşkil etmişdi və məni Buba ilə ilk tanış edən də elə Fazil olub.
O vaxtacan Vaxtanq Kikabidze xeyli filmlərə çəkilmiş, musiqiçi kimi də yetərincə tanınmışdısa da, misilsiz Georgi Daneliyanın yenicə ekranlara çıxmış “Mimino"su ona qeyri-adi şöhrət və populyarlıq gətirmişdi.
O gün hansısa restoranda deyil, bir dost evində, daha xudmani şəraitdə yığışmağımızın səbəblərindən biri bu idi ki, o axşam Buba tək bizimki olsun. Çünki onu artıq hamı üzdən tanıyırdı, Bakıda küçələrdən küçəndə hər kəs onu köhnə tanış kimi salamlayırdı və sonralar da dəfələrlə oldu ki, restoranda ayrıca kabinetdə yox, zalda əyləşirdiksə, hökmən kimsə özünü saxlaya bilməyib ərklə Bubanın olduğu masaya yaxınlaşırdı.
Belə dost məclisləri qurmaqda xüsusi istedad sahibi olan Fazil o axşam həmişəki kimi tamada idi və sağlıq demək növbəsi mənə çatanda gürcü şairi İosif Qrişaşvilinin o vaxt təzəcə oxumuş olduğum “Köhnə Tiflisin ədəbi boheması” kitabından “Gürcüstanda təqribən hamı şair idi” sözlərini yada saldım və əlavə etdim ki, eyni şey elə azərbaycanlılara da aiddir. Bu o demək deyil ki, Gürcüstanda, ya Azərbaycanda hamı ucdantutma şeir yazıb. Bizlərdə hamı şeir yazmasa da, hamı şairanə düşünüb, ən adi olana da gözəllik gözü ilə baxa bilib. Yəni bu cəhətdən biz bir-birimizə qohumuq. Elə bu özünəməxsus qohumluqdandır ki, XIX yüzilin sonlarında, XX əsrin əvvəllərində Tiflisdə xanəndə Ələsgər Abdullayevi gürcülər də, azərbaycanlılar da öz toylarına həvəslə aparırdılar və Ələsgərin oxuduğu bir silsilə Azərbaycan mahnısı ki, hansısa bəndini gürcü, hansısa bəndlərini Azərbaycan dilində ifa edib, köhnə qrammafon vallarında da qalmaqdadır.
Və badəni də o sağlığa qaldırdım ki, belə qohumluğumuzun körpüsü dünən Ələsgər idisə, bu gün Bubadır!”.
Bu sözlərdən sonra Buba qalxıb məni qucaqlamışdı, elə o gündən səmimi münasibətlərimiz başlanmışdı.
Sonralar Tbilisiyə şərqşünasların konfransına gedəndə onun xahiş etdiyini – Ələsgər Abdullayevin gürcü və Azərbaycan dillərində oxuduğu (valın üstündə mahnının adı "Gedexnazi" kimi yazılmışdı. Onu mənə ustad Bəhram Mansurov vermişdi), bizim indi “Laçın” adı ilə tanıdığımız nəğmənin valdan köçürdüyüm yazısını aparmışdım, görkəmli şərqşünas alim, tələbəlik illərindən bağlı olduğum, həm namizədlik, həm doktorluq dissertasiyamda rəsmi opponentlərimdən biri Aleksandr Qvaxariyanın evindəki məclisdə Bubaya təqdim etmişdim. O da sabahı gözləmədən kaseti maqnitofona qoyub elə oradaca qulaq asmışdı, dərhal hamımızı valeh edən səsiylə bu mahnını zümzümə etməyə başlamışdı.
Bu, 1980-ci illər idi. O vaxtlar Vaxtanq Kikabidze Gürcüstanın olduğu qədər həm də bizimki idi, sevimlilərimizdən idi.
...Sonuncu dəfə Bakıya ötən ilin yayında, unudulmaz Müslüm Maqomayevin 80 illik bayramına gəlmişdi.
Yenə 40 il əvvəldə olduğu qədər sevimli, əziz idi.
Gürcüstanda və Azərbaycanda, Rusiyda və postsovet məkanının çox yerində yarım əsrdən artıq bir müddətdə daim göz önündə, diqqət mərkəzində, sevilənlər cərgəsində qalmaq qətiyyən sadə iş deyil.
Vaxtanq Kikabidze bu məhəbbəti və hörməti əlbəttə ki, ilk növbədə musiqiçi (onu sadəcə müğənni deyə nişan verməyi düz saymıram. O, musiqi yolunun başlanğıcında zərb alətində çalırdı və fitrətən ona nəsib olmuş incə ritm duyğusu və plastika insanlığında və sənətində daim onun əsas dayağı idi) və aktyor kimi üstün sənəti ilə qazanmışdı.
Ancaq o əsl vətənpərvər, həmişə sabit vətəndaş mövqeyi olan ziyalı, vaxtın küləklərinin heç vaxt əyə bilmədiyi məğrur şəxsiyyət idi.
Bu keyfiyyətləri onun böyük sənətkarlığı ilə qovuşaraq Vaxtanq Kikabidzeni Şəxsiyyətə, ümumxalq məhəbbətinin doğma ünvanına çevirmişdi.
...Böyük epoxa qurtarır, bir-bir gediblər.
Sıra amansızca seyrəlməkdə davam edir, tək-tək qalanlar da gedir.
Söz yox, hər istedad təkdir, təkrarsızdır və ikinci Vaxtanq Kikabidze olmayacaq.
Ölüm Haqdandır (özüm daha düz sayaraq belə yazıram. Hərçənd el dilində “Ölüm haqdır” deyilir. O cür söylənəndə ölümə haqq qazandırmaq kimi məna çaları da çıxır. Mən yazan tərzdəsə, əbədi gedişin qaçılmaz yazı olması həqiqəti var).
Hər gələn gec-tez bir gün mütləq getməlidir. Bu əbədi və nicatsız ağır gerçəyi anlasaq da, hər itkidə olduğu kimi Vaxtanq Kikabidzenin gedişi də parlaq bir ulduzun sönməsi kimi yandırır, ürək sıyırır, qəhərləndirir.
Ancaq daha artıq ağrıdan belə misilsizlərin gedişi ilə onların varlığı ilə yaşayan, davam edən mühitin, dəyərlər şəbəkəsinin asta-asta sona çatması, sönməsi, tarixə çevrilməsidir.
Onların gedişi ilə Vaxt içində adam özünü daha qərib saymağa başlayır.
Vaxtanq Kikabidze kimi Bütövləri, Şəxsiyyətləri, Sənətkarları Vaxt apardıqca, çox heyflər ki, onlar da özləri ilə onların olan Vaxtı aparırlar.
Əlvida, sevimli Buba!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.