Rəsul Həmzətovun 100 illik yubileyinə həsr olunmuş
“Milyonların nəğməkarı – Rəsul Həmzətov” kitabın təqdimatı keçirildi
(Tədbirdən 3 saatlıq video çəkiliş HAZIRLANIR... bizi izləyin)
Bu gün sentyabrın 8-də Dağıstanın xalq şairi Rəsul Həmzətovun anadan olmasının 100 illik yubileyidir. Böyük şairin yubileyi ilə əlaqədar Bakıdakı “Rus evində” tanınmış publisist-politoloq, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Reyhan Mirzəzadənin Rəsul Həmzətovun həyat və yaradıcılığına həsr olunmuş “Milyonların nəğməkarı – Rəsul Həmzətov” kitabının təqdimat mərasimi keçirildi. Təqdimatda dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, şair və yazıçılar, mədəniyyət və elm xadimləri, ədəbiyyatsevər ziyalılar, ictimaiyyət və KİV nümayəndələri, kitabxana rəhbərləri iştirak etdilər.
Bakıdakı “Rus evi”nin rəhbəri İrek Zinnurov tədbir iştirakçılarını salamladı və onları Rəsul Həmzətovun 100 illik yubileyi münasibəti ilə təbrik etdi.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək qeyd etdi ki, Rəsul Həmzətov bütün bəşəriyyət tarixinə tövhə verən böyük şairdir. Avarəsilli dünya şöhrətli Rəsul xalqımızın da böyük və unudulmaz dostu olub. Rəsul Həmzətovun zəngin yaradıcılığı, nadir istedada malik qüdrətli poeziya sənətkarlığı, ictimai-siyasi fəaliyyəti, bəşəri xidmətləri, yurdumuza məhəbbəti, uzun illər Azərbaycanın görkəmli şəxsiyyətləri, ziyalıları, şairləri ilə dostluq, qardaşlıq əlaqələrindən danışdı. Xalq yazıçısı Rəsul Həmzətov yaradıcılığından danışaraq çox maraqlı faktları tədbir iştirakçılarının diqqətinə çatdırdı. Ç.Abdullayev Rəsul Həmzətovun “Durnalar” şeirinin tarixçəsindən də danışdı. O, R.Mirzəzadənin yeni kitabını yüksək qiymətləndirdi.
Xalq şairi Vahid Əziz Rəsul Həmzətovun poeziyasından danışarkən bu poeziyanın ana xətti olan Vətənə sevgi, qəhrəmanlıq və məhəbbət olduğunu vurğuladı. V.Əziz Rəsul Həmzətovun şeirlərinin Azərbaycan dilinə tərcüməsindən də məlumat verdi. O, çıxışını Rəsul Həmzətovun bu sözləri ilə yekunlaşdırdı: “Mənim xalqımı Azərbaycanla bağlayan tellər çoxdur – tarix, mədəniyyət, ənənələr və məişət. Biz hamımız bir kökdən qaynaqlanmışıq. Hələ gənclik illərində mən Azərbaycana sevgi hissləri ilə dolu şeirlər yazmışam”.
Yazıçı-publisist, kitabın ön sözünün müəllifi Zöhrə Əsgərova qeyd etdi ki, Rəsul Həmzətovun şeirlərində axıcılıq, melodiya var və “nə yaxşı ki, planetimizdə, həyatımızda Rəsul Həmzətov kimi şəxsiyyətlər var” sözləri ilə çıxışını yekunlaşdırdı. Z.Əsgərova R.Mirzəzadənin dərin tədqiqatlarından da söhbət açdı. Sonra o, Rəsul Həmzətovun şeirlərindən parçalar səsləndirdi.
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev Rəsul Həmzətovun Azərbaycanla sıx bağlı olduğunu qeyd etdi. O, qeyd etdi ki, biz Rəsul Həmzətovu ona görə sevirik ki, o bizim arzularımızın, ümidlərimizin, sabahımızın tərənnümüdür. M.Yevdayev R.Mirzəzadəni yeni kitabın ərsəyə gəlməsi münasibəti ilə təbrik etdi.
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Rəsul Həmzətovu böyük şəxsiyyət adlandıraraq onun şeirlərinin əbədiyaşar olduğunu vurğuladı, şairin Azərbaycana olan məhəbbətindən danışdı, onun Azərbaycan şairləri ilə dost olduğunu, müdrik və alicənab insan olduğunu qeyd etdi.
Rəsul Həmzətovun şair dostu, onun çoxsaylı əsərlərinin Azərbaycan dilinə tərcüməçisi Tofiq Bayramın bacısı, politoloq-jurnalist Svetlana Bayramova Tofiq Bayramın Rəsul Həmzətovla səmimi münasibətlərindən danışdı. O qeyd etdi ki, Tofiq Bayram Rəsul Həmzətovun şeirlərini sevə-sevə və böyük ustalıqla Azərbaycan dilinə tərcümə edirdi.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı səhnə ustası, əməkdar artist Nofəl Vəliyev Rəsul Həmzətovu böyük şair adlandırdı, onun ana və qadınlara həsr etdiyi şeirləri yüksək qiymətləndirdi.
Tarixçi-politoloq, publisist Lətifə Məmmədova Ümummilli Lider Heydər Əliyevin Rəsul Həmzətova göstərdiyi diqqət və qayğıdan danışdı. O, Rəsul Həmzətovu Qafqaz dağlarının uca və əlçatmaz zirvəsinə bənzətdi və qeyd etdi ki, Rəsul Həmzətov öz müəllimi kimi rəğbət bəslədiyi Səməd Vurğun haqqında xüsusilə qeyd edir ki, onun poeziya ocağı xalqın qəlbinin odu ilə yanır və onu heç kəs söndürə bilməz. O, Rəsul Həmzətovu XX əsrin söz ustadı adlandırdı. Reyhan Mirzəzadənin yaradıcılığından məlumat verərkən L.Məmmədova qeyd etdi ki, R.Mirzəzadə 15 ildir ki, rus yazıçı və şairlərin həyat və yaradıcılığını öz tədqiqat obyektinə çevirib. R.Mirzəzadə görkəmli rus pedaqoqlarına da əsər həsr edib, onun kitabları Naxçıvan MR-da böyük tirajla dəfələrlə nəşr olunub.
Tanınmış yazıçı, publisist Nüşabə Məmmədli Rəsul Həmzətovun vətənpərvərliyini yüksək dəyərləndirərək onun gələcək nəsillərə örnək olacağını, onun yaradıcılığının bəşəriyyətə məxsus olduğunu qeyd etdi. N.Məmmədli Rəsul Həmzətovun Qax rayonunun Sarıbaş kəndinin əhalisi ilə görüşündən danışdı. N.Məmmədli R.Mirzəzadəni ciddi tədqiqatçı olduğunu, onun əsərlərinin oxucularda böyük maraq oyatdığını da tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Rəsul Həmzətovun yaxın dostu Nəbi Xəzrinin oğlu Arzu Babayev qeyd etdi ki, Nəbi Xəzri Rəsul Həmzətovla illərin dostu olmuşdur. O, hər iki şairin həyat və yaradıcılığından maraqlı məlumatlar verdi.
Şair, Prezident təqaüdçüsü Zöhrə Məhəmmədova Rəsul Həmzətovun şeirlərindən, onun Azərbaycana olan münasibətindən danışdı və Reyhan Mirzəzadəyə həsr etdiyi şeirini səsləndirdi.
Kitabın müəllifi, publisist-politoloq Reyhan Mirzəzadə Rəsul Həmzətova həsr etdiyi kitabdan danışdı, qeyd etdi ki, Rəsul Həmzətovun bütün yaradıcılığı – kiçik şeirlərdən tutmuş böyük poemalaradək, xırda qeydlərdən başlamış əzəmətli “Mənim Dağıstanım”adək... həqiqət üzərində ucalan məğrur bir kaşanədir. R.Mirzəzadə şairin analara həsr etdiyi şeirini oxudu.
Təqdimatda “Milyonların nəğməkarı – Rəsul Həmzətov” kitabın müəllifi Reyhan Mirzəzadəyə Dağıstan Respublikası Yazıçılar İttifaqının Rəyasət Heyətinin sədri Marina Əhmədova-Kolyubakinanın təbrik məktubu təqdim edildi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Nurlan Ağayev Rəsul Həmzətovun şeirini səsləndirdi.
Tədbirdə Rəsul Həmzətovun həyat və yaradıcılığına həsr olunmuş videoməlumat və Yasamal rayon MKS-i tərəfindən hazırlanmış “Rəsul Həmzətov – 100. Расул Гамзатов – 100” adlı videoçarx nümayiş olundu, məktəblilər şairin şeirlərini səsləndirdilər.
Təqdimatda Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi Pavel Kuznetsov, Dağıstan Respublikasının Azərbaycan Respublikasında, Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliklərinin əməkdaşları iştirak etdilər.
Tədbirin aparıcısı Bakıdakı “Rus evi”nin mədəniyyət layihələrinin kuratoru Vəfa Məmmədova-Qavrilova idi.
Tədbirə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi informasiya dəstəyi göstərdi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.