Yanvarın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, elmi müəssisə və təşkilatların baş direktorları, aidiyyəti şəxslər, ali təhsil müəssisələrinin və KİV-in nümayəndələri iştirak ediblər.
Əvvəlcə AMEA-nın Yer Elmləri Bölməsinin və Şəki Regional Elmi Mərkəzinin alimlərinin 2022-ci ildə əldə etdikləri mühüm nəticələri əks etdirən sərgiyə baxış keçirilib.
Tədbiri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq iclasın gündəliyi barədə məlumat verib.
Tehranda Azərbaycan səfirliyinin binasına edilən silahlı hücumla bağlı çıxış edən akademik İsa Həbibbəyli səfirliyin binasına silahlı hücum və səfirliyin mühafizə xidmətinin rəisinin faciəvi şəkildə qətlə yetirilməsinin İranın anti-Azərbaycan siyasətinin nəticəsi olduğunu deyib. AMEA rəhbəri bildirib ki, elmi ictimaiyyət törədilən cinayəti terror hadisəsi hesab edir, bu hücumu şiddətlə qınayır və bu hadisəyə görə İran İslam Respublikası məsuliyyət daşıyır.
“Yayımlanan görüntülər, səfirlik əməkdaşlarının dedikləri göstərir ki, baş verən hücum terror hadisəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin iranlı həmkarı qarşısında qoyduğu tələblər - qanlı terror aktının hərtərəfli araşdırılması, cinayətkarların layiqli cəzalarını alması və istintaqın şəffaf şəkildə aparılması yerinə yetirilməlidir”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.
AMEA rəhbəri, həmçinin qeyd edib ki, İran Azərbaycanın haqq savaşında Ermənistanı dəstəkləməklə özünün gerçək simasını göstərib, bu gün Zəngəzur dəhlizinin açılmasına mane olanlardan biri də İrandır və təəssüf ki, rəsmi Tehran Ermənistanı özünün qırmızı xətti hesab edir.
“Biz Azərbaycan alimləri terror hadisəsinin qarşısını alarkən qəhrəmancasına həlak olmuş səfirliyimizin əməkdaşı baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bu terror hadisəsini şiddətlə qınayırıq. Hadisəni törədənlər buna görə cavab verməlidirlər”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.
Daha sonra iclasda şəhid baş leytenant Əsgərov Orxan Rizvan oğlunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu günlərdə Türkiyə Cümhuriyyətinə səfərinin yekunları barədə məlumat verən akademik İsa Həbibbəyli qardaş ölkədə bir sıra məhsuldar görüşlər keçirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti, professor doktor Müzəffər Şəkərlə görüş zamanı qarşılıqlı olaraq elmi əsərlərin nəşri, ortaq konfrans və simpoziumların keçirilməsi, hər iki qurumda nəşr olunan jurnalların mübadilə edilməsi və s. məsələlərin öz əksini tapdığı əməkdaşlıq müqaviləsi imzalanıb.
AMEA-nın rəsmi olaraq tərkibinə daxil olduğu ilk beynəlxalq qurum olan və 34 ölkənin elmlər akademiyalarını əhatə edən Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının (AASSA) prezidenti, professor doktor Əhməd Nuri Yurdusevlə görüşdə isə tərəflər arasında yeni yaradılmış əlaqələrin əhəmiyyətinə toxunulub. Bu il AASSA tərəfindən Asiya qitəsi ölkələrində keçiriləcək 4 beynəlxalq tədbirə üzv ölkə kimi ilk dəfə olaraq Azərbaycan alimlərinin də dəvət ediləcəyi, elmi təşkilatın tədbirlərində və layihələrində AMEA alimlərinin yaxından iştirak edəcəyi bildirilib.
Dünya şöhrətli görkəmli türkoloq alim, professor Əhməd Bican Ərcilasunla görüşdə isə türkologiya elminin qarşısında duran vəzifələrdən bəhs edilib, bu istiqamətdə indiyədək Azərbaycanda və Türkiyədə aparılmış tədqiqatlardan və birgə elmi-tədqiqat işlərinin davam etdirilməsinin əhəmiyyətindən söz açılıb.
Səfər çərçivəsində keçirilən digər bir görüş Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri professor Yüksel Özgenlə olub və qurumlar arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
TÜBİTAK rəhbəri, professor Hasan Mandalla görüşdə Türkiyənin Ulakbim - Dərgi Park elektron baza reyestrinə AMEA-nın elmi jurnallarının daxil edilməsi, müxtəlif elm sahələrini əhatə edən layihələrin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi kimi məsələlər müzakirə edilib.
Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu ilə görüşdə isə qarşılıqlı elmi-ədəbi əlaqələr müzakirə olunub.
AMEA rəhbərinin məlumatı dinlənildikdən sonra Rəyasət Heyətinin qərarı ilə akademik İsa Həbibbəylinin Türkiyəyə səfərindən irəli gələrək bir sıra qərarlar qəbul edilib.
Akademik İsa Həbibbəyli, həmçinin AMEA-nın Ümumi yığıncağının aprel ayında keçirilmə ənənəsinin keçmiş SSRİ Elmlər Akademiyasından qaldığını qeyd edib. Yeni çağırışlar işığında Akademiyada gedən yeniləşmə prosesi çərçivəsində cari ildən başlayaraq Ümumi yığıncağın bir qədər əvvələ çəkilməsi ilə bağlı müzakirə aparılıb.
Sonra Yer Elmləri Bölməsinin 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib. Hesabatı təqdim edən bölmənin Elmi şurasının sədrinin müavini, akademik Fəxrəddin Qədirov bildirib ki, hesabat ilində “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”, eləcə də AMEA-nın Ümumi yığıncağı və Rəyasət Heyətinin qərarlarından irəli gələrək tədqiqatlar aparılıb.
Akademik vurğulayıb ki, ötən il Yer Elmləri Bölməsində 8 problemi əhatə edən 45 mövzu, 55 elmi tədqiqat işi, 43 mərhələ üzrə elmi tədqiqat işi yerinə yetirilib, 1 mövzu, 16 elmi-tədqiqat işi başa çatdırılıb, 1 tətbiq işi tamamlanıb, 8 mühüm nəticə əldə olunub. Belə ki, “Azərbaycanın Xəzər və Xəzəryanı ərazilərinin geosistemlərinin və bioloji müxtəlifliyin peyk məlumatları əsasında qiymətləndirilməsi” və “Məhsuldar qatın dərində yatan daban laylarının geoloji quruluşu və karbohidrogen flüidlərinin faza halı” elmi-tədqiqat proqramları üzrə işlər başa çatdırılıb.
Hesabat ilində bölmənin alimləri tərəfindən 15 monoqrafiya, 19 kitab və 7 dərs vəsaiti, 233 məqalə (78-i xaricdə), 90 tezis (46-sı xaricdə) nəşr edilib. Məqalələrdən 45-i “Web of Science” və “Scopus” bazasında olan impakt faktorlu jurnallarda işıq üzü görüb.
Bölmənin kadr potensialı barədə də danışan F.Qədirov Yer Elmləri Bölməsinin tərkibində 7 həqiqi, 11 müxbir üzv, 50 elmlər, 135 fəlsəfə doktorunun fəaliyyət göstərdiyini söyləyib. Bildirib ki, ötən il Yer Elmləri üzrə Problem Şurasının iclaslarında 5 elmlər və 27 fəlsəfə doktorluğu üzrə dissertasiya mövzuları müzakirə edilərək təsdiqlənib, 21 fəlsəfə və 2 nəfər elmlər doktoru elmi dərəcələri üzrə dissertasiya işi müdafiə olunub. Qeyd edib ki, hazırda bölmənin institutlarında 43 doktorant (37 əyani, 6 qiyabi) təhsil alır.
2022-ci ildə bölmənin “ANAS Transactions. Earth Sciences”, “Stratigraphy and sedimentology of oil-gas basins”, “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri”, “Coğrafiya və təbii resurslar” jurnallarında dərc olunan məqalələrin elmi səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görülüb. YEB-nin üç beynəlxalq məlumat bazasına “GeoRef database”, “Crossref Annual” və “Scopus”a daxil edilmiş “ANAS Transactions. Earth Sciences” jurnalına 0.5 impakt faktoru verilib.
Akademik Fəxrəddin Qədirov bölmənin prioritet elmi tədqiqatları, “Scimago” reytinq agentliyində Yer elmlərinin mövqeyi, elektron elmin vəziyyəti, elm və təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr və laboratoriyalar, ekspedisiyalar, elmi nəticələrin tətbiqi, ölkənin müdafiə qüdrətinin artırılması ilə bağlı görülmüş işlər və s. məlumatları da diqqətə çatdırıb.
Hesabat dinlənildikdən sonra məruzə ətrafında akademiklər Arif Həşimov, İbrahim Quliyev, Rasim Əliquliyev, Akif Əlizadə, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, coğrafiya elmləri doktoru Zakir Eminov və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Akademik İsa Həbibbəyli bölmənin alimlərinin 2022-ci ildəki fəaliyyətini yüksək qiymətləndirib, aparılan tədqiqatların sahəsinin genişləndiyini və bundan irəli gələrək Yer Elmləri Bölməsində əldə olunan mühüm elmi nəticələrin artdığını söyləyib.
Yer Elmləri Bölməsinin 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat qənaətbəxş hesab edilib və müvafiq qərar qəbul olunub.
Daha sonra AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü mərkəzin 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təqdim edib. Bildirib ki, hesabat ilində mərkəzdə 6 istiqamətdə, 8 şöbədə, 8 mövzu üzrə elmi-tədqiqat işləri aparılıb. Belə ki, “Azərbaycan Respublikasında Baramaçılığın və İpəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə təsdiqlənmiş Tədbirlər planında mərkəzə tapşırılmış bəndlər üzrə, eləcə də “Azərbaycanın şimal-qərb bölgəsinin landşaft qurşaqlarında intensivləşməkdə olan səhralaşmanın biogeokimyəvi üsullarla tədqiqi”, “Qarabağın Zəngilan rayonu ərazisində landşaft diaqnostik tədqiqatların aparılması” işləri üzrə ilkin tədqiqatlar yerinə yetirilib, regiondan etnoqrafik və folklor materialları toplanıb, ekoturizmin bölgədə inkişafı ilə bağlı monitorinqlər aparılıb.
Həmçinin “Azərbaycanın insan, heyvan və bitki genefondunun genetik kolleksiyalarının və məlumat bazalarının yaradılması”, “Azərbaycanın şimal-qərb bölgəsinin iqlim şəraitinə uyğun məhsuldar tut ipəkqurdu (Bombyx mori L) cins və hibridlərinin yaradılması, eləcə də və Saturnia pyri vəhşi ipəkqurdunun istehsalata tətbiqinin genişləndirilməsi” mövzusu üzrə tədqiqatların aparıldığını söyləyib.
Bildirib ki, 2022-ci ildə mərkəzin əməkdaşlarının 2 kitabı, 42 elmi məqaləsi (9 məqalə“Scopus”, 4 məqalə “Web of science” bazasında), 16 tezisi işıq üzü görüb.
Yusif Şükürlü, o cümlədən “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası haqqında, elmlə təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr, elekton elmin vəziyyəti, keçirilmiş konfranslar, seminarlar və yubileylər, kadr hazırlığı barədə məlumat verib.
Hesabatlar dinlənildikdən sonra məruzə ətrafında çıxışlar olub, təkliflər səsləndirilib.
Akademik İsa Həbibbəyli mərkəzin 2022-ci ildəki fəaliyyətini qənaətbəxş hesab edib, Şəkinin zəngin ədəbi-mədəni mühitinin öyrənilməsinin, Azərbaycançılıq və digər ideoloji işlər üzrə tədqiqatların səviyyəsinin yüksəldilməsinin, elmlər və fəlsəfə doktoru hazırığı işinə diqqətin artırılmasının vacibliyini bildirib. AMEA rəhbəri, həmçinin müasir çağırışlara uyğun olaraq Şəki Regional Elmi Mərkəzində də struktur islahatlarına ehtiyac yarandığını və bununla bağlı müzakirə aparılmasının zəruriliyini söyləyib.
Sonda Rəyasət Heyətinin qərarı ilə Şəki Regional Elmi Mərkəzinin 2022-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.