Akif Ağayev: Çətin və şərəfli peşə yolunda
Səadət işığı, həyat çırağı...
Müəllimliyi üstün tutan kəs məsuliyyətli olmaqla yanaşı ilk öncə fədakar olmalıdır. Ona göstərilən hörmət və ehtiramı qoruyub saxlamalıdır. Bu çətin və müqəddəs peşəyə sadiqliyini Vətənə layiqli övladlar yetişdirməklə isbat etməlidir ki, bundan qürur, fəxarət duymağa haqq qazanmalıdır. Məhz bu cür müəllimləri – ömrünü uşaqların tərbiyəsinə, cəmiyyətə yararlı vətəndaş hazırlanmasına həsr edən müəllimləri xoşbəxt saymaq olar.
Respublikamızın hər bölgəsində olduğu kimi, Masallı rayonunda da müəllim adını şərəflə daşıyan uğurlu, savadlı gənclər çoxdur. Belə müəllimlərdən biri də Masallı şəhər 1 saylı tam orta məktəbinin direktor müavini Arzu Hüseynovadır.
Qısa tanıtım: Arzu Rufulla qızı Hüseynova 1986-cı ildə Masallı şəhərində anadan olub. 2004-cü ildə Masallı “Dəfinə” məktəb-liseyini (əla qiymətlərlə), 2009-cu ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakültəsini bitirib.
Pedaqoyi fəaliyyətə Masallı rayonunun Təzə Alvadı 2 saylı tam orta məktəbində başlayıb. 14 il bu təhsil ocağında çalışıb.
2023-cü ilin yanvar ayından şəhid Rafiq Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbində tədris işləri üzrə direktor müavini işləyir. O, bu vəzifəyə Təhsil Nazirliyi tərəfindən aparılan müvafiq imtahan, müsahibə və müsabiqə mərhələlərini uğurla keçdikdən sonra elan olunan vakansiya üzrə təyin olunub.
Arzu xanım ailəlidir. Ömür-gün yoldaşı Loğman mühasibdir. Bu xoşbəxt ailədə üç övlad böyüyür...
Onlar hər zamankı kimi bu gün də sanki ən ağır yükü çiyinlərində daşıyırlar. Çünki valideyn övladını, onun gələcəyini müəllimə etibar edirsə, müəllim də şagirdini cəmiyyət üçün, millət üçün yararlı vətəndaş kimi formalaşdırmalıdır. Məzunlara, onların valideynlərinə sevinc yaşatmağın necə bir xoşbəxtlik olduğunu hiss etdikdən sonra əməyinin bəhrəsini görən müəllim fərəhlənir, bundan zövq alır.
Arzu Hüseynova: “Hər bir insan qarşısına qoyduğu məqsədə nail olmaq üçün əziyyətə qatlaşmalıdır. Rayonumuza, kəndə işləməyə gələrkən qarşılaşacağım çətinlikləri öncədən təsəvvür edirdim. Odur ki, ilk gündən şagirdlərlə səmimi, mehriban davranmağa üstünlük verirdim ki, onlara tədris etdiyim kimya fənnini sevdirə bilim. Yenilikçi və yaradıcı olmalarına geniş imkanlar açmağa, günbəgün yeniləşən tədris prosesini müasir tələblərə uyğun qurmağa çalışırdım.”
Təcrübəli müəllim olmaq üçün şəraitdən, mühitdən asılı olmayaraq şagirdlərə elm aşılamağı bacarmaq lazımdır. Hamımıza məlumdur ki, gənc müəllimlər ilk iş günlərində, elə olur ki, diqqətdən kənarda qalır, bəzi valideynlərin giley-güzarına tuş gəlir, bəzən rəhbərlikdən dəstək görmür və s. Buna rəğmən yorulsa da ruhdan düşmür, yorulmur, fədakarcasına bütün çətinliklərə sinə gərərək öz işinə davam edir...
Təcrübəli pedaqoqlardan Allahşükür Kərimov, Şakir Həsənov, Füzuli Cəfərov, mərhum Saleh Hüseynov gənc müəllim Arzu Hüseynovaya sadalanan çətinliklərin yaşanmamasından ötrü vaxtilə müvafiq tövsiyələrini verib, ona dəstək olublar. Ona görə də Arzu müəllim ilk gündən öz işinə necə həvəslə başlayıbsa, bütün peşə həyatı boyunca elə də davam edir.
Rayonun qabaqcıl təhsil işçilərindən olan Möhsüm Süleymanov: “Elmi potensialı olan hər hansı bir şəxs istənilən sahədə uğur qazanır, işgüzarlığı, tərəqqipərvər addımları ilə ümumi işin inkişafına xidmət edir. Məhz haqqında fəxrlə danışdığımız Arzu müəllimin də səmərəli pedaqoji fəaliyyəti yeniyetmə və gənclərimizin həyata baxışlarının formalaşmasında müəllimin hansı gücə malik olmasının bariz nümunəsidir. Qürurluyuq ki, estafeti Arzu Hüseynova kimi müəllimlərə vermişik. Çünki o, şagirdlərini və öz işini sevən, peşəkar, tələbkar, nümunəvi pedaqoqlardandır.”
Masallı şəhər 1 saylı tam orta məktəbinin direktoru Ağamməd Şənmədov: “İstedadlı, bacarıqlı müəllim onun yetirmələrinin nəticələrinə əsasən müəyyən edilir. Bundan əlavə əgər şagird müəllimin öz fənnini sevdiyini hiss edirsə, o zaman məktəblinin də dərsə marağı bir daha artır. Bu mənada biz Arzu müəllimə inanır, ona güvənirik. Öz ixtisası üzrə geniş və dərin biliyə, yüksək mədəniyyətə malik müəllim kimi nəinki şagirdlərinin, bütün kollektivimizin etimadını qazanıb. Əlavə edim ki, Arzu xanım idarəetmədə də özünü doğruldur, məktəbimizdə təlim-tərbiyə işlərində üzərinə düşən əsas funksiyanı layiqincə yerinə yetirir. Və inanırıq ki, bu uğurlu ardıcıllıq davamlı olacaq...”
Arzu müəllimin yetirmələri Respublika Fənn Olimpiadalarında uğurla çıxış edir, ali təhsil müəssisələrinə yüksək balla qəbul olurlar. Neçə-neçə məzunu müxtəlif sahələrdə çalışmaqdadır.
Zəhməti fəxri fərman və digər mükafatlarla dəyərləndirilib Arzu müəllimin. Özünün vurğuladığı kimi, ən böyük qazancı isə el-obanın məhəbbəti, şagirdlərinin ona ehtiramı, cəmiyyətdə, çalışdığı kollektivdə sahibləndiyi nüfuzdur. O, deyir ki, Vətənimə, xalqıma faydalı vətəndaş, müəllim kimi xidmət etməklə böyük sevgi ilə yanaşdığım bu yolda mənə etimad edənlərin inamını doğrultmağa çalışıram.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.