Əli NƏCƏFXANLI:
Sumqayıt şəhərindəki kitab sərgisində
(Nəşriyyat, yazar və oxucu üçbucağında təmaslar )
Mədəniyyət Nazirliyi, Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Sumqayıt Şəhər İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə III Sumqayıt Kitab Sərgisi keçirilib.
Ölkənin 30-adək nəşriyyatının iştirakı ilə təşkil olunan sərgi Kimyaçı Mədəniyyət Sarayında keçirilib. Biz də sərgiyə gedənlərə qoşulub, saraya daxil olduq. Ayrı-ayrı stendlərə düzülmüş çeşidli kitablar elə ilk baxışdan müasir poliqrafik dizaynı və mövzu rəngarəngliyi ilə seçilirdi. Kitabsevərlərin çoxluğu da diqqətdən yayınmırdı.
İlk müsahibimiz “Qədim qala” nəşriyyatının direktoru Şöhlət İxtiyaroğlu odu. O, həvəslə sərgi barədə fikirlərini bildirir:
– Bizim də üzvü olduğumuz Azərbaycan Nəşriyyatları Assosiasiyası yarandığı qısa vaxtda 14 belə sərgi təşkil edib. Başlıca məqsəd yeni formatlarda kitab təbliğatını reallaşdırmaq, nəşrlərin hər bir oxucu üçün əlçatanlığını təmin etməkdir. Buna görə də satışdakı kitablara müxtəlif faizli endirimlər tətbiq edilir. Bir neçə ay əvvəl gənc oxucular arasında ilk dəfə təşkil etdiyimiz Yay oxu marafonuna 3 min nəfər qoşulmuşdu. Həmin layihənin qaliblərini bu gün mükafatlandıracağıq ki, müəyyən motivasiya olsun. Eyni zamanda Payız oxu marafonuna bu sərgidə start veriləcək.
– Bugünkü sərgidə kitablara oxucu marağından razısınızmı?
– Sərgi yenicə açılsa da, alıcılar çoxdur. Yaşlı, orta və gənc nəsil oxucuların yeni nəşrlərə marağı fərəh doğurur. Bayaqdan fikir verirəm, heç kim buradan əliboş getmir.
Sonra biz sərgi ilə tanışlığımızı davam etdiririk. Təşkilatçılardan öyrənirik ki, burada nəfis tərtibatlı yüzlərlə adda kitab 30–70 faiz endirimlə oxuculara təklif olunur. Satıcıların arasında tanınmış yazarlar, kitab müəllifləri də var. Qələm dostlarımız Elxan Elatlı, Rövşən Abdullaoğlu, İlham Qəhrəman, Xan Rəsuloğlu və başqaları sərginin işində fəal iştirak edirlər.
Azərbaycan Ədəbiyyatı Fondunun baş direktoru, yazıçı Varis bizimlə söhbətində belə tədbirlərin təqdirəlayiq olduğunu vurğulayır:
– Azərbaycanda kitaba, mütaliəyə marağın azaldığını söyləyənlər yanılırlar. Baxın, sərgiyə kiçikdən-böyüyə nə qədər oxucu gəlib. Hamının marağına və zövqünə uyğun, özü də güzəştli qiymətlərlə hər cür kitab var.
“Göyərçin” jurnalının baş redaktoru, şair, filologiya elmləri doktoru Rafiq Yusifoğlu da söhbətə qoşulir:
– Kitab bayramında tanınmış ədiblərin, mədəniyyət xadimlərinin iştirakı ilə təqdimatlar, imza saatları, konsert proqramları, şeir gecələri, ustad dərsləri, uşaqlar üçün nağıllar aləminə səyahətlər, debatlar və sair olacaq. Elə bu gün tədbirdə Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin üzvləri oxucular qarşısında yaradıcılıq hesabatı verəcəklər. Bundan gözəl nə ola bilər?
Yenicə aldığı kitablarla “Körpü” nəşriyyatının stendi qarşısında rastımıza çıxan yazıçı Hümbət Həsənoğlu da ürək sözlərini bizimlə bölüşür:
– Belə sərgilər naşir və yazarların oxucularla birbaşa ünsiyyəti, mədəni tələbatla bağlı sosial sifarişlərin öyrənilib reallaşdırılması baxımından önəmlidir. Ötən il rəhbərlik etdiyim “Sumqayıt Dostlar Klubu” gənclər arasında ən çox kitab oxuyanların müsabiqəsini keçirmişdi. Bayaq stendləri gəzərkən “Kitab kafesi”ndə çalışan bir qız mənə dedi ki, “müəllim, sizin müsabiqənin qaliblərindənəm”. Doğrusu, onun sözlərindən məmnun oldum. Deməli, seçimi düz etmişik. Arzu edirəm ki, həmin qız kimi kitabsevərlərimizin sayı daha da çox olsun.
Çox keçmir ki, mədəniyyət sarayının 2-ci mərtəbəsində sərginin rəsmi açılış mərasimi başlanır. Dövlət himnimiz ifa olunur. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Sonra Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri Şəmil Sadiq çıxış edərək belə satış-sərgilərin kitab maarifçiliyinə dəstək məramı daşıdığını, Elm və Təhsil, Mədəniyyət nazirliklərinin, müvafiq qurumların sərginin təşkilinə lazımi dəstək verdiklərini bildirir və hər kəsi kitab bayramında yaxından iştirak etməyə çağırır.
Daha sonra Abşeron–Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov və başqaları sərgi barədə ürək sözlərini söyləyirlər. Əlvan musiqi proqramı təqdim olunur.
Sərgidə dərs vəsaitlərinə, bədii ədəbiyyata, sosioloji nəşrlərə maraq daha böyükdür. Sumqayıtdakı 3 nömrəli peşə liseyinin şagirdləri könüllülər qismində sərgiyə gələnlərə bələdçilik edirlər.
Onu da deyək ki, kitab bayramı təkcə nəşriyyatların məhsullarının satışı ilə məhdudlaşmır. Həvəskar ustaların düzəltdikləri bəzək əşyalarının, gənc rəssamların çəkdiyi tabloların nümayişi sərgiyə əlavə rəng qatır.
Üç gün davam edən sərgidə assosiasiya rəhbərliyinin "STEAM əsaslı təhsil" mövzusunda çıxışı, dilçi alim Rafiq İsmayılov, şair-pedaqoq Zahid Xəlil və professor Qulu Məhərrəmlinin “Oxu bacarığı: dil bilgisi, yoxsa intellekt göstəricisi?” panelində iştirakları da maraqla qarşılandı.
Beləliklə, Sumqayıtın tarixində üç gündə III Kitab Sərgisi kimi çox maraqlı bir hadisə yaddaşlara yazıldı. Bu da kitab oxumağa marağı bir qədər də artırdı.
Henri Devid Toro kitablar haqqında görün necə gözəl kəlam deyib: “ Kitablar sivilizasiyanın nümunəsidir. Kitabsız ədəbiyyat, tarix itər. Həyati incəliklər olan lirika, psixoloji və elmi biliklər mənasız olar”. Gəlin bir millət olaraq, yenə də kitablara, kitab oxumağa qayıdaq. Övladlarımıza, nəvələrimizə də bunu təlqin eləyək. Çünki dünyanın hər şeyi və bütün gözəlliyi oradadır.
Əli NƏCƏFXANLI,
Əməkdar jurnalist
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.