Tahir Süleymanov:
Düşmənlərimiz Ağdamı Xirosimaya çeviriblərsə, futbol cavabdehləri də futbolu Naqasakiyə döndəriblər
İllərdi eyni mövzu, millinin baş məşqçi müzakirələri davam edir, yenidən alovlanıb. Təbiidir, Canni De Byazinin müqaviləsi sona çatır, gündəm mövzusudur. Azərbaycan futbolunun problemlərinin həlli, çıxış yolları millinin baş məşqçisinin dəyişdirilməsindən, əcnəbi/yerlilərdən keçir?
Son 15-20 ildə Azərbaycan yığmasına "ı. o"-larla birgə 10-a yaxın baş məşqçi rəhbərlik edib. Köməkçiləri, yaş qrupları üzrə əcnəbi çalışdırıcıları da əlavə etsək, say 5-6 dəfə artar. Bu illər ərzində, 1-2 yerli məşqçini çıxmaq şərtilə, əsas yığmada söz sahibləri, havadarları ilə birgə, əcnəbilər olub.
AFFA ideoloqları, illər öncə Azərbaycan futbolunda "layihə projesi"nə start verəndə, hazırda millidə çıxış edən bir çox futbolçular təzə-təzə dil açır, yeriməyi öyrənirdilər. Baş məşqçilərə milliləşdirilən əcnəbi futbolçuları, lippertləri, spuxlikləri, barışları, AFFA hesabına klublara göndərilən xarici idman direktorlarını da əlavə etsək, böyük ordu yaranmış olur...
Azərbaycan futbolunda şəxsi məqsədlərə xidmət edən monopoliyanın yaradılması, strateji anlamda ölkə futboluna deyil, dost-tanışlarını ətraflarına toplayıb xalqın/dövlətin vəsaiti ilə futbol klanının qurulmasına, möhkəmlənməsi, çiçəklənməsinə xidmət edib, ölkə futbolunda mövcud durumu şərtləndirib. Belə olan halda, əcnəbi və ya yerli, bir məşqçinin göndərilməsi, yenisinin gətirilməsi, illərlə olduğu kimi nəyi dəyişə bilər?!
Belə müzakirələr AFFA-da lövbər salmış dağıdıcı futbol qrupuna sərfəlidir və strateji olaraq kökdən, kompleks problemlərdən yayındırılır, "klan" dəstəsi özünü məqsədli şəkildə kənara çəkir, "günahkar" məşqçilər önə verilir, futbolun fundamental səbəbləri unudulur/unutdurulur. Baş məşqçi təyinatı o vaxt bir nömrəli məsələyə çevrilə bilər ki, futbol təsərrüfatı tam olaraq yerində olsun, işlək mexanizm, konveyer kimi çalışsın!
Milli-mənəvi ideoloji xəttin olmaması, cəzasızlıq son həddə çatıb. A planı alınmayanda, dərhal B gedişi edilir, özlərinin qorunması üçün kosmetik yerdəyişmələrə əl atılır, görüntü yaradılır, özlərinə sərf edənlər yenilərlə əvəzlənir. Tək federasiya deyil, əksər klublarda da eyni strateji xətt davam edir...
AFFA, PFL, digər futbol qurumlarının rəhbərləri, İcraiyyə Komitəsinin üzvləri bir-iki klub rəsmiləri ilə birgə Estoniyaya səfərə çıxır, havalarını dəyişib geri qayıdırlar. Bu gün isə l liqada futbolçular meydana çıxmaqdan imtina edirlər. Bu qədər nümayəndə heyətinin Şengen zonası səfərinə nə ehtiyac var?! Yaxşı olmazdımı, bu rəhbərlər İmişliyə, Lənkərana səfər edərdilər, bölgələrdə problemlərin çözülməsində yardımçı olardılar...
De Byazilərə, turist səfərlərinə çıxan məmurlara ödənilən pullarla aşağı liqalarda neçə-neçə komanda formalaşdırmaq olar. Sonra da deyilir ki, millinin oyunlarına azarkeş gəlmir. Oyun keyfiyyəti bir tərəfə, millini yığmaya çevirən bir qrup şəxsin komandasına kim dəstək verər?!
AFFA başbilənləri, bu illər ərzində Avropaya, Isveçrəyə, FİFA/UEFA iqamətgahına daha çox gedib/gəliblər, nəinki bölgələrimizə. Dövlət, sponsorlar futbolun inkişafına milyonlarla vəsait ayırır, bu sahəyə cavabdehlər əməllərindən əl çəkmir. Bir il deyil, iki il deyil, 20 ilə yaxındır...
Böyük futbol elmdir, həvəskar, məqsədli düşüncələrlə ancaq Avropa səfərləri yolu qət edilə bilər, nəticə qazanıla bilməz! Sadə yanaşma ilə izah edilsə, düşmənlərimiz Ağdamı Xirosimaya çeviriblərsə, futbol cavabdehləri də milyardlarla vəsaitin yatırılmasına baxmayaraq, futbolu Naqasakiyə döndəriblər. Belə vəziyyətdə, Avropaya üz tutulmur, Füzuliyə gedilir. Üst səviyyədə nümunələr, quruculuq işləri də əyani olaraq göstərilir... Heç olmasa Şirvan, Masallı stadionlarına baş çəkilsin, çarəsi tapılsın.
Azərbaycan futbolunun problemləri tək millinin baş məşqçi məsələsi deyil, çox qlobal xarakter daşıyır. Əcnəbi, ya yerli, bir-iki xal yuxarı, bir-iki xal aşağı, dəyişən bunlar olacaq, futbol dirçəlməyəcək. Bölgələrdə infrastruktur, uşaq futbolu, idarəçilik təfəkkürü bərbad durumda, ən yaxşı halda məmur kanyukturası səviyyəsini aşmır, yaradıcılıq, qətiyyət yox dərəcəsindədir.
B(y)əzilər(i) gedəcək, digər bəzilər gələcək, futbol ən yaxşı halda yerində sayacaq, dəyişən, yenidən itirilən illər olacaq. Marketoloqlarla, təsadüflərlə futbol xarabalıqdan yaxa qurtara bilməz! Ağacın kökü xarabdırsa, keyfiyyətli barın yetişdirilməsi mümkünsüzdür!
Azərbaycan futbolunda baş məşqçi(lər)dən öncə, onları ölkəyə gətirən, yanlış yol tutan düşünən beyinlər, strateji başlar dəyişməlidir. Əgər həqiqətən ölkə futbolunun inkişafı istənilirsə...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.