Asif Rüstəmli:
YENƏ DƏ HƏQİQƏT HAQQINDA
Fyodor Dostoyevski: "Əsl həqiqət həmişə inanılmazdır!"
İohann Volfqanq Höte: "Səhvi aşkar etmək həqiqəti tapmaqdan xeyli asandır."
Mənim "Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı" monoqrafiyam haqqında dəyərli fikirlər söyləmiş, xüsusilə Dövlət Himnimizin əsl mətn müəllifi haqqında bəzilərindən fərqli olaraq həqiqətləri dilə gətirmiş, bu mövzyda maraqlı məqalə yazaraq "Azərbaycan" jurnalında nəşr etdirmiş fəlsəfə doktoru, dosent Safurə Quliyevaya, dərginin rəhbərliyinə - İntiqam Qasımzadəyə və Südabə xanım Ağabalayevaya sonsuz təşəkkürlərimi bildirirəm. A.R.
Bakı, 14.12.2025
HİMNİMİZİN MƏTN MÜƏLLİFİ...
Ədəbiyyatımızın, tariximizin, həmçinin dövlətçiliyimizin təkrar ictimai həyatın gündəminə gətirilən həllini tapmamış bir qaranlıq məsələsi (otuz beş ildən çoxdur ki, mətbuatda ara-sıra bu barədə müxtəlif yazılar çap olunur) “Dövlət himnimizin mətninin müəlllifi kimdir?” yenə də aktuallaşıb.
Bu sualı axarıncı dəfə daha əsaslı və əhatəli cavablandırmaq təşəbbüsündə bulunan professor Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəylinin həyatı və bədii yaradıcılığı” monoqrafiyasına (“Elm və təhsil”, 2024, 204 səh.) diqqət yetirək.
İlk fəsildə ötən yüzilliyin birinci yarısında görkəmli pedaqoq kimi tanınan Cəmo bəy Cəbrayılbəylinin həyatı və mühitindən bəhs olunmuşdur. Qısaca xülasə etsək, müəllif onun dünyaya göz açıb yetkinləşdiyi qədim tarixli Şamaxı şəhərinin XX yüzilliyin əvvəlindəki elə yönlü məqamları, faktları və ünlü simalarını Cəmo bəyin fokusundan çevrələyib kadrlayır ki, çox yığcam bir məzmunda onun mühitini təsəvvürdə canlandırmağa müvəffəq olur. Məlumatların dolğunluğu və yetərincə gerçəkliyində Cəmo bəyin sağlığında ikən nəşr etdirdiyi “Xatirələrim” əsərinə istinadların da rolu az deyildir. Belə ki, milli təhsil sahəsində səmərəli elmi və əməli pedaqoji fəaliyyəti ilə tanınan Cəmo Cəbrayılbəylinin Şamaxı və Bakıda ictimai və mədəni tədbirlərdə iştirakı, mətbuatda həm bədii, həm də publisist çıxışları, çap etdirdiyi dərslikləri və elmi-pedaqoji əsərləri ilə bağlı bilgilər dəqiq sənədlər, qəzet-jurnal yazıları ilə yanaşı “Xatirələrim”dən (Bakı, “Azərnəşr”, 1966) gətirilən nümunələrlə də təsbit olunmuşdur.
Müəllifin araşdırmasına görə Cəmo Cəbrayılbəyli 1922-1931-ci illərdə Bakı Pedaqoji Texnikumunda işləmiş, həmçinin Ali Pedaqoji İnstitutunda təbiyyat-riyaziyyat fakultəsinin kimya-biologiya ixtisası üzrə tam kursunu bitirmişdir. 1920-ci illərdə onun məktəblilər üçün yazdığı “Təbiətə ilk addım”, “Heyvanat dərsləri”, “Müxtəsər nəbatat”, “Müxtəsər botanika”, “Zoologiya dərsləri”, “Təbiət”, “Akvarium” və s. kitabları nəşr edilmişdir. Görkəmli pedaqoqun həmçinin musiqi biliklərinə dair maraqlı dəlillər verilmiş, yaxın dostu Əlyar Qarabağlının “Xalq müəlliminin şərəfli yolu” məqaləsindən belə bir sitat gətirilmişdir: “Cəmo müəllimin çala bilmədiyi musiqi aləti yox idi. O, nəinki Azərbaycan muğamlarına və xalq misiqisinə, hətta rus, polyak xalq havalarına da yaxşı bələd idi (37)
C.Cəbrayılbəyli 1938-ci ildən ömrünün sonuna kimi Azərbaycan Elmi-Tədqiqat Pedaqoqika İnstitutunda işləmişdir. Monoqrafiyada bu elmi müəssisədə onun elmi təşkilatçılıq fəaliyyəti, əsərləri barədə təfsilatlı məlumat verilmişdir. Cəmo Cəbrayılbəyli 1965-ci ildə 78 yaşında ikən dünyasını dəyişmişdir.
“Cəmo Cəbrayılbəylinin bədii yaradıcılığı” adlanan 2-ci fəsil üç bölümə ayrılmış, burada istedadlı maarif xadiminin dramaturji, nəsr və poeziya yaradıcılığı yığcam əhatə olunmuşdur. Cəmo bəyin bütün varlığı ilə pedaqoji sahəyə .... bağlılığı onun sənətkarlıq cəhətdən o qədər də yetərli olmayan bədii əsərlərinin də ideya-məzmununda aydın müşahidə olunur. Əsasən, məktəb tamaşalarında oynanılmaq məqsədilə yazılan birpərdəli pyeslərdə mənəvi-əxlaqi tərbiyə motivi, hekayələrdə doğma yurdun fauna və florasını tanıdıb sevdirmək məramı (Cəmo bəy təbiətşünaslıq fənlərindən dərs deyirdi – S.Q.) aparıcı xətdir. 1910-cu illərdə gənc müəllimin “Məktəb” jurnalında dərc etdirdiyi şeirlərinin məzmunu isə nisbətən rəngarəngdir. “Poeziya” bölməsində onun ilk mətbu əsəri “Tavus və qarğa” təmsilindən (1912) başlayaraq az sonra didaktik-tərbiyəvi məzmunlu “Qənbər və Heydər” mənzuməsi (1913), yaxın dostu şair Abbas Səhhətlə mənzum məktublaşmaları (1914-1915), I Dünya müharibəsi mövzusunda “Yaralanmış zabitin yoldaşına vəsiyyəti” (1916), 1918-ci ildəki mart soyqırımında Şamaxı faciəsinə həsr etdiyi “Annəmə” (1919) və “Yeni ulduz” jurnalında çap etdirdiyi “Sənsən” (1922) lirik şeirindən bəhs olunmuşdur. Qeyd etmək lazımdır ki, C.Cəbrayılbəylinin bədii əsərləri indiyədək toplanıb ayrıca kitab halında nəşr olunmadığı üçün A.Rüstəmli bu sahədə oxucunu məlumatlandırmaq məqsədilə monoqrafiyada onların mətbuat variantını olduğu kimi təqdim etməyi lazım bilmişdir.
Hər iki fəsildə Asif Rüstəmli Cəmo bəyin hələ uşaq yaşlarından mükəmməl musiqi təhsili alması, bir neçə musiqi alətində çalmağı bacarması və yeri gəldikdə öz sözlərinə musiqi bəstələmək qabiliyyətini də nəzərə çatdırmışdır. Müəllfin araşdırmasına görə dərs dediyi məktəb şənliyi üçün “Xonça nəğməsi” və “Nəğmə” şeirlərinə o özü musiqi bəstələmişdir. Kitabda oxuyuruq: “1913-cü ilin Novruz bayramı Cəmo bəyin direktor olduğu Şamaxı birinci rusi-müsəlman məktəbinin kollektivi üçün uğurlu və unudulmaz oldu... Xonça haqqında nəğmə yazıb ifa üçün şagirdlərin ixtiyarına verir. Xonçalar şamlarla bəzədilir, içərisinə şirniyyat, xuşgəvər, meyvə quruları, qoz-fındıq ləpələri doldurularaq tavandan asılır. Müəllimlər və şagirdlər bayrama ciddi hazırlaşırlar. Cəmo bəyin yeni yazdığı “Xonça nəğməsi” musiqisinin müşayiəti ilə şagirdlər xorla ifa edirlər” (76). Şeirin son bəndi belədir:
Ay qonaqlar, mübarək bayramınız!
Şadi-xürrəman ola əncamınız,
Eyşi-işrətdən alasız kamınız,
Sən də şad ol xonça, artıq yaşa sən! (78)
Asif Rüstəmli 1910-cu illərin mətbuatından axtarışları sayəsində Abbas Səhhətin “İqbal” qəzetində çap etdirdiyi “Milli ideallarımız” adlı məqalədə Cəmo bəyin təşkil etdiyi məktəb “Xonça” şənliyini xatırlaması və “Məktəb” jurnalının 1914-cü il 5-ci sayında “C.Aciz – Şirvani” imzası (bu, Cəmo Cəbrayılbəylinin ilk imzalarındandır – S.Q.) ilə “Xonça nəğməsi”nin həmin bayram şənliyinin şəkli ilə birlikdə çapı faktlarını təqdim edir.
Beləliklə, 1918-ci ildə müəllif otuz yaşlı Cəmo Cəbrayılbəylinin şəxsiyyəti, ictimai mövqeyi, cəmiyyətdə ədəbi-mədəni fəaliyyət dairəsi və yaxın dostları barədə aydın təsəvvür yaratmağa müvəffəq olmuşdur. Bundan sonra isə monoqrafiyanın 2-ci yarısında “Vətənim” şeirinin taleyi ilə bağlı axtarışlar, mülahizələr və müxtəlif səpgili faktlar əhatə olunur. Artıq 3-cü fəslin əvvəlində Asif Rüstəmli öz məramını açıqlayaraq yazır: “Vətənim” şeirinin tarixi və taleyi üzərinə çökmüş sirr pərdəsini qaldırmaq, həqiqət işığının qaranlıq məqamlarına aydınlıq gətirilməsinə nail olmaq, haqqın, ədalətin bərpasına çalışmaq, əsərin əsl, həqiqi, halal müəllifini müəyyənləşdirmək niyyətilə arxivlərdə araşdırmalar aparmaq zərurəti yarandı”. (97) Bu axtarışların nəticəsində əsərin yaranma tarixi və ilhamverici təkanı barədə müəllifin məntiqi mülahizələri inandırıcı görünməklə yanaşı, həm də zamanın mühüm hadisələrini özündə ehtiva edir. Xatırladılır ki, 1918-ci ilin 15 sentyabrında Bakı uğrunda Türk ordusu və Azərbaycan əsgərlərinin erməni-daşnak işğalçılarına qarşı qanlı vuruşmalarda minlərlə şəhid versək də, “İstiqlal gününə bərabər tutulan qurtuluş günü xalq tərəfindən toy-bayram kimi qarşılandı... Cəmo bəy də qələminə sarıldı, qəlbindən keçən coşqun poetik duyğular selini kağıza köçürdü, marş motivi üzərində düzənlədiyi şeirinin adını “Vətənim” qoydu... Müəllif şeirin misralarını dodaqaltı zümzümə etməkdən yorulmaz, uşaqlar üçün vətənpərvərlik mövzusunda sevilən nəğmə ola biləcəyini düşünərək üçüncü ali-ibtidai məktəbdə birgə işlədiyi müəllim yoldaşı Üzeyir bəy Hacıbəyliyə də təqdim etdi”. (97-98)
Asif Rüstəmlinin illərdən bəri arxivlərdən əldə etdikləri, müvafiq mənbələrdən topladığı məlumatlar, Cəmo Cəbrayılbəylinin qızı Sürəyya xanımla, nəvələri ilə söhbətlərdən öyrəndikləri kitabdakı bir qisim məntiqi mühakimələrin inandırıcılığına əsas verir. Bəzilərini vurğulamaq istərdik:
1.Cəmo bəyin 17 yaşından müəllim işləməyə başlaması, Şamaxının mədəni-maarif həyatında fəallığı, məktəbdə təşkil etdiyi Novruz bayramı şənliyi üçün yazdığı “Xonça nəğməsi” şeirindəki nikbin ruh, görkəmli şair Abbas Səhhətlə dostluğu, onunla mənzum məktublaşmaları;
2. 1918-19-cu illər Bakıda və Şamaxıda erməni - daşnak hərbi hissələrinin silahsız dinc əhaliyə qarşı törətdikləri kütləvi qırğınlar barədə rəsmi-tarixi məlumatlar və Cəmo bəyin bu hadisələrin içində olması və yaxından müşahidəsi;
3. Milli mətbuatda C.Cəbrayılbəylinin çap etdirdiyi bədii əsərlərindən verilən nümunələr. Xüsusilə, “Övraqi-nəfisə” jurnalında (1919, №3, s.9) “Annəmə” şeirindən: “Qanlı düşmən kəsib, yaxıb, buraxıb, Dopdolu küçələrdə qanlar axıb...Vətəni topla eyləmiş viran...” və sair misralar...;
4. Gənc şair-publisist Əli Yusifin “Pəncərə önündə yarım saat” (“Azərbaycan” qəzeti, 1919, 30 mayis, №191) məqaləsindən gətirilən sitat: “Otuz nəfərə qədər on yaşından yeddi yaşınadək çocuqlar bir çoxu başıaçıq, ayaqyalın, əllərində təxtədən kəndi sənətlərincə yapılma silahlar, ağac başına taxılmış mini-mini milli bayraqlar ilə kəmali-ciddiyyətlə keçirdilər. Bir çınqıraq sədası qədər lətif səslərlə marş oxuyurlardı... Mən yalnız “şanlı Vətən” dediklərini anlaya bildim. Pək təsirli bir mənzərə idi”. (Şamaxı məktəbində keçirilən Novruz bayramı şənliyi yada düşür – S.Q.)
5. Və nəhayət, çox gənc vəfat etmiş Şamaxılı müəllim və mühərrir Ağa Həsən Mirzəzadənin tərtib etdiyi və onun ölümündən sonra qardaşı müəllim Qafur Rəşad Mirzəzadə tərəfindən nəşr edilən “Milli nəğmələr” kitabında (Bakı, 1919, səh.22) yer alan “Cəmo bəy” imzalı “Vətən marşı” şeiri; onun sonrakı taleyi: mühacirətdəki çap variantları və Azərbaycan Dövlət himni kimi təsdiq olunmasınadək keçdiyi yol barədə əhatəli araşdırmalar verilir. Xarici nəşrlərdə bu marşın mətninin altında heç vaxt imza verilmədiyi faktı müqabilində Əhməd Cavadın Türkiyədə dəfələrlə çap olunan bütün şeirlərində həmişə adının yazılması faktı da nəzərə çatdırılır.
Kitabın “Zəruri sözardı” hissəsində Cəmo Cəbrayılbəylinin bacısı nəvəsi Gülsüm Əfəndizadənin 6 iyul 1967-ci il tarixində yaddaşından ərəb əlifbası ilə qələmə aldığı “Vətənim” şeirinin əlyazması təqdim olunur. O, Cəmo bəyin həyat yoldaşı Şəfiqə xanıma ünvanladığı məktubda yazırdı: “Sizə, çox əzizimizə, xatirələrimizdə həmişə hörmətlə qalan mərhum Cəmo dayının mənim yadımda qalan “Vətənim” adlı şeirini sizə yadıgar olaraq göndərirəm”. (səh.187)
Yazımızın əvvəlində mövcud problemin otuz beş ildən - 1989-90-cı illərin Meydan hərəkatından bəri ara-sıra gündəmə gətirilməsini qeyd etmişdik. Tədqiqatçı alim monoqrafiyada hazırkı Dövlət himni ilə əlaqədar 1987-ci ildən sənətşünas Mövsüm Əliyevin və tarix elmləri namizədi Qubad Qasımovun məqalələrindəki qeydləri nəzərə çatdırır. O yazır ki, “Mövsüm Əliyev 70 illik sovet rejimi dövründə Üzeyir Hacıbəylinin bəstələdiyi “Vətən marşı”nın sözlərinin Cəmo Cəbrayılbəyliyə məxsus olduğunu mətbuat vasitəsilə (“Ədəbiyyat və incəsənət”, 20 aprel 1990) bəyan etmişdir”. (143) Asif Rüstəmli 1990-92-ci illərdə Vətənin müstəqilliyi uğrunda meydanlara axışan insanların Ü.Hacıbəylinin “Azərbaycan marşı”nı böyük coşqu ilə ifa etmələrini vurğulayıb, onun mətninin kimliyi ətrafındakı söz-söhbətləri diqqətə çatdırır. Mətnin Əhməd Cavada mənsubluğu versiyasının öncədən kimlər tərəfindən irəli sürülməsi ardıcıllıqla şərh olunur. Həmçinin 28 mart 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyətinin Dövlət himninin ən yaxşı mətni üçün müsabiqə elanını, 17 nəfərdən ibarət müsabiqə heyətinin siyahısını təqdim edir. Müəllif xüsusi qeyd edir ki, bu tarixdən komissiya üzvlərinin dəfələrlə toplanıb, müzakirələr keçirməsinə baxmayaraq Müstəqilliyin ildönümünə 1 gün qalmış – 1992-ci ilin 27 mayında Milli Məclisdə müsabiqənin yekunlaşdırılması məsələsi qaldırılır. Monoqrafiyada iclasın gedişatında üzvlərin əlaqədar problem ətrafında çıxışları Milli Məclisin protokolundan təqdim olunur. Məlum olur ki, iddiaçılar heç bir sənədli mənbəyə istinad etmədən fərziyyələrlə ağızdan ağıza ötürülən bir mülahizənin – Əhməd Cavadın mətn müəllifliyinin həmin iclasda o vaxtkı Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərovun imzası ilə sənədləşməsinə qərar vermişlər.
Əlbəttə, bu ciddi rəsmi yanlışlıq barədə tədqiqatçılar vaxtaşırı mətbuatda çıxış edib münasibət bildirmişlər. Xüsusilə, 1999-cu ilin 4 fevralında f.e.n. Aybəniz Əliyevanın “Respublika” qəzetində “Cəmo bəy kimdir” məqaləsindən sonra həmin ilin iyulundan bəri “Xalq qəzeti”ndə və digər mətbaut orqanlarında, eləcə də internet saytlarında davam etdirilən müzakirələrin bir qismini ədəbiyyatşünas və “Xalq qəzeti”nin şöbə müdiri İlham Abbasov toplayıb 2018-ci ildə çap etdirdiyi “Himnimizin müəllifi” adlı (“Elm və təhsil”, 98 səh.) kitab əhatəli məlumat mənbəyidir. O, hələ 2000-ci ilin 19 noyabrında yazdığı məqaləsində göstərirdi ki, “Müxtəlif mətbuat orqanlarında bu məsələyə dair 60-dan çox yazı dərc olundu, telekanallarda bu barədə verilişlər hazırlandı, müzakirələr Elmlər Akademiyasına, parlament tribunasına qədər gedib çıxdı... Heç zaman, heç kim (nə dostları, nə düşmənləri) Əhməd Cavadın müəllifliyini faktla təsdiq edən fikir söyləməyib”. (səh.41) Himnin mətninin ilk dəfə Əhməd Cavadın ikicildlik “Seçilmiş əsərləri”nə daxil edən Əli Saləddin isə onu 1989-cu ildə Meydan nümayişlərində eşitdiyini etiraf etmişdir. Mətnin müəllifi kimi “Cəmo bəy Hacınski” versiyası barədə isə onun nəvəsi tarix elmləri doktoru Emin Hacınskinin internet saytındakı yazısında: “Mən Hacınskinin doğma nəvəsi kimi rəsmi olaraq bəyan edirəm ki, mənim babam heç vaxt şeirlər yazmayıb... Onda poeziyaya həvəs yox idi...”
Fikrimizcə, İlham Ababsovun “Himnimizin müəllifi” (2018) kitabındakı “Himnin mətninin Cəmo Cəbrayılbəyliyə məxusluğu o qədər açıq-aydın, göz önündə olan bir gerçəklikdir ki, bu həqiqətin öz yerini indi olmasa da, 3 il, 5 il sonra mütləq alacağı bir zərrə də şübhə doğurmamalıdır” ümidli mülahizəsini görkəmli ədəbiyyatşünas, f.e.d. Asif Rüstəmli son dövrdə xalqımızın ictimai, ədəbi zümrəsinə təqdim etiyi “Cəmo Cəbrayılbəylinin yaradıcılığı” (“Elm və təhsil”, 2024) monoqrafiyasında belə tamamlayır: “...Bəli, araşdırdıq, haqqın, hüququn, halallığın marağında olaraq bütün həqiqətləri üzə çıxarmağa, yanlışlığın haradan başlandığını, faktların, sənədlərin, mötəbər materialların “dili”, məntiqi ilə əsaslandırmağa çalışdıq... İndi söz mütəxəssislərin və səlahiyyət sahiblərinindir...”. (səh.184)
Safurə Quliyeva
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
Ali Shamil
Səfurə xanıma çox sağ olun deyirəm. Allah onu var eləsin. Qəribədi, həqiqəti müdafiə edənlər həmişə haqsızlığın, yalanıın, saxtakarlığın müdafiəşilərindən çox-çox az olur. Səidə xanım da görünür toplumumuzun azlıqda qalanlarındandır. Təbliğat həmişə saxtakarların, yaltaqların, ikiüzlülərin mənafeyinə işlədiyinə görə Səidə xanımları və onların yaradıcılığını da yaxşı tanımırıq
Irade Paşayeva
Arif Rüstəmzadə çox şadam ki,Sizin kimi araşdırmaçı alimi tanımışam.Sizin araşdırılmalar, özünüz söylədiyiniz kimi başlıcası halallığın, düzgünlüyün xalqımıza , ziyalılara çatdırılmasıdır . Bunu da qəbul etmək çoxlarına bəlkə də xoş gəlmir Sizin gərgin əməyinizinə təşəkkür düşür.Səfurə xanımın məqaləsini çox maraqla oxudum.
Əllərinizə sağlıq.
Sara Osmanli
Bir daha professor Asif Rüstəmlini dövlətimizin simvolikasını təşkil edən himnlə bağlı vacib məsələni əsaslı fakt və arqumentlərlə aydınlaşdırdığına görə təbrik edir,Səfurə xanıma da sözü gedən tədqiqatın ardıcıl elmi təqdiminə görə dərin təşəkkürümü bildirirəm
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.


