Bu mövzunu tam açıqlamağa bir yazı yox, bir neçə yazı da kifayət etməz, ona görə də fikirlərimi faktiki olaraq tezis şəkilində Sizə çatdırıram.
Tramp – Putin danışıqları deyil də, sövdələşmələri çoxları üçün şok olsa da mənim üçün gözlənilən idi, ona görə ki, hələ SSRİ dağılandan sonra Rusiyanın da dağılmasının qarşısını ABŞ az qala zorla aldı. Artıq o dövrlərdə bəlli oldu ki, Rusiyanın dağılması ABŞ-ın ən çox ehtiyatlandığı Çinin daha da güclənməsinə gətirib çıxaracaq. Xüsusilə, maraqları əsasən biznes üzərində qurulan ABŞ-ın respublikaçılarından Rusiyanın bu müharibədə məğlub edilməsini gözləmək sadəlövhlükdür. Tramp kimi birisindən isə Ukrayna – Rusiya müharibəsində sonuncunun dağılmasına aparacaq məğlubiyyətə dəstək olmasını gözləmək isə ağılsızlıq olardı. Tramp Çinə qarşı Rusiyadan istifadə etmək üçün sonuncunun istədiyi çox addımları atacaq. Məhz buna görə bütün yazılarımda Ukrayna xalqının tək özünün yox, həm də SSRİ-nin bütün xalqları əvəzindən mübarizə apardığını yazırdım. Görünən isə odur ki, çox sürətlə Ukraynanın təslim edilməsi prosesi baş verir.
Ona görə də bu gün keçmiş SSRİ dövlətlərinin hamısı anlamalıdır ki, bu günlərdə tək Ukraynanın deyil, həm də onların taleyi həll olunur. Görünən isə odur ki, son günlər baş verənlərdən ancaq Avropa ölkələri narahatdırlar, hərçənd ki, ən az təhlükə də məhz onlaradır. Əminəm ki, Ukrayna – Rusiya müharibəsi dayanan kimi Putinin bütün diqqəti keçmiş SSRİ dövlətləri olacaq. İstisna etmirəm ki, 1945-ci ildə Ruzvelt- Çörçil-Stalin arsasında baş vermiş dünyanın bölüşdürülməsi bu dəfə Tramp-Si-Putin arasında baş verəcək. Avropa və keçmiş SSRİ dövlətlərinin ciddi müqavimətləri, etirazları olmasa bunun baş verəcəyinə şübhəm yoxdur. Çünki Putin hakimiyyətə gəldikdən az sonra SSRİ-nin dağılmasını fəlakət adlandırmışdı və sonralar elan etməsə də bütün varlığı ilə SSRİ-nin bərpasına çalışırdı. Elə Ukraynaya qarşı müharibə də həmin prosesin əsas sütunudur. Əminəm ki, imkanı olan kimi Putin Pribaltika ölkələri xaric SSRİ-ni bərpa etməyə çalışacaq və bu işini ilk növbədə Cənubi Qafqaz ölkələrindən başlayacaq. Qarabağ probleminin həllində Putinin aktiv müdaxilə etməməsi də bu planın tərkib hissəsi idi. Sadəcə Ukraynada arzuladıqlarını qısa zamanda həyata keçirə bilməməsi, Paşinyan hakimiyyətini vaxtında devirə bilməməsi, Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin bu məsələdə bütün risklərə getməsi, Türkiyənin bizə birmənalı dəstək olması istədiklərini həyata keçirməyə imkan vermədi.
Əlbəttə, sizin kimi məni də ən çox maraqlandıran Azərbaycanın gələcəyidir. İlk növbədə həm hakimiyyət, həm də vətəndaşlarımız bu təhlükəni göz önünə almalı və atacağımız addımlarda çox ehtiyatlı olmalıyıq. Hakimiyyət ilk növbədə təhlükəsizliyimizi təmin etmək üçün Türkiyə ilə mümkün olan bütün addımları atmalıdır. Xalq olaraq isə dərk etməliyik ki, insan haqları və onun kimi hər birimizə xoş gələn bütün fikirləri ilk növbədə həmin fikirləri yaradan Trampın başçılığı ilə ABŞ artıq dəfn etməkdədir və bu gedişlə uğurla dəfn edəcək.
Hamı bilməlidir ki, SSRİ-nin bərpası ilk növbədə bizim kimi ölkələrdə daxili çaxnaşmalardan başlayacaq və yolda da insan haqları ideyası qarmağa taxılan yem rolunda olacaq.
* * *
Zeynal Memmedov
Tamamilə yalnış analizdir. SSR-i artıq tarixin zibilliyinə atılıb. Bir daha bərpasına imkan verməzlər. Qaldıki Çin məsələsinə, Amerikanın əlində kifayyət qədər imkanlar varki, Çinin iqtisadiyyatına zərbələr vursun. Amerika dövləti bir nəfərin havasilə oynamır, Trampın nə deməyi önəmli deyil. Bir şeydə razıyamki, Azərbaycan yaxın gələcəkdə ərazisində Türkiyə hərbi bazalarını yerləşdirə bilər.
Vasif Iskenderov
Əgər Tramp Putinlə razılığa gəlsə və Rusiya da SSSR ərazisindən ayrılmış ölkələri bərpa etmək istəsə, o zaman Rusiyanın qarşısında dura biləcək ikinci dövlət yoxdur. Türkiyə isə ümumiyyətlə Rusiyaya qarşı heç bir iş görə bilməz. Bu milləti boş-boş fantastik sözlərlə aldatmayın. Ukraynalılar kimi ABŞ-ın oyunlarına qurban gedərək qırılıb təslim olmaqdansa ruslarla anlaşıb yaşamaq yaxşıdır.
Qalib Arif
Aslan müəllim, Tramp Putinlə sövdələsməyə getmir, öz xalqını artıq 4 ildir ki, Amerikanın boynundan medalyon kimi asılan Zelenskidən xilas etmək istəyir. Adam deyir, vuruşa bilirsiz, gedin vuruşun, bilmirsiz, gəlin barışın. Burda qeyri-adi nə var ki?! Tramp Ukraynaya yox, Amerikaya xidmət edir, Amerikanın pullarını öz xalqına xərcləmək istəyir...
Гюля Гасанлы
Simpsonlar cizgi filmində SSSRi bərpa olunub kimi bir səhnə var. Bu cizgi filmi öncə görmələriylə məşhurdur yəni
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.