Ukrayna prezidenti Volodimir Zelenskinin Ankarada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan tərəfindən qarşılanma mərasimində diqqət çəkən bu maraqlı anı yəqin ki, hər kəs izləyib.
“Türkiyə” qəzetinin yazdığı kimi, qarşılama mərasimində Ərdoğan Qərbin tək qoyduğu Zelenskini öz çətiri altına aldı. Heç şübhəsiz ki, bu ifadə ikibaşlı ifadədir.
Bəli, bu, acı gerçəklikdir ki, bu gün həm Zelenski, həm də Ukrayna xalqı və dövləti meydanda tək qalıb. Dünyanın ən güclü və ən varlı, ən inkişaf etmiş ölkələrinin həm silahla, həm də böyük pullarla dəstəklədiyi Ukrayna birdən-birə, bir göz qırpımında təkləndi, müdafiəsizləşdirildi və ortada yalqız buraxıldı.
Baqqal (və ya tacir) Tramp elə bir hiyləgər və dağıdıcı kombinasiya qurdu ki, Ukraynanı Rusiya adlı yırtıcıya qarşı ayaqda saxlayan dünya birliyinin dəstək mexanizmi bir anın içində çökdü. Və buna paralel olaraq, artıq tükənmək ərəfəsində olan və hətta İran, Şimali Koreya kimi ən yaramaz ölkələrin dəstəyinə möhtac duruma düşən Putin Rusiyası Trampın qlobal oyunu nəticəsində məğlub ölkədən birdən-birə qalib ölkəyə çevrildi.
Bu cür qəfil və ildırımsürətli dönüş (və ya metamorfoz) həm Zelenskiyə, həm də Ukraynanın haqq işini dəstəkləyən hər kəsə şok yaşatdı. Çünki heç kim proseslərin bu cür kardinal şəkildə dəyişəcəyini gözləmirdi. Zelenskinin özü də psixoloji cəhətdən bu dəyişikliyə hazır deyildi. O, sözün əsl mənasında dərin şok yaşadı.
Və həm şokdan çıxmaq, həm də ölkəsi üçün xilas yolunu tapmaqdan ötrü durub Münhen Təhlükəsizlik Konfransına getdi. Lakin orada da son günlərin ikinci şokunu yaşadı. ABŞ-ın yeni vitse-prezidenti Cey Di Vensin Avropanı hədəfə alan və Ukraynanı iqnor edən çıxışı Zelenskiyə növbəti ağır zərbə oldu.
Bu mənada builki Münhen konfransının nəticələrinin Ukrayna və Avropa üçün 1938-ci ildəki təslimçi "Münhen anlaşması"ndan daha betər sarsıdıcı olduğunu deyənlər heç də yanılmırlar.
Fevralın 17-də Avropa liderlərinin Parisdəki zirvə toplantısının qeyri-müəyyən, ziddiyətli nəticələrlə (daha doğrusu, qərarsız) başa çatması isə Zelenski üçün üçüncü şok oldu.
Dördüncü şok isə bu gün ər-Riyadda (Səudiyyə Ərəbistanının paytaxtında) gerçəkləşdi. ABŞ və Rusiyanın nümayəndələri Ukrayna məsələsinin müzakirəsi üçün Səudların paytaxtında bir araya gəldi. Beynəlxalq müşahidəçilərin bu görüşü "Ukraynasız Ukrayna masası" adlandırmaları tam da yerinə düşür.
ABŞ və Rusiyanın ər-Riyadda bir masaya gəlib danışıqlara başlaması eyni anda həm 1938-ci ilin Münhen danışıqlarını, həm də 1945-ci ilin Yalta konfransını xatırladır. Hər iki tarixi hadisə bölücülüyə, ərazi ilhaqına, dünyanın yenidən bölüşdürülməsinə, imperialist güclərin iştahının təmin olunmasına xidmət edib.
Bu gün də oxşar proses təkrarlanır. Başqalarının (həm Ukraynanın və digər postsovet, postsosialist ölkələrinin, həm də kontinental Avropanın və Yaxın Şərqin) taleyini masada müzakirəyə çıxaran marko rubiolar, sergey lavrovlar bu gün ər-Riyadda tarixin növbəti diplomatiya quldurluğuna imza atdılar. Bu gedişlə onların ağaları - Tramp və Putin Ukraynanı yağlı tikə və ya dadlı piroq kimi bölüşdürəcəklər.
Ukrayna sadəcə qurbanlıqdır. Bu gözəl ölkə "Böyük Şahmat Taxtası"ndakı piyada fiqur kimi imperialist güclərin maraqlarına qurban verilir. Ortada isə həmin güclərin daha böyük hədəfləri var.
Son üç ildə Rusiya-Ukrayna savaşında ölənlərin, yaralananların, itkin düşənlərin, qaçqınların taleyi nə Putini, nədəki Trampı maraqlandırır. Hər kəsən öz qlobal geosiyasi hədəflərinə nail olmağa can atır. Məhz buna görə də bu gün ər-Riyad "qlobal bazarlıq", sövdələşmə meydanına çevrildi. Tramp da, Putin də öz diplomatlarına bu günkü görüşdə Ukrayna başda olmaqla bu və ya digər ölkələrin taleyinin masaya çıxarılmasını, alqı-satqı edilməsini tapşırmışdılar.
Bəli, bu, sözün tam mənasında neoimperialist güclərin yırtıcı bölüşdürmə planıdır. Buna əsla sülh planı demək olmaz. Belə sülh planı olmur. Bu, böyük güclərin kiçik ölkələrə diktə planıdır. Bu, qlobal maxinasiyadır.
Trampın və Putinin bu maxinasiyasını başa düşən və Avropanın da qısırlığını, bivecliyini anlayan Ukrayna lideri son ümid yeri kimi haqlı olaraq Ankaraya üz tutdu, Ərdoğana pənah apardı.
Bəs, Zelenskinin Ərdoğandan umacağı nədir? Türkiyə Ukraynaya nədə yardımçı ola bilər? Ərdoğanın tutduğu bu çətir Zelenskini və Ukraynanı nədən qoruya bilər?..
* * *
Nargiz Nargiz
maraqlıdır...neçə il əvvəl buna bənzər bir foto da yayılmışdı- o fotoda yağışlı gündə vidalaşarkən, Putin İlham Əliyev üçün çətir tutmuşdu. Saxlamışdım, axtardım tapmadım...
O ki qaldı Zelenskinin təklənməsinə... çox da gözlənilməz olmadı. belə bir sonluq olacağını bilənlər də az deyildi.
Qlobal maraqlar naminə verilən qurbanlar isə himayəsinə sığındıqları üçündü..
Beybala Mirzeyev
Nargiz Nargiz, bu dərəcədə ədalətsiz təklənməni heç kim gözləmirdi.
Beybala Mirzeyev
Birdəki, Zelenski heç kimin himayəsinə sığınmamışdı. O, öz ölkəsinin xilası üçün, ərazi bütövlüyü üçün dəstək ala biləcəyi hər yerdən, hər ölkədən dəstək almağa çalışırdı.
Vidadi Mamedrzayev
Nargiz Nargiz Siz dediyiniz foto Putinlə Paşinyanın idi,Paşinyan Putinin çətiri altında idi,İlham Əliyev isə ozünün tutduğu çətirin altında idi.O vaxt həmin fotoda bu günkü foto kimi böyük marağa və müzakirələrə səbəb olmuşdu.Bu o vaxtlar idi ki,Paşinyan yeni hakimiyyəti ələ almış,Qərbə meyillənməmiş,Qarabağ savaşı başlamamışdı.
Арифа Мухтарова
Beybala Mirzeyev bəy, xoş gördük. Kim gözləməsə də, mən gözləyirdim. Mən deyəndə ki bunlar hamısı eyni siyasətə qulluq edir, mənə xəstə təfəkkürlü insan kimi baxırdı xalqım. Hələ işin dalını izləyin, şoka düşəcəksiniz. Görün nələr olacaq. Əgər oxumusunuzsa, bir necə ol bundan öncə "Rusiyanın yeni torpaqlarının birində 3 dildə - Rus, Ukrayna və Türk dilində yazı görmüşdüm" kimi status tərtib etmişdim. Elə o yazı bizə hələ qarşıda çox şokların olacağını söyləyir. Bu, on-on illər öncə qurulmuş plandır. Ukrayna torpağı bölüşdúrülúr. Bu illər ərzində ABŞ Ukraynanı silahlandırmaqla Rusiyaya kömək edirdi. Bunu deməkdən yoruldum, ancaq inanan yox idi. Gedişatı izləyək.
p.s.
o Yalta danışıqları mövzusudur bu mövzunun özü. Doğru-düzgün də ifadə etmisiniz!
Nargiz Nargiz
Vidadi Mamedrzayev bəlkə bu foto da olub, lakin biz İ.Əliyevin çətiraltında olduğu fotonu saxlamışdıq. bəlkə də taparam. İkisi də gülümsünürdü.
Hasan Aliyev
Hadisələrin bu məcraya gələcəyi,ilk güllə açılandan bəlli idi... Çeçenistan kimi,burada da qırılan insanlara,viran qalan şəhər və kəndlərə,barıt qoxusunu hələ uzun müddət "unutmayacaq"torpağa yazıq !
Beybala Mirzeyev
Doğrudan da bu cür ədalətsiz müharibələr insanların, şəhərlərin, təbiətin, torpaqların yazıq günə qalması ilə nəticələnir. Erməni barbarları da 30 il davam edən işğal dövründə yüzminlərlə insanımızı qətlə yetirməklə, qaçqınçılığa düçar etməklə yanaşı, ərazilərimizi və təbiətimizi, muzey və tarixi abidələrimizi ekosidə, kultursidə, vandalizmə məruz qoyublar.
Ali Musayev
Bütün qərb, başda Amerika olmaqla vaxtilə Zelenskini ayaqda alqışlayırdılar, indi isə hamı ondan üz çevirdi, hamının maskası yırtıldı. Əsl simaları, məqsədləri aydın oldu..
Beybala Mirzeyev
Ali Musayev, Rusiyanın daimi dostları olmadığı kimi, Qərbin də daimi dostları yoxdur. Yalnız böyük maraqlar var.
Adil Hacimadayev
ZELİNSKİNİ İNDİ QƏBUL ETMƏK GECDİ.
FAKT ODURKİ UKRAYNADA HƏM PREZDENTİN HƏMDƏ ALİ RADANIN SƏLAHİYYƏTİ ÇOXDAN BİTİB.
SƏLAHİYYƏTİ BİTƏN PREZDENTƏ DƏSTƏK VERMƏYİN ÖZÜDƏ MƏNİM FİKRİMCƏ YALNIŞ ADDIMDIR.
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.