Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Lilpar Cəmşidqızı:

QƏZƏL

QƏZƏL

Həsrətin, Canan, mənim etmiş pərişan könlümü,
Eyləyib dustağ min-bir dərdə hicran könlümü.

 

Yandırıb köksümdə mən, şəm' eylədim öz qəlbimi ,
Gör haçandır vermişəm, bir eşqə qurban könlümü.

 

Çırpınır axşam-səhər, bülbül qəfəsdən boylanır,
Xarə gül mehman olub, açmır bu zindan könlümü.

 

Gözlərimdən tökdüyün sellər olub dərya qədər,
Dilbərim, Sən etmisən aləmdə ümman könlümü.

 

Xəstəyəm, ya Rəb, şəfa ver, dərdimin dərmanısan,
Sən mənim tək qoymadın, bir gün də, Loğman, könlümü.

 

Şah damarımdan keçib dövr eyləyir eşqin sənin,
Ey Xudavəndim mənim, gəl, tutmasın qan könlümü.

 

Lilparam, ruhum mənim, bir Şahə xidmət eyləyir,
Vermişəm dildarə mən, çoxdandır ünvan könlümü.


QƏZƏL

Nə qədər şükr eləsəm, mən bu şəfa sahibinə,
Yetişər hər diləyim, çünki dəva sahibinə.

 

Qəmi aləmdə Xuda, sevdiyi insanə verər,
Göndərər möhnəti, həm dərdi cəfa sahibinə.

 

Bu könül nalə çəkən qəmli kamandır sanki,
Dönüb artıq ürəyim, indi nəva sahibinə.

 

Daranıb, güzgülənər nuri-cəmalında Günəş,
Əyər öz qəddini gülşən də səfa sahibinə.

 

Yeri, həm mavi səma cismini Allah yaradıb,
Nəfəs aldıqca da şükr eylə həva sahibinə.

 

Yaradıb Tanrı ki, öz nəfsinə hakim olasan,
Verəcək ruzi mələk, onda vəfa sahibinə.

 

Çalışıb, ömrünü zəhmətlə keçirsən, Lilpar,
Dönəcəksən o zaman, Yerdə yuva sahibinə.

QƏZƏL

Nə gözəl, doğma Vətən, şanlı zəfərdən güc alır,
Doğulan günlərimiz, nurlu səhərdən güc alır.

 

Bakımız fəxr eləyir, "Qız qalası" köksündə,
Şəhərim dalğalanan mavi Xəzərdən güc alır.

 

Qarabağ torpağına, bax, yenidən doğdu Günəş,
Ucalan bayrağımız orda hünərdən güc alır.

 

Yağı düşmənlərimiz məğlub olub, hiyləsi çox,
Bizi qorxutmaq üçün bir, iki nəfərdən güc alır.

 

Bu gün azad olunan Xan Qarabağ çox sevinir,
Şuşatək şux dayanan, güclü şəhərdən güc alır.

 

Edirik fəxr(i) yenə Rəhbərimiz öndə gedir,
Güvənir millətinə köksü qəhərdən güc alır.

 

Elə bir layla deyək, cəm(i) şəhidlər uyusun,
Baş əyib hər şəhidə Lilpar əsərdən güc alır.

 

QƏZƏL

Nə qədri, təndə canım var, mənim yarım məhəbbətdir
Məhəbbətsiz, nə məna var həyatda, boş səyahətdir.

 

Bu dünya vəhdət üçündür, fəqət, ol Tanrıdır yalnız,
Odur ki, axtar öz yarın, könül, təklik qəbahətdir.

 

Bu qəlbim, bir gülün eşqiylə yandı atəşi-hicrə,
Xəyalıyla edər söhbət, hər axşam bəzmi-vəhdətdir.

 

O yarın hüsnünü, əslən, necə tərif edim, mən ki,
Misalı yox məlahətdə, bu afət, özgə afətdir.

 

Susan könlüm, çəkib nalə, nədən od tutdu eşq içrə,
Bu aləm sirrdir, billah, bu bir başqa kəramətdir.

 

Cəfalar aşiqə, ancaq, o yarın diqqətindəndir,
Gələn hər bir cəfa tiri, məhəbbətdən əlamətdir.

 

Deyirlər, söylə ol yarə, cəfasın az edə,Lilpar,
Necə söylüm ki, eşq içrə cəfa, ol yarə adətdir.

 

QƏZƏL 

Ey dil, yenə dildarıma şükranımı göstər,
Könlümdə daşan sevgimi, ümmanımı göstər.

 

Zikr eyləyirəm ismini, YaRəb, gecə-gündüz,
Cənnət qapısından mənə ünvanımı göstər.

 

Qəlbin gözü görmür deyən insan kor olubdur,
Bağlanmasın ülfət yolu, cananımı göstər.

 

Ruhum dolaşır, Göydə nigarım görə bilsin,
Cismim nəyə lazım, darıxan  canımı göstər.

 

İllərdi gəlib aləmə həsrət çəkirəm mən,
Ömrüm keçib atəşdə, bu hicranımı göstər.

 

Loğmanı olan bir belə düşməz ki, bəlayə,
Şükr eylədiyim, dərdimə dərmanımı göstər.

 

Lilpar kimi könlümdə məhəbbət, diləyim var,
Cənnət mələyindən, mənə Sultanımı göstər.


QƏZƏL

Hər bir bəşər övladının öz yarı Vətəndir,
Bir bülbülə min bağ ola, gülzarı Vətəndir.

 

Bağban əkə bilməz bir ağac, torpağı yoxsa,
Torpaqda bitən hər ağacın barı Vətəndir.

 

Övladi-Vətənçün belə yurd eşqi tükənməz,
İnsanın əzəl məqsədi, son varı Vətəndir.

 

Uğrunda tökür qanını azad Vətənçün,
Hər bir yaşayan bəndənin ilqarı Vətəndir.

 

Həm varlını, həm yoxsulu köksündə yatırmış,
İnsanın əziz doğması, simsarı Vətəndir.

 

Qeyrətli oğullar yetiribdir Ana torpaq,
Hər bir oğulun namusu, həm arı Vətəndir.

 

Yazmış Vətən eşqiylə neçə türfə qəzəllər,
Lilpar üçün öz sevgili dildarı Vətəndir.