Hümbət Quliyev:
Nəfər haqda
(esse)
Oxudum ki, “bir nəfər də öldü”.
Bu “nəfər” sözünü heç başa düşmürəm. Sözün düzü heç başa düşmək də istəmirəm. “Nəfər”, deməli insan. Bizdən biri. Dünən o ölkənin vətəndaşı idi. Heç şübhəsiz, vətəndaş idisə, şəxsiyyət vəsiqəsi də mütləq olub: Adı, soy adı, yaşadığı ünvan. Şəkli də olub o insanın, elə öz şəxsiyyət vəsiqəsində!
Bizlərdən biri olub, böyük ehtimalla həmvətənimizdir.
Bax o həmvətənimiz, bizlərdən biri, hansı anda “nəfərə” çevrilir?
Sən də, mən də bir gün o “nəfərə” çevriləcəyik.
Haqsızlıqdır məncə.
Mən istərdim o “ nəfər” haqda qəzetlər yazsın. Mən yuxarıda otursaydım, hər “nəfər” haqda qəzet buraxdırıb yaydırardım. O insan haqda hər şey yazdırtdırardım.
Özü haqda, gördüyü işlər haqda. Hamı bilsin ki, bizim belə gözəl vətəndaşımız olub, xalqımızın belə dəyərli insanı olub. “Nəfər “, statistikadır deyənlər olar.
Statistika kimi ikinci yalan qurum tanımıram. Elə statistikaya ayrılan pulların hesabına qəzet çap eləyərdim, onları “nəfərə” hörmət etməyə məcbur edərdim.
Bütün xəbər proqramlarında “nəfər” sözünü qadağan edərdim.
Televiziyanın əsasnaməsinə iri hərflərlə yazdırardım; dünyasını dəyişmiş hər azərbaycanlı haqda geniş məlumat vermək televiziyanın borcudur. Ayrıca TV kanal yaradardım, qoy orada yalnız dünyasını dəyişmiş insanlarımız haqda məlumatlar getsin. Qoymazdım ki, millətimin nümayəndəsin bu dünyanı “nəfər” kimi tərk etsin, çünki hər bir insanımız böyük xalqımızı təcəssüm etdirir. Belə!
Hümbət Həsənoğlu