Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 "Xurşidbanu Natəvan" Şəkidə nümayiş olunacaq  

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi regionlara təşkil olunan qastrol səfərlərini 2025-ci ildə də davam etdirir. 

Məqsəd regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının səmərəli təşkili, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Belə ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" pyesi əsasında hazırlanmış eyniadlı tamaşa martın  31-i saat 18:00-da Şəki Dövlət Dram Teatrında 31 mart - Azərbaycanlıların Soyqırımı ilə bağlı nümayiş olunacaq.

Dövlət sifarişi ilə hazırlanan tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru mərhum Xalq artisti Azər Paşa Nemətov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı isə Xalq artisti Siyavuş Kərimidir.

Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova (Xurşidbanu Natəvan), Kazım Abdullayev (Canişin), Rafiq Əzimov (Mirzə Ruhullah), Hacı İsmayılov (Qoca Knyaz), əməkdar artistlər Anar Heybətov (Knyaz Xasay), Elşən Cəbrayılov (Seyid Hüseyn), aktyorlar Elçin Əfəndi (Hidayət xan), Cavidan Novruz (Nəvvab), Vüsal Mustafayev (Zahir bəy) və başqaları iştirak edirlər.

Tamaşanın mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülmüşdür.

Əsərdə Natəvanı həm doğma Şuşanın, həm də ikiyə bölünmüş Azərbaycanın taleyi narahat edir. Tamaşaçı onu müdrik, Vətəninə və xalqına bağlı ictimai xadim, həm də həssas, zərif bir qadın, ana kimi tanıyır və sevir.

Burada tarixi hadisələrin timsalında xalqın taleyi, azadlığı və birliyi ideyası ön plana çəkilib. Xalqın taleyi Natəvanı düşündürən əsas məsələdir.