Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il

Masallıda şəhid ailəsi üçün fərdi yaşayış evi tikilib

Masallı rayonunda daha bir şəhid ailəsi üçün tikilən fərdi yaşayış evi istifadəyə verilib.

Masallı şəhərində, Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun giziri Raqib Vidadi oğlu Əzizovun (29.08.1991-08.12.2020) ailəsi üçün tikilən birmərtəbəli üçotaqlı fərdi yaşayış evinin açılışında rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov və digər rayon rəsmiləri iştirak ediblər.

Masallı RİH başçısı A.Əhmədov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Raqib kimi oğullarımızın qəhrəmanlığından, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərliyinə, evin tikintisində zəhməti olan hər kəsə minnətdarlıqlarını bildiriblər. 

Məlumat üçün bildirək ki, Raqib Əzizov 1991-ci il avqustun 29-da Masallı rayonunun Yolağac kəndində anadan olub. 1997-2008-ci illərdə Yolağac kənd tam orta məktəbində təhsil alıb. 

2009-2011-ci illərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin TTM-də təhsil alan Raqib Əzizov, 2013-cü ilin aprelindən "N" saylı hərbi hissədə bağlama rabitə bölüyünün mobil retransiyasiya stansiyasının rəisi vəzifəsində xidmət edib.

Azərbaycan Ordusunun giziri Raqib Əzizov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərə qatılıb.

Dekabrın 8-də Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan Silahlı Qüvvələrinin qalıqlarından ibarət bir neçə nəfər Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə gizir Raqib Əzizov şəhid olub. Görülən tədbirlər nəticəsində isə qanunsuz erməni hərbi dəstəsinin üzvləri məhv edilib.

Şəhid gizir Əzizov Raqib Vidadi oğlu 2020-ci il dekabr ayının 9-da Masallı rayonu, Yolağac kənd qəbristanlığında uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq  Sərəncamlarına əsasən, Raqib Əzizov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ailəli idi, iki övladı yadigar qalıb. 

Akif AĞAYEV