Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Tahir Süleymanov: 

Vətən sevgisini daimi ruhunda gəzdirən Hüseyn müəllim 70 yaşını tamamladı

Hansı sahədə çalışmağından asılı olmayaraq, futbol öz cazibəsi, gücü, varlığı ilə insanları birləşdirir, bir araya gətirir. Futbol böyük qüvvədir. Qəlbə futbol sevgisi hopursa - əbədidir!

Sosial şəbəkələrin mənfi çalarları olduğu kimi, müsbət tərəfləri də yetərincədir. İllər öncə Hüseyn müəllim kimi doğma Azərbaycanı, xalqımızı sevdiyi qədər futbol vurğunu olan ziyalımızla tanış olmaq qismətimizə yazıldı.

Hüseyn müəllim ötən əsrin uzaq 60-70-ci illərində peşəkar futbolla da məşğul olub. Müxtəlif səbəblərdən həyatını başqa səmtə yönləndirib, gənc yaşlarından Yaxın Şərqdə iş fəaliyyətinə başlayıb. Ərəb, rus dillərini mükəmməl bilir...

Hüseyn Niftəlioğlu 20-yə yaxın ölkədə müxtəlif vəzifələrdə çalışıb, öz dövrünün tanınmış siyasi xadimləri ilə görüşüb, xalqımızı ləyaqətlə təmsil edib. Böyük futboldan uzaqlaşsa da, bir nömrəli idman növünə olan sevgi, bu günə kimi ruhundadır...

Müstəqilliyimizin ilk illərində, 90-larda yüksək vəzifələrdə söz sahibi olub, iqtisadiyyatımızın dirçəlməsində, çətin illərdə ölkəmizin qida təminatında müstəsna xidmətlər göstərib. Futbolla yanaşı, elmin, ədəbiyyatın, tarixin vurğunudur. Bu səviyyədə ziyalılarla ünsiyyətdən insan mənəvi olaraq qidalanır...

Hüseyn müəllim çox pozitiv insandır, istənilən çətinliklərə sinə gəlir, çalışmaqdan usanmır, sabaha hər zaman nikbin baxır. Dövlətimizi, dövlətçiliyimizi düşünən, öz təcrübəsini gənclərlə bölüşən, doğru yol göstərən, tövsiyyələrini onlardan əsirgəməyən əsl el ağsaqqalıdır...

Ədəbi dilimizi fantastik bilir. Ərəb ölkələri, dil, dilimiz, tarixlə bağlı mükəmməl üslübda, ardıcıllıq, axıcılıqla mətbuatda, sosial seqmentlərdə öz yazıları ilə cəmiyyətin maarifləndirilməsində əvəzolunmaz, təmənnasız işlər görür...

Bunlarla yanaşı, futbolu heç vaxt unutmur.

Ümumi Azərbaycan futbolu ilə birgə , "Neftçi" sevgisi açıq hiss olunur. Futbolu gözəl bilir. Görüşümüzdə, söhbətlərimizdə bəlli oldu ki, vaxtilə "Fərid" komandasına yaxından sponsorluq da edib.

Dəyərli ziyalımız, vətən sevgisini daimi ruhunda gəzdirən Hüseyn müəllim 70 yaşını tamamladı. Yubileyə ən gözəl töhfə, komandalarımızın avrokuboklarda qələbələri olar... Daha bir hədiyyə - doğma Ağdaşın da komandası böyük futbola qayıdır...

Hüseyn müəllim, Sizə can sağlığı arzulamaqla yanaşı, gözəl günləriniz qarşıdakı illərdə olsun! Növbəti yubileyləri Azərbaycan millisinin dünya, Avropa çempionatlarının final mərhələlərində çıxışları ilə qeyd edəsiniz. Sizi kimi əsl dəyərlər ölkə futbolu azarkeşləri təbəqəsinin ziyalılığını yüksəklərdə qoruyub saxlayır!

100 yaşayın!

Best coffeeshop in Berlin