Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Kərim Kərimli:

Sənsizliyin 30 yaşı olur, mamaoğlu!

Pəncərəmizdən çöldə hava işıqlaşdıqca səhərin yavaş-yavaş açıldığını hiss edirəm, mamaoğlu!

Ömrüm boyu səhərəcən yatmadığım gecələr çox olub, lap çox.

Ancaq bu gecə sənin gecəndir...

Bu gecə sənsiz qaldığımız gecənin 30 ili tamam olur, mamaoğlu!

Bu gecə sənsizliyin 30 yaşı olur!

...Və düz otuz ildir ki, biz sənin necə oldğunu, başına nə iş gəldiyini bilmirik və hələ də möcüzəyə inanır və gözləyirik.

Səni öz balaları qədər sevən, nənə dediyin anam Sayad xanım da, öz anan, mənim mamam Sona müəllim də, atan Heydər kişi də səni gözləyə-gözləyə, son nəfəslərinə qədər "Əlidən bir xəbər çıxar..." ümidi ilə köçdülər bu dünyadan...

Amma səndən bir xəbər çıxmadı, Əli bəy!!!

Bu gün Füzuli cəbhəsində misilsiz qəhrəmanlıqlar göstərmiş igid döyüşçü, hamının "Ujas Əli" kimi tanıdığı Hüseynov Əli Heydər oğlunun itkin düşməsinin 30 ili tamam olur...

Hələ də gözlərimiz yolda, qulağımız səsdədir...

Ümid edirik ki, torpaqlarımızı işğaldan azad edən və Qarabağı dirçəldən dövlətimiz hazırda itkinlər məsələsi ilə də ciddi məşğul olur və bundan sonra daha ciddi məşğul olacaq və indiyədək qaranlıq qalan məsələlərə aydınlıq gətiriləcək...

Pəncərəmizdə bu anlar işıqlaşan səhər kimi...

Best coffeeshop in Berlin