Məmməd Əvəzoğlu:
Dostuyam
Göz yorulmur gözəllikdən, gözəldən,
Dağın, daşın vurğunuyam əzəldən,
Zövq alıram hətta quru xəzəldən,
Gözəlliyi duyanların dostuyam.
İnsan oğlu düşər dara, çətinə,
Əyri yolu öyrətmə heç itinə,
Haram yemə Allahın hörmətinə!
Günahını yuyanların dostuyam.
Nökər olma ilan dili haçaya,
Təzim elə əqli səndən ucaya,
Yolda əl tut kimsəsizə, qocaya,
Xalqa hörmət qoyanların dostuyam.
Kişi odur ədaləti yaşada!
Beş gün ömrü adam kimi yaşa da!
İnsan oğlu həyat verər daşa da!
Qan-qadadan doyanların dostuyam.
Böyüklərin qabağında uşağam,
Paxıllıqdan, xəbislikdən uzağam,
Sizin kimi mən də beş gün qonağam,
Məni dostu sayanların dostuyam.
Məmməd Əvəzoğlu


