Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

(hekayə)

Uşaqlığım kənddə tək yaşayan nənəmin yanında keçib.

Nənəm iki qızını köçürmüş, iki oğlu da ailələri ilə şəhərdə yaşayırdılar.

Mən onun birinci nəvəsi idim. Adımı da özü qoymuşdu. Sonralar bildim ki, nənəm çox sevdiyi və uşaq vaxtı xəstəlikdən rəhmətə getmiş ilk oğlunun adını təkrar mənə qoyub.

O, hərdən məni ağıllı nəvəm,hərdən də gözəl balam deyə çağırirdı.Nənəmin ikiqat sevgisinin içindəydim.

Mənim nənəmə olan sevgim

sonsuz idi.

Uşaqlıqda tez- tez xəstələnərdim. Qəfil yaranan öskürəyim boğulmaya səbəb olurdu. Hadisə elə sürətlə inkişaf edirdi ki, həkim haqqında düşünməyə vaxt belə olmurdu. Nənəm bu hal üçün sonradan öyrəndiyi bir türkəçarə üsul tətbiq edirdi. O, həmişə özü ilə gəzdirdiy ülgüc ilə başımın ön nahiyəsinin dərisini dərindən çərtirdi. Qanın fışqırmağı ilə boğulmağım eyni zamanda kəsilərdi. Nənəm güclü və hökmlü idi, bir sözünü iki edən olmazdı. Bəy qızı idi, belə vərdiş eləmişdi.

Sevimli nəvəsinin başını qan fışqırana qədər çərtməyi də bacarırdı nənəm.

Hər dəfə də başımı çərtəndə hökmlə də ucadan kiməsə xitabən deyərdi: Bu balamı sənə verməyəcəyəm, bunu yaxşı bil!

Orta məktəbdə başımı atamın tapşıriğı ilə keçəl qırxdıranda dəllək başımdakı çapıqlara təəccüblənmiş, onları saymışdı da. On iki çapığımın olduğunu yadda saxlamışdım.

Sonralar, nənəm nəvələrinin alnından bir- bir öpəndə,hərəmizi bir cür əzizləyərdi. Mənə çatanda alnımdan öpməzdi, başımi bir az da əyər çapıq olan yerləri incə öpər və deyərdi; mənim ağıllı nəvəm,mənim gözəl balam. Bu çapıq yerləri nənəmin Əzraillə vuruşduğu döyüş meydanı idi.

İgid nənəm Əzraili on iki dəfə bu meydandan çəkilməyə məcbur etmişdi. Mənim qoçaq nənəm Əzraili on iki dəfə bu meydandan əliboş geri qaytarmışdı.

Mən hər dəfə nənəmin əllərini öpəndə onun sonsuz sevinclə dolu gözlərinin dərinliyində Əzrailə bir dəfə məğlub olduğunun kədərini həmişə sezərdim…

Hümbət Həsənoğlu